AZ

Halil Atlı: “Çempionata uğurlu başlayacağımızı bilirdim” - MÜSAHİBƏ

"Gəncə"nin baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasında ilk 3 turu dəyərləndirib.

- Əvvəlcə ilk üç tura nəzər salaq. Bu cür start planlaşdırırdız?
- Bütün oyunlarda qələbə qazandığımızdan istədiyimiz şəkildə irəlilədiyimizi deyə bilərik. Əslində planlama nöqtəsində çempionata uğurlu başlayacağımızı bilirdim. Önəmli olan bunu komandaya inandırmaq, kollektivi yaxşı hazırlaşdırmaq idi. Həm fiziki, həm də texniki cəhətdən keyfiyyətli hazırlaşdığımızı düşünürəm. İlk turlarda rəqiblərimizi də uyğun şəkildə analiz etdik. Oyunçular vurğuladığımız detallara düzgün yanaşıb bacardıqlarını etdilər. Ona görə deyə bilərəm ki, əvvəldən planlaşdırdığımız yerdəyik.

- Sizi oyun planında sevindirən nə oldu?
- Hər bir komandanın özünəməxsus oyun sistemi var. Ona görə bizim digərlərindən hər hansı bir şeyi daha yaxşı bacardığımızı deməyim düzgün olmaz. Amma məni ilk üç matçda sevindirən məqam hər oyunda öz sistemimizdə müəyyən dəyişikliklər etməyimiz və basketbolçuların buna tezliklə uyğunlaşması, tapşırıqları meydanda həyata keçirməsi oldu.

- “Gəncə” sona qədər liderliyi əlində saxlaya biləcək?
- Lider mövqeyinə çıxmaq və orada qalmaq çox çətindir. Tutduğumuz yeri qorumaq çox önəmlidir və biz bunu etməyə çalışacağıq. Hamımızın hədəfi budur. Liqa uzun bir marafondur. Qarşıda çox oyunlar var. Zaman keçdikcə rəqiblər bir-birini daha yaxından tanıyacaqlar. Ona görə indidən dəqiq bir şey demək çox tezdir. Amma qarşımıza qoyduğumuz hədəf var. Basketbolçular buna doğru irəliləyirlər. Onlar oyunları ilə mənə inam verirlər. Qarşımızda duran ilk vəzifə öncədən də dediyim kimi, “Gəncə”ni yenidən pley-offa daşımaqdır. Sonrasına addım-addım baxacağıq.

- Çempionatda yaranan fasilə komandanızın xeyrinə oldu?
- Fasilə müddətinə mövsüm öncəsi hazırlıq dövrü kimi yanaşdıq. Məncə, bizim üçün yaxşı keçdi. Fiziki gücümüzə güc qatdıq. Daha yaxşı edə biləcəyimiz işlərin üzərində çalışdıq. İnkişaf etdik. Yoxlama oyunu keçirə bilməməyimiz bir az məni üzür. İstənilən halda, düşünürəm ki, fasilə dövrü bizim üçün hazırlaşmaq baxımından yaxşı fürsət oldu.

- Növbəti tur Gəncədə türk məşqçilərin qarşıdurması olacaq. Nizami yurdu üçün yad sima olmayan Bedri Meriçin “Şəki”sinə qarşı matçdan nə gözləyirsiniz?
- Bəli, Bedri hoca bu şəhər üçün doğmadır. Ötən mövsüm “Gəncə”nin məşqçisi olaraq burada gözəl münasibətlər qurub. İndi onu və komandasını qonaq edəcəyik. Ümid edirəm ki, yaxşı oyun olacaq.

İdman.biz

Seçilən
18
1
idman.biz

2Mənbələr