AZ

Almaniyada hər il bu qədər işçiyə EHTİYAC VAR – STATİSTİKA

Əmək miqrasiyası qanunvericiliyində edilən son islahatlara baxmayaraq, Almaniya hələ də ixtisaslı işçi çatışmazlığı ilə üzləşir.

Yenicag.az xəbər verir ki, bu barədə “Deutsche Welle” məlumat yayıb.

Yeni araşdırma göstərir ki, bu çatışmazlığı immiqrantlar doldurmalı olacaq. Bertelsmann Fondunun sifarişi ilə aparılan araşdırmaya əsasən, Almaniyanın işçi qüvvəsi 2040-cı ilə qədər əhəmiyyətli miqrasiya olmadan 10% azalacaq. Tədqiqatın nəticələrinə görə, hər il təxminən 288 min ixtisaslı xarici işçi axını olmasa, Almaniya işçi qüvvəsi bugünkü 46,4 milyondan 2040-cı ilə qədər 41,9 milyona enə bilər. 2060-cı ilə qədər isə bu rəqəm 35,1 milyona düşə bilər.

Bertelsmann Fondunun miqrasiya üzrə eksperti Suzan Şults deyib ki, orta yaşlı insanların əmək bazarını tərk etməsi böyük problemlər yaradır. O, həmçinin qeyd edib ki, Almaniyanın daxili potensialı daha da inkişaf etdirilməli və artırılmalıdır, lakin bu demoqrafik dəyişiklik immiqrasiya tələb edir”.

Daha pessimist bir proqnoza əsaslanan ikinci model 2040-cı ilə qədər Almaniyanın hər il 368.000-ə qədər immiqrant işçiyə ehtiyac duya biləcəyini, 2060-cı ilə qədər isə bu sayın 270.000-ə düşəcəyini göstərir.

Hazırda əmək miqrasiyası tələb olunan səviyyədən geri qalır. Bu səbəbdən Şults bildirib ki, maneələr aradan qaldırılmalı və immiqrantlar üçün şərait yaxşılaşdırılmalıdır. Almaniyanın əmək miqrasiyası qanunvericiliyi 2023-cü ildə ixtisaslı əcnəbi işçilərin ölkəyə cəlb edilməsini asanlaşdırmaq və daha cəlbedici etmək üçün islahat edilmişdi. Ölkənin daxili işlər naziri Nensi Feser isə “dünyanın ən müasir immiqrasiya qanunvericiliyi”ni təqdim edəcəyini vəd etmişdi.

Buna baxmayaraq, Bertelsmann Fondu yeni araşdırmasında vurğulayıb ki, əcnəbi işçilər yerli hökumətdə və biznesdə daha qonaqpərvər bir mədəniyyət və ölkədə uzun müddət qalmaq perspektivi olmadan Almaniyaya gəlməyəcəklər.

Nəsimi Ələsgərli

Seçilən
10
yenicag.az

1Mənbələr