AZ

Əgər Zəngəzur varsa…!

Dekabrın 5-6-da Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə «Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi» mövzusunda keçiriləcək ikinci beynəlxalq konfransda xalqımızın əsrlər boyu məruz qaldığı etnik təmizləmə siyasəti, qırğınlar, soyqırımlar, siyasi, ekoloji terrorlar, tarixi abidlərimizə qarşı törətdilən vəhşiliklər, soydaşlarımızın doğma torpaqlarına qayıdış hüququnun sülh yolu ilə rəsmiləşdirilməsi məsələləri müzakirə ediləcək

Qərbi Azərbaycan İcmasının inzibati binasının açılış mərasimində ötən əsrdə bir neçə dəfə daşnakların etnik təmizləmə siyasətinin, deportasiyaların qurbanı olan soydaşlarımızın ata-baba yurdlarına qayıdacağını inamla bildirən Prezident İlham Əliyevin sözləri bu gün də Ermənistanda vahimə yaradır. Həmin mərasimdəki çıxışı ilə Qərbi Azərbaycana qayıdışın yol xəritəsini müəyyənləşdirən dövlət başçımızın vurğuladığı kimi, tarixi silmək üçün azərbaycanlıların əsrlər boyu yaşadıqları şəhər və kəndlərin adlarını dəyişdirib özününküləşdirməklə, başqalarının torpaqlarına yiyələnməklə özlərinə dövlət quran ermənilərin cəhdləri baş tutmayacaq. 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki Qələbəmiz, ötən ilin sentyabrında Qarabağda separatizmə qarşı aparılan qısamüddətli antiterror tədbirləri, ən başlıcası isə xalqımızın yaddaşı, torpaq həsrətinin tükənməzliyi, Vətən sevgisi Qərbi Azərbaycana qayıdışın uzaqda olmadığını göstərir.

Əzəli, əbədi torpaqlarımız olan Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da erməniləşdirmə siyasətini aparmaqla soydaşlarımızı ata-baba yurdlarından zorla, kütləvi qırğınlar törətməklə çıxaran daşnaklar tarixdə görünməyən soyqırımlarla vəhşiliklərini davam etdirmişlər. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə tarixi torpağımız Zəngəzurun Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi, 1988-ci ildə 300 minə yaxın artıq soydaşımızın Qərbi Azərbaycandan çıxarılması xalqımıza qarşı növbəti cinayət olsa da bu gün ermənilər üçün göz yaşı axıdanlar o illəri, ən azından Xocalı faciəsini xatırlamaq istəmirlər. «Hətta səndən güclü olan qüvvə qarşısında heç vaxt geri addım atmamalısan, hər zaman öz hüququnu qorumalısan, xüsusilə doğma torpağını qorumalısan» sözləri ilə tarixi ərazilərimizə qayıdacağımız vədini verən Prezident İlham Əliyev bu ədalətsizliyə göz yummayacağını da bildirir. 1948-1953-cü illərdə azərbaycanlıların deportasiyası prosesində Azərbaycanın Mil-Muğan bölgəsində yerləşdirilən soydaşlarımızın əksəriyəti Vətən həsrətinə, iqlim dəyişikliyinə dözməyərək vəfat etdi. 1905, 1918-ci illərdə azərbaycanlı əhalini qorxutmaq və doğma yurdlarından qovmaq məqsədi ilə törədilən kütləvi qırğınlar, tarixi Azərbaycan torpaqları olan Qarabağa və Zəngəzura XIX əsrin əvvəllərindən başlayaraq erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi, yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli yurdlarından köçürülməsi xalqımıza qarşı erməni təcavüzünün qanlı səhifələridir” . «Əgər Şərqi Zəngəzur varsa, deməli Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Demişəm ki, biz oraya qayıtmalıyıq. Bunu hələ on il bundan əvvəl demişəm. Mənim çıxışlarım hamısı mətbuatda var. Demişəm ki, bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq və qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz. Mütləq qayıdacağıq, çünki bunun başqa yolu yoxdur» söyləyən dövlət başçımız torpaqlarımızın itirilməsi ilə heç vaxt razılışmayacağımızı da bildirir.

Ötən əsrin sonlarına qədər mərhələlər üzrə aparılan etnik təmizləmə nəticəsində Qərbi Azərbaycanda ancaq azərbaycanlıların yaşadıqları 300-dən çox şəhər və kənd 3 il ərzində boşaldıldı. Soydaşlarımızın əmlakları , yaşadıqları evlər erməni dığaları tərəfindən mənimsənildi. Xalqımıza qarşı törədilən erməni qəddarlığı heç bir sözlə ifadə olunmayan qədər dəhşətli vəhşiliklər idi. Qarabağın və Şərqi Zəngəzurun işğalı isə xalqımızın məruz qaldığı ən ağrılı faciəmiz idi. «Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər» sözləri ilə ATƏT-i , Avropa İttifaqını (Aİ) Fransanı, Almaniyanı, ermənipərəst dairələri ikili standartlardan əl çəkməyə çağıran Prezident İlham Əliyevin vurğuladığı kimi, Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisə, torpaqlarımıza sahiblənmək ruhumuzun əbədiyaşar ifadəsidir.

