AZ

27 ölkədən gözlənilən QƏRAR - İrəvanın ilginc HƏDƏFİ

KTMT-nin iclasında iştirakdan yenə imtina edən Ermənistan Azərbaycanla  sülh sazişini ləngitməklə Aİ-nin casus şəbəkəsinin şərti sərhədlərdə daha uzunmüddətli qalmasını hədəfləyir

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 28-də Astanada keçiriləcək sammitində iştirak etməyəcək. Bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirib.

“Erməni həmkarlar bu tədbirdə şəxsən iştirak etməkdən imtina ediblər. Bununla belə, onlar təsdiq edilməsi nəzərdə tutulan bütün sənədlərin məhdud formatda qəbul edilməsinə etiraz etmirlər”, - o qeyd edib.

Maraqlısı budur ki, Nikol Paşinyan KTMT-ni birdəfəlik tərk etməklə bağlı da mövqeyini qətiləşdirməyib. Rusiyanın çətiri altında fəaliyyət göstərən hərbi bloku tərk etməyə cürət etməyən rəsmi İrəvan Azərbaycanın və ardınca Rusiyanın xəbərdarlıqlarından sonra Avropa İttifaqının  missiyasının vaxtının uzadılmasında da tərəddüd edir.

“Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılması ilə bağlı hələ qərar yoxdur”. Bu barədə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritterin müşaviri Marek Kuberski erməni mətbuatına bildirib. “Biz bunun üzərində işləyirik. Brüsseldəki tərəfdaşlarımız bunu bütün Aİ ölkələrinin paytaxtları ilə məsləhətləşərək hazırlayır, çünki qərar Avropa İttifaqının bütün 27 üzvü tərəfindən veriləcək. Biz artıq İrəvandakı Ermənistan hakimiyyəti ilə,  vətəndaş cəmiyyəti təşkilatları ilə məsləhətləşmələr aparmışıq. Bizim mandatımız gələn il fevralın 19-da başa çatır, ona görə də bundan sonra nə edəcəyimizlə bağlı qərar verməliyik”, - Kuberski bildirib.

Belə görünür ki, İrəvan Azərbaycanla  sülh sazişini  ləngitməklə Aİ-nin casus şəbəkəsinin şərti sərhədlərdə daha uzunmüddətli qalmasını həfəfləyir. Yada salaq ki, rəsmi Bakı missiyanın sərhəddən çıxarılmasını istəyir. Prezident İlham Əliyev də  Bakı ilə İrəvan arasındakı sülhyaratma prosesində Aİ-yə etimadsızlıq doğuran faktorlardan biri kimi, məhz sözügedən missiyanı önə çəkmişdi. Belə bir təsisatın qalmasının Azərbaycan-Aİ münasibətlərində də etimadsızlıq yaratdığını vurğulayan dövlətimizin başçısı əlavə etmişdi ki,  Azərbaycanın Aİ ilə təmaslarında bu məsələ qaldırılacaq. 

Ermənistandakı “mülki” adında casus şəbəkəsinin faktiki olaraq kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olduğuna artıq şübhə qalmayıb. Bəs 27 ölkə nəyə qərar verəcək, Bakının etirazları nəticə verəcəkmi? Paşinyan KTMT-ni boykot edib, Aİ missiyasına  sığınmaqla təhlükəsizliyinə zəmanət ala biləcəkmi?

Abutalıb

Abutalıb Səmədov

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan KTMT ilə əlaqələri faktiki olaraq kəsib. Sadəcə, rəsmi şəkildə bu təşkilatdan çıxmağını hələ elan eləməyib: "Yəqin ki, əlverişli məqamda bu təşkilatı tərk etdiyini də bəyan eləyəcək. Artıq Paşinyan hökumətinin KTMT ilə arasında heç bir körpü qalmayıb. Geriyə qayıtmaq yolu da yoxdur. Çünki qurumun tədbirlərində, təlimlərində iştirak eləmir, maliyyələşdirmədən imtina eləyir, rəsmi nümayəndəsi yoxdur. Bu biri tərəfdən KTMT-nin düşmən bloku olan NATO ilə birlikdə tədbirlərdə iştirak edir. ABŞ hərbçiləri Ermənistan ərazisində təlimlər keçir. Paşinyanın KTMT-yə geriyə qayıtmaq şansı yoxdur. Rəsmi şəkildə nə zaman çıxacağını isə yəqin ki, Paşinyan hələ özü də bilmir: “Çünki o şəraitin yetişməsinə ehtiyac var. Paşinyan ümid edirdi ki, Rusiya tamamilə gücdən düşər və Ukraynada ağır məğlubiyyətə uğrayar. Lakin bu istiqamətdə proses hələlik Paşinyanın istədiyi kimi getmir, Rusiya ağır-ağır olsa da, addım-addım irəliləyir.

