“Real”ın yarımmüdafiəçisi Cud Bellingem “Qızıl top” mükafatının 2024-cü il üçün səsverməsinin nəticələri ilə bağlı fikrini açıqlayıb.
Arena.az ingilis futbolçunun bu barədə fikrini təqdim edir:
“Biz ötən mövsüm UEFA Çempionlar Liqasını qazananda bu, bizim “Qızıl top”umuz idi. Bu, Avropanın ən yaxşı komandası olduğumuzun etirafı idi. Mənim üçün bu, kifayətdir”, deyə Bellingem vurğulayıb.
Xatırladaq ki, Cud Bellingem “Real”a 2023-cü ilin iyun ayının əvvəlində Dormund “Borussiya”sından keçib. “Kral klubu” ingilis yarımmüdafiəçinin transferi müqabilində 103 milyon avro məbləğində xərc çəkib. Cud İspaniya nəhəngi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb.
Gənc ingilis futbolçunun Madrid klubundakı çıxışı elə, ilk mövsümdəcə uğurlu alınıb. 2023/2024-cü illər mövsümündə Bellingem “Real”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 23 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.
Cari mövsümdə isə Bellingem “Real” üçün 14 oyun keçirib, 2 qol vurub, 4 məhsuldar ötürmə verib. Hücumameyilli yarımmüdafiəçinin “Real”ın heyətindəki ümumi göstəriciləri belədir: 56 oyun, 25 qol və 17 məhsuldar ötürmə.
Bellingem elə, ilk mövsümündəcə “Real”la İspaniya Super Kubokunun (2024), İspaniya La Liqasının (2023/2024), UEFA Çempionlar Liqasının (2023/2024) və UEFA Super Kubokunun (2024) qalibi olub.
Cud Bellingem 2020-ci ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 40 oyun keçirib, 6 qol vurub və 9 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 21 yaşlı ingilis yarımmüdafiəçinin transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.