Almaniya hökuməti artan beynəlxalq təhlükələr və dünyada davam edən müharibələr fonunda sığınacaqlar şəbəkəsi yaratmağı planlaşdırır. Manset.az bu barədə alman nəşri "Bild"-ə istinadən xəbər verir. Məlumata görə, bu qərar müxalifətin və Federal Mülki Müdafiə Agentliyinin ola biləcək bir hücum və ya müharibə riskinə qarşı sığınacaqlar hazırlaması mövzusunda xəbərdarlıq etməsindən sonra verilib. Qəzetin yazdığına görə, Rusiya prezidenti Vladimir Putin Qərbə qarşı tədbir görəcəyini açıqlamasından sonra ehtiyat səbəbilə vətəndaşlara ən yaxın sığınacağa qədər olan məsafəni göstərmək üçün mobil proqram hazırlanacaq. Hökumət həmçinin Almaniya vətəndaşlarını qarajlarında və zirzəmilərində sığınacaqlar yaratmağa təşviq etməyi hədəfləyir. Həmçinin metro stansiyalarında da sığınacaqların yerləşdirilməsi nəzərdə tutulur.