AZ

“Vallah, elə bil maşın idilər” – yığmanın baş məşqçisinin 0:8-ə izahı

Dünən 19 yaşadək qadınlardan ibarət yığma Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başladı. Özü də necə... B liqasının 5-ci qrupunda yer alan komanda bu çərçivədə keçirdiyi ilk oyunda İsveçrəyə biabırçı hesabla uduzdu – 0:8.

Düzdü, kişilərimiz 0:6 hesablıyla uduzursa, buna təəccüblənməyib, dərindən bir ah çəkməklə mövzunu bağlaya bilərdik. Amma qəlbimiz dözmədi və məğlubiyyətin səbəblərini araşdırmağa çalışdıq. Bu məqsədlə U-19-un baş məşqçisi Həbib Ağayevlə əlaqə saxladıq. Onun “Football-plus.az”a söylədikləri:

“İsveçrə dünya miqyasında ən güclü komandalarından biridi. Həm bizdən, həm də bizlə eyni qrupda mübarizə aparan Estoniya və Cənubi Kipr yığmalarından 3-4 qat üstündü. Belə kollektivlərlə mübarizə aparmaq olduqca çətindi. Oyundan əvvəl qızlara çox çətin sınaq qarşısında olduğumuzu dedim. Birinci hissədə bütün gücümüzü sərf etdik və fasiləyə 0:2 hesabıyla yollandıq. İkinci yarıda güc qalmamışdı. Həqiqətən belə rəqibə qarşı 90 dəqiqə tab gətirmək çox çətindi. Düzdü, ilk qol mənə şübhəli qaldı. Amma hakimlikdən narazılığım yoxdu. Ən yaxşı idarəçiliklərdən biri idi. Onsuz da İsveçrəyə qalib gəlməyimiz mümkün deyil. Bu, çox çətindi. Bütün futbolçularla birgə müdafiə olunduğumuz halda, 30-35 metr məsafədən qollar vurdular. Gah mərkəzdən, gah cinahlardan hücuma keçdilər. Çox qüvvətli zərbələri var idi. Ayıb olmasın, amma bizim heç əsas millimizdə elə fiziki və taktiki cəhətdən güclü qadınlar yoxdu, nəinki U-19-da... Vallah, elə bil maşın idilər”.

Həbib bəy digər rəqiblər haqda fikirlərini də bölüşdü:

“Məlumdu ki, favorit İsveçrədi. Düzdü, belə rəqibə favorit demək də uyğun deyil. Bu komanda başqa səviyyədədi. Estoniya və Cənubi Kiprin oyunlarını izlədim. Estoniya rəqibdən daha yaxşı oynadı, üstün idi. Düzü, növbəti oyunlarda qələbə qazanmaq haqda danışmaq çətindi. Reallıqlar var. Amma təslim olmayacağıq. Xal və xallar qazanmaq üçün bütün gücümüzü sərf edəcəyik. O başqa məsələ ki, bunu İsveçrəyə qarşı oyunda etdik”.

Bəs millimizlə rəqiblə arasında aşkar səviyyə fərqinin olması nə ilə bağlıdı? Həbib bəyi dinləyək:

“Ölkəmizdə çempionatlara hələ start verilməyib. Bura hazırlıqsız gəlmişik. Onsuz da liqaların sayı azdı. Futbolçularım tam sitədiyim formada deyil. Ehtiyat oyunçularım azdı. Ümumiyyətlə, bu yöndə qıtlıq var”.

Millimiz qrupda ikinci matçını noyabrın 29-da Estoniyaya qarşı keçirəcək. Həmin gün İsveçrə Cənubi Kipri sınağa çəkəcək.

Qeyd edək ki, estonlar ilk matçda Cənubi Kipri darmadağın edib – 3:0.

KƏNAN BAHADIR
Seçilən
26
football-plus.az

1Mənbələr