AZ

Qütbləşmənin kulminasiya nöqtəsi – Qlobal güclərin qarşıdurması nə ilə YEKUNLAŞCAQ? – TƏHLİL

Bakıda keçirilən COP29 müasir dünya tarixinə böyük hadisə kimi düşməklə yanaşı bəzi reallıqları ortaya qoydu. Məlum oldu ki, Qlobal Şimalla Qlobal Cənub arasında dərin bir uçurum yaranıb. Bu uçurumun yaxın perspektivdə aradan qaldırılması heç də inandırıcı görünmür. Çünki ölkələr çox sərt şəkildə düşərgələrə bölünür.

Qlobal Şimalda gerisayım başlayıb

Doğrudur, dünyada qarşıdurmalar və mübarizələr hər zaman olub. Lakin bu mübarizəni böyük dövlət aparıb və yaxud idarə edib. Amma indiki reallıq tam fərqlidir. Artıq böyük dövlətlər öz təsir imkanlarını böyük ölçüdə itirib. Hətta supergüc olan ABŞ da daha əvvəlki kimi əzəmətli və qətiyyətli deyil.

Bunun da bir sıra səbəbləri var. İlk faktor iqtisadi dayaqların itirilməsidir. Məsələn, ABŞ-ın dövlət borcunun həcmi rekord həddə - 35,67 trilyon dollara çatıb. Bu borc ABŞ-ın ÜDM-dən dəfələrlə çoxdur. "Fox Business" Konqresin Büdcə Bürosunun məlumatlarına istinad edərək, ABŞ-ın dövlət borcunun növbəti onillikdə 54 trilyon dollara çata biləcəyini yazıb. Nəşr qeyd edib ki, bu borc reallaşarsa, ABŞ-ın dünya səhnəsindəki statusu təhlükə altına düşəcək.

İqtisadi tənəzzül Avropada da davam edir. 2023-cü ildə Böyük Britaniyada inflyasiynın illik həcmi 5,6 faiz olub. Avropa Birliyində isə inflyasiya bir qədər zəif- 3,4 faiz olub. Nəzərə alaq ki, bu rəqəmlər Qərbin son 50 illik tarixində qeydə alınmayıb. Bu da o deməkdir ki, vəziyyət kifayət qədər ciddidir. Fransa, İtaliya, Polşa və digər ölkələrdə büdcə kəsirinin həcmi ilbəil böyüyür.

Dünya böhran vəziyyətindədir.

Nəzərə alaq ki, əvvəlki dövrlərdə Qərb dünyanın qalan hissəsini talayıb və bu hesaba da öz iqtisadiyyatlarını ayaqda saxlayıblar. Ancaq Qərb, xüsusən də ABŞ dünyanı daha əvvəlki kimi idarə edə bilmir. Artıq əksər dövlətlər Qərbin asılılığından xilas olmaq istəyir. Nəticədə, Qlobal Şimala qarşı Qlobal Cənub  cəbhəsi formalaşır.

Bu gün Qlobal Cənubun ən güclü aktorları olan Rusiya, Çin, Hindistanın və digər ölkələr daha inamlı təsir bağışlayır. Çin ÜDM-nin həcminə görə ABŞ-ı birincilikdən sıxışdırıb çıxarmaq üzrədir. Təsadüfi deyil ki, dünyanın ən böyük əmtəəçisi bu gün Çindir.

Hindistan ÜDM-nin həcminə görə dünya üçüncüsünə çevrilir. Rusiya isə Qərbin iqtisadi sanksiyalarına rəğmən öz iqtisadiyyatını yenidən qurur  və Qərbə hər sahədə meydan oxuyur.

COP29 yeni reallıqları ortaya qoydu.

Məlum oldu ki, dünyanın idarə olunmasında dərin böhran var. Hətta BMT  proseslərdən kənarda qalıb. Amma yeni güclər proseslərə daha çox təsir göstərmək iqtidarındadır. Tək bir faktı deyək ki, COP29-da inkişaf etmiş ölkələr inkişaf etməkdə olan və yoxsul ölkələrə iqlim maliyyəsi göstərməkdə o qədər də maraqlı olmadıqlarını ortaya qoydular.