Avropa İttifaqının Ermənistandakı mülki missiyasına gəldikdə isə onlar da və bu prosesi müşahidə eləyən hər kəs də görür ki, bu missiyanın əslində Ermənistana heç bir faydası yoxdur. Bu missiyanın məqsədi müəyyən kəşfiyyat məlumatlarını toplamaq idi və nə qədər mümkündür bu işi gördülər. Bundan sonra yenə müddəti uzatmaq  və missiyanı daha bir müddətə Ermənistanda saxlamaq əhəmiyyətsizdir. Bunu Avropa İttifaqına daxil olan ölkələr də yəqin anlayarlar. Bir şey dəqiq aydındır ki, bu missiya Ermənistanı heç kimdən qorumur və qorumaq imkanı da yoxdur".

Konkret Rusiyaya gəldikdə isə A.Səmədov qeyd etdi ki, Rusiyanın Ermənistana təzyiq imkanları kifayət qədərdir: “Rusiya hərbçiləri müddətsiz olaraq Ermənistanın İran və Türkiyə sərhədlərini qoruyur. Onlar özləri istəməsə onları oradan çıxarmaq qeyri-mümkündür. Çünki müqavilədə müddət göstərilməyib. Rusiyanın hərbi bazası 2044-cü ilə qədər Ermənistandadır. Vaxtından əvvəl onu çıxarmaq üçün yenə də Rusiyanın razılığına ehtiyac var. Yəqin Moskva belə bir razılığı asanlıqla verməz. Ermənistanın Rusiyadan iqtisadi asılılığı da göz qabağındadır. Ermənistan-Rusiya ticarət dövriyyəsi böyük sürətlə artır. Ötən il ticarət dövriyyəsi 7 milyard dollardan artıq olmuşdu, bu il isə ikiqat artması gözlənilir. Nəzərə alsaq ki, ABŞ-ın və Avropa İttifaqının birlikdə Ermənistanın ticarət dövriyyəsindəki payı 6-7 faizdən artıq deyil, bu vəziyyətdən Rusiyanın istifadə eləmək imkanları böyükdür. Rusiyanın Ermənistana iqtisadi sanksiyalar tətbiq etməsi onun iqtisadiyyatına çox ağır zərbə vurar. Ermənistandan Rusiyaya işləməyə gedən 800 minə yaxın erməni vətəndaş var. Bu, hər il orta hesabla öz vətənlərinə onların 4 milyard dollar pul göndərməsi deməkdir. Bu da çox böyük rəqəmdir və həmin ermənilərin Rusiyadan geri qaytarılması Ermənistan üçün çox ciddi problemlər yarada bilər. Ermənistanın mühüm sənaye, enerji müəssisələri Rusiyaya məxsusdur, yaxud Rusiya tərəfindən icarəyə götürülüb. Bu da çox ciddi amildir. Rusiyadan ucuz qaz alır. Dünyada heç bir dövlət belə ucuz qazı Ermənistana satmaq fikrində deyil. Hətta İran da qazını Ermənistana Rusiyadan baha qiymətə təklif edir. Baha qaz Ermənistan üçün əlavə problemlər yarada bilər. Yəni Rusiyanın Ermənistana təzyiq imkanları həddən artıq çoxdur və o, hələ bu imkanlardan istifadə eləmək istəmir. Çünki ikinci cəbhəni açmaq istəyində deyil”.

Ekspert vurğuladı ki, ancaq Rusiya-Ukrayna müharibəsi yekunlaşmaq üzrədir, tamamilə mümkündür 2025-ci ilin əvvəllərində müəyyən razılaşma əldə olunsun. Bu razılaşma çox güman ki, Moskvanın istəklərinə uyğun olacaq. Bundan sonra Rusiyanın Ermənistanla ciddi şəkildə məşğul olmaq imkanı yaranacaq: “Bu vəziyyətdə Ermənistanı Avropa İttifaqının hansısa mülki missiyası təbiidir ki, qoruya bilməz. Rusiya çox güman heç hərbi müdaxiləyə də əl atmayacaq. Elə əlində olan rıçaqların bəzilərindən istifadə edib Ermənistan hakimiyyətini dəyişməyə cəhd göstərəcək və böyük ehtimalla istəyinə nail olacaq. Sadəcə, hələlik Paşinyandan daha nüfuzlu adam yoxdur. Rusiyanın yəqin əsas işi belə bir adamı ortaya çıxarmaqdan ibarət olacaq. Paşinyanın bundan sonra uzun müddət hakimiyyətdə qalması hesab edirəm mümkünsüzdür. Rusiya yəqin hərbi müdaxilə yolunu yox, Paşinyanı dəyişmək yolunu seçəcək”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Seçilən
22
musavat.com

1Mənbələr