AZ

Qarabağın hansı bölgələri turizmə can verəcək? — AÇIQLAMA

"İşğaldan azad olunan ərazilərimizdə böyük turizm potensialı var. Həmin ərazilərdə kifayət qədər rekreasiya resursları var. Bu resurslar turizmin inkişafı üçün əsas şərtlərdən biridir. Məskunlaşma artdıqca, yeni marşrutlar yarandıqca insanlar Qarabağ bölgəsinə daha çox maraq göstərəcək". 

Bu sözləri Demokrat.az-a açıqlamasında "Smart Hotels Group" şirkətlərinin direktoru Ceyhun Aşurov deyib.

O bildirib: "Qarabağda təbiət, relyef müxtəlifliyinə görə elə turizmin də müxtəlif növləri üçün əlverişli şərait yaradır. İşğaldan əvvəl də həmin ərazilərdə müxtəlif sanatoriyalar, mehmanxanalar olub. 

Təmiz hava, yaşıllıq istirahət üçün şərait yaradıb. Hazırda Şuşada bir neçə otelin təməli qoyulub. Şuşada konqreslər, tədbirlər keçirilir. Xankəndidə artıq universitet fəaliyyətə başlayıb. 

Turizmin inkişafı üçün ilk növbədə təhlükəsizlik məsələləri tam həllini tapmalıdır. İnfrastrukturla bağlı ciddi işlər görülür. Yolların çəkilməsi, yaşayış yerlərinin sayının artması turizmə tövhə verəcək".

Ceyhun Aşurov qeyd edib ki, Kəlbəcər və Laçın ən çox turist cəlb edən yerlərdən olacaq: 

"Kəlbəcər ərazisinə və relyefinə görə digərlərindən fərqlidir. Ən hündür dağ rayonudur. Buna görə də ərazidə qış turizmi inkişaf edə bilər. "İstisu" zavodu fəaliyyət göstərir. Sanatoriyanın da təməli qoyulub. Gələcəkdə ərazidə əvvəllər olduğu kimi sağlamlıq mərkəzləri tikiləcək. 

Laçında ekoloji turlar təşkil oluna bilər. Ekoparklar salına bilər. Azad olan ərazilərdə 2 beynəlxalq hava limanı açılıb. Laçın hava limanının da açılması gözlənilir. Nəticədə bura turistlərin gəlməyi asanlaşacaq".


Əfsanə Kamal
Demokrat.az
Seçilən
14
demokrat.az

1Mənbələr