Şri-Lankada leysan yağışların səbəb olduğu daşqınlarda 6-sı uşaq olmaqla 8 nəfər itkin düşüb
Cənubi Asiyada yerləşən Şri-Lankada güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 6-sı uşaq olmaqla ümumilikdə 8 nəfərin itkin düşdüyü bildirilir.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, şiddətli yağışların səbəb olduğu sel zamanı getdikləri traktorun suya sürüklənməsi nəticəsində itən uşaq və böyüklər üçün axtarış-xilasetmə işlərinə başlanıldığı bildirilib. Son iki gündə evləri, əkin sahələrini və yolları su basan leysan yağışlar güclü külək gətirərək normal həyatı pozmağa davam edir.
Karaitivu şəhəri yaxınlığında baş verən hadisədə traktorla səyahət edən 11 məktəblidən 5-nin xilas edildiyi bildirilib. Sel nəticəsində baş verən sürüşmə zamanı bir qadın üzərinə kərpic divar uçaraq ölüb. Çərşənbə gününə olan məlumata görə, 3 mindən çox insan təxliyə edilərək mərkəzi ərazilərə köçürülüb, təxminən 600 evə ziyan dəyib. Ölkə may ayından bəri əsasən güclü musson yağışlarının səbəb olduğu ağır hava şəraiti ilə mübarizə aparır. İyun ayında daşqın və sürüşmə nəticəsində 16 nəfər həlak olub.
//Gülnarə Abasova, Editor.az