AZ

Azərbaycan COP29-a sədrlik edən ölkə kimi yüksək peşəkarlıq və fədakarlıq göstərdi



Azərbaycanın COP29-a ev sahibliyi etməsi olduqca önəmli bir məsələ idi. Çünki belə bir tədbirin Azərbaycanda keçirilməsi Azərbaycanın nüfuzunun artması demək idi. Azərbaycan bunu bacardı. Çünki Azərbaycan hər zaman dünyanı narahat edən qlobal problemlərə həssaslıqla yanaşıb və öz töhfəsini verməyə çalışıb. COP29 yüksək səviyyədə keçirildi. Azərbaycanda keçirilən COP29 tədbiri, qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində bir dönüş nöqtəsi olaraq tarixə keçdi. Liderlər Sammitinin açılış mərasimində prezident İlham Əliyev bütün dünyaya ciddi mesajlar verdi.
Dünyada ekoloji fəlakətlərə səbəb müharibələrdir və Azərbaycana qarşı 30 illik işğal dövründə torpaqlarımızda həyata keçirilən ekosid və urbisid buna bariz nümunədir. Bu kimi problemlərin aradan qaldırılması üçün sülhə nail olmaq lazımdır. Nəinki Azərbaycanda, regionda, bütün dünyada əmin-amanlığı qorumaq üçün çalışmaq lazımdır.
Müharibələrin dayandırılmasında dinlərin də böyük potensialı var və bu məsələdə din liderlərinin də üzərinə məsuliyyət düşür. Azərbaycan bütün dinlərə bərabər münasibət göstərən multikultural bir ölkədir və bu da özünü COP29-da dünya üzrə dini liderlərin sammitində özünü bir daha göstərdi.
İqlim dəyişiklikləri ilə mübarizə qlobal məsələdir və həlli asan məsələ deyil. Azərbaycan COP29-a sədrlik edən ölkə kimi yüksək peşəkarlıq və fədakarlıq göstərdi. 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Qarşıda iqlim hədəflərimizə çatmaq üçün hələ çox iş var.
Azərbaycan üzərinə düşəni etdi və çalışdı ki, bu proses maksimum dərəcədə irəliyə doğru getsin.Bundan sonrası məsuliyyət daşıyan dövlətlərin üzərinə düşən öhdəlikləri yerinə yetirməsindən asılıdır. Azərbaycan üzərinə düşəni etdi, bunun da nəticəsi olacaq. Proses davam etməlidir. Dövlətlər çalışmalıdırlar ki, bu məsələni tənzimləsinlər və qaydaya salsınlar. Bu problem bir ölkənin deyil, bütün dünyanın problemidir. Bu səbəbdən, belə bir mövqe ortaya qoymalıyıq. Sonrakı mərhələdə dövlətlər öz öhdəliklərini nəzərə alacaq və buna uyğun addımlar atacaqlar.
Azərbaycanın "yaşıl enerji" sahəsindəki təşəbbüsləri və ekoloji layihələri, beynəlxalq aləmdə böyük maraqla qarşılandı. Bu tədbir, Azərbaycanın həm ekoloji cəhətdən, həm də iqtisadi baxımdan dayanıqlı inkişafın təmin olunması istiqamətində atdığı addımların daha geniş müstəvidə qəbul edilməsinə imkan yaratdı. COP29-un nəticələri, dünya səviyyəsində iqlim dəyişikliyinə qarşı mübarizənin sürətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Azərbaycan bu prosesin tənzimlənməsinə doğru gedəcək və müəyyən nəticələr əldə ediləcək.

Ceyhun Məmmədov, Milli Məclisin deputatı
Seçilən
16
4
newscenter.az

5Mənbələr