AZ

"Gürcü Arzusu" prezidentliyə namizədini açıqladı - Məşhur futbolçu...

Mixail Kavelaşvili Gürcüstanın hakim Gürcü Arzusu-Demokratin Gürcüstan Partiyasından prezidentliyə namizəd olub.

Qaynarinfo xəbər verir ki, bu barədə partiyanın fəxri sədri Bidzina İvanişvili bildirib.

"Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, "Gürcü Arzusu"nun siyasi şurasının qərarına əsasən, Mixail Kavelaşvilinin Gürcüstan prezidenti vəzifəsinə namizədliyi irəli sürülür", deyə İvanişvili qeyd edib.

İvanişvili xatırladıb ki, Gürcüstanda ilk dəfə seçkilər dolayı yolla keçirilir:

"Dekabrın 14-də Gürcüstan prezidenti 300 üzvdən ibarət seçki kollegiyası tərəfindən seçiləcək, bizim siyasi partiyamız "Gürcü Arzusu" gürcü xalqının qərarı əsasında çoxluq təşkil edir".

O qeyd edib ki, buna əsasən, ilkin olaraq Gürcüstan prezidenti postunu "Gürcü Arzusu"nun dəstəklədiyi namizədin tutacağı bəlli olur.
Eyni zamanda İvanişvili bəyan edib ki, Kavelaşvilinin ictimaiyyətə hər hansı xüsusi təqdimata ehtiyacı yoxdur:

"O, uzun illər Gürcüstanın ləyaqətini bir idmançı kimi qoruyub. O, bir çox ölkələrin dəfələrlə çempionudur. Onun idman karyerası Tiflis "Dinamo”su, "Alaniya Vladiqafqaz”, "Mançester Siti” və İsveçrənin aparıcı futbol komandaları ilə bağlıdır".

İvanişvili qeyd edib ki, siyasi fəaliyyətə başlamazdan əvvəl Mixail Kavelaşvili həmişə ölkə üçün vacib olan bütün məsələlərdə öz prinsipial mövqeyini barışmaz şəkildə ifadə edib:

"Son səkkiz ildə Mixail Kavelaşvili uğurlu siyasi fəaliyyətlə məşğul olub, xüsusən də son bir neçə ildə Gürcüstanın milli maraqlarının qorunmasına böyük töhfə verib".

Mixail Kavelaşvili futbol üzrə Gürcüstan milli komandasının keçmiş hücumçusudur. 2016-cı ildən Gürcüstan parlamentinin üzvüdür. 20 mart 2024-cü ildən Xalqın Gücü Partiyasının siyasi katibidir.

Kavelaşvili 22 iyul 1971-ci ildə Bolnisidə anadan olub. 1989-cu ildə Tiflis Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub və 1990-cı ildə onun uğurlu idman karyerası başlayıb.

1988-ci ildən 1995-ci ilə qədər futbolçu Tiflis "Dinamo"sunda çıxış edib, daha sonra Vladiqafqazın "Alaniya"sına keçib, "Mançester Siti", "Qraşofer" və bir sıra digər Avropa klublarında çıxış edib.

O, peşəkar məşqçilik fəaliyyəti ilə məşğul olmaq üçün UEFA lisenziyasına malikdir və futbol sahəsində mütəxəssisdir. 

Kavelaşvili bir neçə deputatla birlikdə 2022-ci il iyunun 28-də "Gürcü Arzusu"nu tərk edib. Deputatlar bu qərarı əsasən dəstəklədikləri hakim partiyanı yöndəmsiz vəziyyətə salmadan öz fikirlərini sərbəst ifadə etmək istəyi ilə izah ediblər. "Xalqın Gücü" dəfələrlə ABŞ səfirliyi və keçmiş səfir Kelli Deqnanı Gürcüstanda qondarma "ikinci cəbhə" açmaq, "Gürcü Arzusu"nu devirmək və Vahid Milli Hərəkatı hakimiyyətə qaytarmaq istəməkdə ittiham edib. Partiya üzvləri anti-Qərb bəyanatları ilə tanınırlar.

Aydın
Seçilən
2
1
qaynarinfo.az

2Mənbələr