AZ

Ehtiyatda olan zabitlər onlara ayrılan pullarını verilməsi tələbi ilə etiraz aksiyası keçiriblər

Noyabrın 26-da Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin ehtiyatda olan zabitləri etiraz aksiyası keçiriblər.

Zabitlər deyirlər ki, 44 günlük müharibədə iştirak ediblər, yaralanaraq ehtiyata buraxılıblar.

Onların sözlərinə görə, aksiyanın səbəbi onlara ayrılan pulların verilməməsidir: "Cənab Prezidentin sərəncamına əsasən, ehtiyata buraxıldığımıza görə bizə 36 aylıq birdəfəlik kompensasya ödənilməlidir".

Hərbiçilər bildiriblər ki, bir müddət əvvəl məsələni Prezidentin hərbi məsələlər üzrə köməkçisi Fərid Seyidovun diqqətinə çatdırıblar: "Məlum olub ki, bu pul bizə şamil edilir. Aidiyyəti orqanlara tapşırıq verilib ki, məsələ təcili şəkildə öz həllini tapsın. Müdafiə Nazirliyinin tabeçiliyində olan Maliyyə-Büdcə İdarəsindən də noyabrın 17-də bizə bildirilib ki, sənədlərimiz qaydasındadır, imzalanıb və pul 15-20 gün ərzində hesabımıza oturacaq. Amma bu, yalan məlumat idi. Sən demə, bu idarə nazirliyin hospitalına sorğu göndərib ki, bizləri yenidən müayinə etsinlər".

Aksiya iştirakçıları qeyd ediblər ki, onlar Müdafiə Nazirliyi tərəfindən əlilliyi təsdiq edilmiş hərbi qulluqçulardır və buna dair bütün sənədləri var: "Amma yenə də bizdən yenidən müayinədən keçməyimizi istəyirlər. Bu gün bizim haqqımızı tapdalayırlar. 36 aylıq əmək haqqından söhbət gedir. Bu gün də həmin pulu mənimsəyirlər". 

Məsələ ilə bağlı Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Seçilən
13
turan.az

1Mənbələr