AZ

Çərşənbə axşamı G7 ölkələrinin aparıcı diplomatları Rusiyanın Ukraynaya qarşı son eskalasiyasını qətiyyətlə pisləyərək Kiyevə "daimi dəstək" vəd ediblər, Turan-ın Vaşinqton müxbiri bildirib.

"Bir çox ölkənin Ukraynanın müdafiəsinə cəlb edilməsinin səbəbi odur ki, Rusiyanın təcavüzü təkcə Ukraynaya və onun xalqına qarşı deyil. Bu, beynəlxalq təhlükəsizlik sisteminin əsasında duran prinsiplərə, Birləşmiş Millətlər Təşkilatının  Nizamnaməsinə,  suverenlik, müstəqillik və ərazi bütövlüyü kimi anlayışlara qarşı təcavüzdür", - ABŞ dövlət katibi Entoni Blinken öz çıxışında bildirib.

"Reallıq belədir: Ukrayna bizim üçün mübarizə aparır. O, təkcə özü üçün mübarizə aparmır; o, bizim üçün mübarizə aparır", —  Blinken çərşənbə axşamı G7 sammitinin yekunlarına dair mətbuat konfransında bildirib, bu səfərdə dövlət katibini müşayiət edən Turan-ın müxbiri məlumat verib.

G7- Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ Ukraynaya fəal yardım göstərsə də, beynəlxalq birlik ABŞ-ın gələcək prezidenti Donald Trampın ABŞ-ın mövqeyini dəyişəcəyindən narahatdır.

"Ukraynaya dəstək bizim mühüm milli maraqımızdır", - Blinken deyib.

"Biz beynəlxalq hüququ dəstəkləyirik, müharibələrin olmayacağı, sülh və sabitliyin olacağı  sistemi dəstəkləyirik" , - o davam edib.

G7-nin aparıcı diplomatları yekun bəyanatda qeyd ediblər ki, ilin sonuna qədər Rusiyanın dondurulmuş aktivlərindən 50 milyard dollar həcmində vəsaitin ayrılmasına başlayacaqlar.

Onlar həmçinin Rusiyanın sanksiyalardan yayınmasına kömək edən qruplara qarşı hərəkət edəcəklərini vəd ediblər.

G7-nin aparıcı diplomatları Şimali Koreyadan Rusiyaya  dəstəyi də pisləyiblər. Bu, münaqişə zonasının genişlənməsinə və Hind-Sakit okeanı regionunda vəziyyətin kəskinləşməsinə səbəb ola bilər. Nazirlər Çini Şimali Koreyaya təzyiq göstərməyə çağırıblar.

Seçilən
17
turan.az

1Mənbələr