AZ

COP29: Azərbaycanın qlobal liderliyinin və təşkilati səriştəsinin parlaq nümunəsi

2024-cü ildə Azərbaycan dünya arenasında növbəti əlamətdar uğura imza atdı. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ölkəmizdə yüksək səviyyədə təşkil olunaraq həm məzmun, həm də təşkilati aspektlər baxımından tarixə düşdü. Bu tədbir Azərbaycanın beynəlxalq iqlim siyasətində liderlik mövqeyini təsdiqləməklə yanaşı, təşkilati səriştəsini və inklüziv yanaşmasını da nümayiş etdirdi. Həmin uğurların əsas məqamları və onların Azərbaycan üçün yaratdığı geniş perspektivlərin təhlilinə nəzər salaq.

Qlobal səviyyədə təşkilati mükəmməllik nümunəsi

COP29-un əsas mövzusu olan enerji keçidinə, həmçinin iqlim maliyyəsinə həsr edilmiş müzakirələrdə Azərbaycan dünya ictimaiyyətinə müasir və realist bir model təqdim etdi. Bu konfrans çərçivəsində Prezident İlham Əliyev iqlim dəyişikliyinə qarşı mübarizədə ölkəmizin qarşıya qoyduğu prioritetləri bəyan edərək əsasən aşağıdakı məqamları vurğuladı:

• “Yaşıl enerji” strategiyası. Azərbaycanın enerji sektorunda yenilənə bilən mənbələrə keçid prosesini sürətləndirməsi. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur ərazilərinin “Yaşıl enerji zonası” olaraq təqdim edilməsi dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılandı.

• Transregional əməkdaşlıq. Azərbaycanın Avropa, Orta Asiya və Yaxın Şərqlə birgə enerji layihələri vasitəsilə strateji tərəfdaşlıq qurması konfrans iştirakçılarında heyranlıq doğurdu.

Bakı şəhərində təşkil olunan tədbir qlobal səviyyədə təşkilati mükəmməllik nümunəsi oldu. Tədbirin keçirildiyi Bakı Olimpiya Stadionunda qurulan innovativ ekoloji məkanlar, sıfır tullantı prinsiplərinə əməl olunması və karbon emissiyasının minimallaşdırılması tədbirin əsas üstünlükləri sırasında idi. Konfransın ən vacib məqamlarından biri əlilliyi olan şəxslər üçün inklüziv mühitin yaradılması oldu. Azərbaycan bu sahədə beynəlxalq standartlara tam uyğun şəkildə tədbirlər gördü:

• Konfransda işarət dili tərcüməçiləri, taktil xəritələr və əlil arabası istifadəçiləri üçün xüsusi nəqliyyat xidmətləri təmin edildi.

• Xüsusilə əlilliyi olan könüllülərin prosesdə fəal iştirakı Azərbaycanın sosial siyasətinin humanistliyini nümayiş etdirdi.

Dünyanın baxış bucağı. COP29 həm müzakirə, həm də liderlik modeli

COP29 Azərbaycanı beynəlxalq səviyyədə həm müzakirə platforması, həm də liderlik modeli kimi tanıtdı. Bir çox iştirakçı dövlətlərin nümayəndələri Azərbaycanın təşəbbüslərini yüksək qiymətləndirdilər. Avropa və Asiya ölkələrinin nümayəndələri Azərbaycanın enerji tranziti sahəsindəki əməkdaşlıq perspektivlərini xüsusi olaraq vurğuladılar. Konfrans çərçivəsində Bakı Maliyyə Məqsədi (BMG) barədə razılıq əldə olundu, Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi, İtki və Zərər Fondu tam şəkildə institutlaşdırıldı, Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı.

COP29 Azərbaycanın turizm və investisiya potensialını artırmaqla yanaşı, ölkənin qlobal enerji bazarındakı mövqeyini möhkəmləndirdi. Konfrans çərçivəsində enerji layihələri üçün ilkin razılaşmalar əldə olundu, “Yaşıl enerji” sahəsində birgə istehsal üçün beynəlxalq tərəfdaşlarla 5 əməkdaşlıq müqaviləsi imzalandı. Azərbaycanın təşkilati bacarığı, mədəni irsi və qonaqpərvərliyi yüksək qiymətləndirildi. Bu, ölkəmizin beynəlxalq arenadakı mövqeyini daha da gücləndirdi. Konfrans Azərbaycanın daxili iqlim strategiyasına da təkan verdi. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin ekoloji bərpası çərçivəsində “ağıllı şəhər və kənd” konsepsiyalarının tətbiqi genişləndirildi.

Azərbaycan və COP29: Qlobal nüfuzun zirvəsi

COP29 Azərbaycan üçün sadəcə bir beynəlxalq tədbir deyil, həm də ölkəmizin qlobal liderlik qabiliyyətinin nümayişi oldu. Bu konfrans iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə töhfə verməklə yanaşı, Azərbaycanın iqtisadi, sosial və siyasi sahələrdə gələcək inkişafı üçün möhkəm bir platforma yaratdı. Dünya Azərbaycanın bu uğurunu gördü və bunu yüksək qiymətləndirdi. Azərbaycanın qlobal liderlik rolunu davam etdirməsi iqlim dəyişikliyi ilə mübarizədə, yeni perspektivlər açır və bu, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır:

• COP29 çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Yaşıl enerji” sahəsində 5 beynəlxalq əməkdaşlıq müqaviləsi imzalanıb.

• Konfransın təşkilində sıfır tullantı prinsiplərinə əməl olunub və əlilliyi olan şəxslər üçün tam inklüziv mühit yaradılıb.

• Qarabağ və Şərqi Zəngəzur bölgələrinin “Yaşıl enerji zonası” olaraq təqdim edilməsi beynəlxalq səviyyədə rəğbət qazanıb.

• Konfransda Azərbaycanın “ağıllı şəhər və kənd” konsepsiyaları geniş müzakirə edilib və beynəlxalq diqqət qazanıb.

• Bakı Olimpiya Stadionunda təşkil olunan tədbir sıfır karbon emissiyası ilə tarixə düşüb.

• COP29 çərçivəsində iqlim maliyyəsinə dair konkret həllər üzrə qlobal səviyyədə konsensus əldə olunub.

• Konfransın keçirilməsi Azərbaycanın turizm və investisiya potensialını əhəmiyyətli dərəcədə artırıb.

• Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bərpasında innovativ yanaşmaları ön plana çəkib.

• Tədbirdə müxtəlif ölkələrin nümayəndələri Azərbaycanın təşkilatçılığını yüksək qiymətləndirib.

Seçilən
18
ekologiya.az

1Mənbələr