ABŞ 5-ci nəsil F-35 döyüş təyyarələrini Türkiyəyə təhvil verə bilər.
“Poliqon” xəbər verir ki, bu sözləri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
Türkiyənin ABŞ-da 6 ədəd F-35 qırıcısının olduğunu söyləyən Y.Gülər vurğulayıb ki, ABŞ tərəfi Türkiyənin KAAN döyüş təyyarəsini inkişaf etdirdiyini gördükdən sonra fikirlərini dəyişib və indi özləri F-35 qırıcılarını Türkiyəyə verə biləcəklərini bildirirlər.
Milli müdafiə naziri Türkiyənin yenidən F-35 proqramının istehsal prosesinə qayıdıb-qayıtmaması ilə bağlı məsələyə də aydınlıq gətirib: “İndi biz həm istehsal payımızın yenidən bizə qaytarılmasında israr edirik, həm də ümumilikdə 40 ədəd F-35 almaq istədiyimizi bildiririk”.
Qeyd edək ki, 2021-ci ilin aprel ayında ABŞ tərəfi Türkiyənin F-35 proqramından rəsmi olaraq çıxarıldığını Ankaraya bildirib. Həmin vaxt 2006-cı ildə iştirakçıların imzalamsı üçün açılan və 2007-ci ilin 26 yanvarında Türkiyənin imzaladığı “Birgə Əməkdaşlıq Memorandumu” ləğv olunub, 2021-ci ildə imzalanan yeni razılaşma mətninə isə Türkiyənin adı daxil edilməyib.
“Birgə Əməkdaşlıq Memorandumu”na əsasən, Türkiyə ilk mərhələdə 100 ədəd F-35A döyüş təyyarəsi əldə etməli idi.
2018-ci ildə əvvəl 4, sonra isə 2 ədəd F-35 döyüş təyyarəsinin mülkiyyət hüquqları Türkiyəyə verilsə də, ABŞ ilə Türkiyə arasında S-400 HHM sistemi böhranın çıxması F-35-lərin təhvil verilməsinə əngəl olub. Nəticədə həmin 6 ədəd F-35 ABŞ Hərbi Hava Qüvvələri tərəfindən satın alınıb.
Sonralar Türkiyə dəfələrlə F-35-lərin və ya əvəzində qırıcılarla bağlı ödədikləri vəsaitin onlara geri verilməli olduğunu bildirsə də, bundan bir nəticə çıxmamışdır.
Ancaq bu ilin əvvəlində ABŞ dövlət katibinin müavini Viktoriya Nuland, əgər S-400 məsələsi həll olunarsa, Türkiyənin yenidən F-35 layihəsinə qayıda biləcəyini açıqlamışdır.
“Açığı, əgər biz S-400 məsələsini həll edə bilsək, ki bunu etmək istəyirik, ABŞ Türkiyəni yenidən F-35 ailəsinə qəbul etməkdən məmnun olardı. Amma əvvəlcə bu məsələni həll etməliyik”, – deyə ABŞ dövlət katibinin müavini qeyd etmişdir.