BMT-nin çağırışları da bunun üçün yetərli olmadı. Yalnız Azərbaycanın məsələyə müdaxiləsindən, aparılan diplomatik danışıqlardan sonra inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard dollarlıq iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşması elan edildi. Bu, COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyəti nəticəsində baş tutdu.

Tək bu fakt onu göstərdi ki, Azərbaycan kimi inkişaf etməkdə olan dövlətlər bu gün sivilizasiyaya daha çox fayda verir. Üstəlik, Azərbaycan kimi dövlətlər daha ədalətli və prinsipialdır. Çünki Azərbaycanın ABŞ və digər böyük dövlətlər kimi dünya ağalığına iddialı deyil. Azərbaycan daha çox dünyanın ədalətli idarəolunmasına və neokolonizmə son qoyulmasına çalışır. Azərbaycanın bu ideyaları və bu istiqamətdəki mübarizəsi inkişaf etməkdə olan və yoxsul ölkələr tərəfindən razılıqla qarşılanır.  

Azərbaycan COP29-da Qərbin başqa ölkələrə qazanc mənbəyi kimi baxmaq siyasətini çılpaqlığı ilə ortaya qoydu. Azərbaycanın qətiyyəti həm də digər tərəfi - inkişaf etməkdə olan ölkələrin fəal mübarizəsini göstərdi. Azərbaycan bu gün obyektiv olaraq bu hərəkatın liderlərindən biridir. Təsadüfi deyil ki, Azərbaycanın qətiyyəti Qlobal Cənub ölkələrinin yeni liderlərini və dünyada müsbət istiqamətdə dəyişiklik gətirə biləcək yeni gücləri göstərdi.

Qlobal Şimalla Qlobal Cənubun yaxınlaşması utopiyadır.

Qərbin irəli sürdüyü ekoloji gündəm tərəfləri bir-birinə yaxınlaşdırmaq məqsədi daşımır. İnkişaf etmiş ölkələr ən çox karbon emissiyasına malikdirlər. Bununla belə onlar bunun əvəzini ödəmək istəmirlər, məsuliyyətdən qaçırlar.

İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında hansı razılaşma ola bilər?!

COP29-un nəticələri göstərdi ki, Azərbaycan ən azı Qlobal Cənubla Qlobal Şimal arasında körpü qurmaq istəyir. Məlumdur ki, son illərdə Qərbdə ekologiya ilə bağlı ancaq söhbətlər gedir. Eləcə də heç bir inkişaf etmiş ölkə kasıb ölkələrə yardım etmək istəmir. Amma Bakıda keçirilən iqlim konfransında bu streotiplər qırıldı.  İnkişaf etmiş ölkələr danışıqlardan konkret əmələ keçdilər və konkret maliyyə öhdəliyi götürdülər.

Nəzərə alaq ki, bu razılaşma konfransın əlavə gününda baş tutdu. Bu, şübhəsiz ki, Azərbaycanın siyasi qələbəsidir. Azərbaycan faktiki olaraq inkişaf etməkdə olan ölkələrin mövqeyi üçün mübarizə apardı. Məlumdur ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında münasibətlər dostluq səviyyəsində deyil. Amma Azərbaycan bu münasibətlərin düşmənçilik səviyyəsinə enməsinin qarşısını aldı.

Təbii ki, bu uğurun əldə olunmasında Azərbaycan Prezidenti İlham Əliyevin müstəsna xidməti var. Hələ konfransın ilk günündə Azərbaycan lideri Qərbə qarşı çox sərt bəyanatlar verdi və onlara ədalətin mühakiməsindən qaçmağın mümkünsüzlüyünü xatırlatdı. Nəticədə, Qlobal Şimal müəyyən siyasi və maliyyə güzəştlərinə zorlandı.

Bu isə təkcə Azərbaycanın deyil, bütövlükdə Qlobal Cənubun və ən nəhayət sivilizasiyanın qələbəsidir. Bu həm də onu göstərdi ki, dünyada yeni güc mərkəzi formalaşır. Yaxın gələcəkdə bu mərkəz dünyanın idarə olunmasında əsas söz sahiblərindən biri olacaq. Ən əsası isə Qlobal Şimal tədricən tarixə çevriləcək.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
6
bizim.media

1Mənbələr