Guya COP29-da iştirak üçün Bakıya gələn, konfransın mahiyyətindən kənar ermənipərəst təxribatçı çıxışları ilə Azərbaycanla bağlı əsassız ittihamlar səsləndirən Almaniyanın xarici işlər naziri Annalena Berbokun bir qədər əvvəl ölkəmizdə olarkən Qərbi Azərbaycandan olan soydaşlarımızla görüş təklifindən yayınması illərdən bəri xalqımıza edilən ədalətsizliyin ifadəsidir. İşğalçı Ermənistana, separatizmə, revanşist qüvvələrə dəstək bu günlərdə də davam edir.

Artıq bütün beynəlxalq ictimaiyyət də başa düşür ki, Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış günahsız insanlardır. Amma Fransa , Almaniya kimi bəzi Qərb dövlətləri bu reallıqdan qorxaraq soydaşlarımızın doğma torpaqlarına qayıdışından isterikaya düşür, Azərbaycanın guya ermənilərə qarşı zorakılıq etməsi barədə yalan informasiyaları gerçəklik kimi qələmə verirlər. Buna görə də beynəlxalq səviyyədə fəallıq bu gün daha önəmlidir. Azərbaycanın tarixi irsinin silinməsi ilə bağlı faktların beynəlxalq ictimaiyyətə çatdırılması üçün səylərini artıran Qərbi Azərbaycan İcmasının fəallığı təqdirəlayiqdir. Azərbaycana qarşı aparılan təxribatlara qarşı etirazını bəyanatları ilə bildirən İcmanın Qərbi Azərbaycana Qayıdış Konsepsiyası üzrə müəyyənləşdirdiyi fəaliyyət istiqamətləri yol xəritəsi üzrə davam edir.

Dünyada 6000-ə qədər millət və xalq var. Bəzilərinə etnos da demək olar. Azərbaycan torpaqları hesabına özlərinə dövlət formalaşdıran ermənilər yeganə toplumdurlar ki, bu siyahıda adları yoxdur. Tarixi əraziləri, milli mənəvi-dəyərləri olmayan qəbilə kimi yaşayan insanların dövləti də olmur. Dövlət qurmaq üçün, Qərbi Azərbaycan torpaqlarını Ermənistan adlandırmaq üçün əhalinin sayı, yerli azərbaycanlılardan çox olmalı idi. Tarixi mənbələrdən, statistik rəqəmlərdən də aydın olur ki, Qərbi Azərbaycanda aborigen soydaşlarımızın sayı ermənilərdən dəfələrlə çox olub. İlk yarananda 9000 kvadrat kilometr torpağı qopardıqdan sonra yerli azərbaycanlıları sıxışdırıb deportasiyaya məruz qoyan ermənilər bilməlidirlər ki, soydaşlarımız Qərbi Azərbaycana sülh yolu ilə qayıdacaqlar. İlk addım kimi Dərələyəzdən başlayaraq, Mehri, Göyçə, Ağbaba mahalları, Zəngəzur, İrəvan əsl sahiblərinə qovuşacaq.

Bu istiqamətdə fəaliyyətini davam etdirən İcmanın ötən il dekabrın 5-də Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günündə keçirdiyi konfrans tarixi əhəmiyyəti ilə seçildi. Həmin tarixdə «Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: qlobal kontekst və ədalətli həll»” mövzusuna həsr olunan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə iştirak etmişdi. Ənənə bu il də davam etdiriləcək. Dekabrın 5-6-da Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə «Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi»” mövzusunda ikinci beynəlxalq konfransı keçiriləcək. Konfransda Qərbi azərbaycanlıların məruz qaldıqları dəhşətlər , daşnakların törətdikləri soyqırımlar, siyasi, ekoloji terrorlar, tarixi abidələrimizə qarşı həyata keçirilən vəhşiliklər, soydaşalırmızın doğma torpaqlara qayıdış hüququnun sülh yolu ilə rəsmiləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq. Tədbirə 51 ölkədən 100-dən çox xarici iştirakçının qatılacağı gözlənilir.

Tədbirdə həmçinin, Qərbi azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə ediləcək. Hədəfimiz Zəngəzurlu, Göyçəli, Ağbabalı… Qərbi Azərbaycana, soydaşlarımızın yurdlarına qaytarılmasıdır.

«Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq» söyləyən Prezident İlham Əliyevin vədi də gerçəkləşəcək. Türk birliyini parçalamaq üçün imperiya xəyanətinin qurbanı olan Zəngəzur dəhlizi bərpa edilərək Türkiyəyə qədər uzanacaq. Türk əsrinin töhfəsi kimi həmrəyliyimizi daha da möhkəmləndirəcək.

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
44
ikisahil.az

1Mənbələr