AZ

Üç min könüllü arasında SEÇİLƏN AİŞƏ YAQUBOVA:“Bu, mənim üçün böyük qürur və məsuliyyətdir!” – MÜSAHİBƏ

Ötən iki həftə ərzində Azərbaycan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) 29-cu sessiyasına ev sahibliyi edib. Ölkəmiz bəşəriyyət üçün bir nömrəli məsələlərin həlli üçün effektiv meydan olmağı bacarıb.

COP tarixində ilk dəfə olaraq 76 mindən çox iştirakçı tədbirlərdə iştirak edib. Əksər dövlətlərin liderlərinin, prezident, baş nazir və ya nazirlərinin, 2200-ə yaxın QHT-dən 10 mindən çox təmsilçinin, müxtəlif sahələri əhatə edən dünya miqyaslı tanınmış şəxslərin Bakıda iştirakı tədbirin yüksək səviyyədə təşkil olunmasının göstəricisidir.

Sözsüz ki, BMT-nin mühüm tədbirinin Azərbaycanda yüksək səviyyədə təşkil olunmasında, uğurla başa çatmasında COP29 Könüllülük Proqramı iştirakçılarının da danılmaz əməyi var. COP29 Azərbaycan Əməliyyat Şirkətinin 17 departamentində ümumilikdə 35 istiqamət üzrə çalışan üç min köünüllü oktyabrın 14-dən başlayaraq, mərhələli şəkildə qonaqlama xidmətləri, nəqliyyat, logistika və digər əməliyyat istiqamətləri üzrə fəaliyyətə cəlb olunublar.

Noyabrın 11-dən 23-ə kimi könüllülər tədbirə gələn qonaqların qarşılanmasında və istiqamətləndirilməsində mühüm rol oynayıblar. Onların fəaliyyəti xarici qonaqlar, o cümlədən BMT Baş katibi Antoniu Quterriş tərəfindən böyük rəğbətlə qarşılanıb, könüllülərin əməyi yüksək qiymətləndirilib. Xüsusi fəallıq göstərən könüllülər COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən mükafatlandırılaraq digərlərinə nümunə göstərilib.

COP29 Könüllülük Proqramında iştirak edən belə gənclərdən biri də ADA Universitetinin Maliyyə ixtisası üzrə ikinci kurs tələbəsi Aişə Yaqubovadır. Medianews.az onunla müsahibəni təqdim edir:

– Aişə xanım, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçirilən 29-cu sessiyasında könüllü kimi iştirak etmək ideyası necə yarandı? Necə oldu ki, beynəlxalq konfransda müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən 3 min könüllüdən birinə çevrildiniz?

– COP29-da könüllü olmaq ideyası iqlim dəyişikliyi və ətraf mühit problemlərinə olan şəxsi marağımdan irəli gəldi. Mənim üçün beynəlxalq səviyyəli bir tədbirə töhfə vermək və bu sahədə biliklərimi artırmaq çox önəmli idi. Ona görə də COP29-un könüllülük proqramına müraciət etməyi qərara aldım. Çünki bu, həm professional, həm də şəxsi inkişaf üçün əla fürsət idi. Müraciətimdə bu tədbirin məqsədlərinə olan bağlılığımı vurğuladım. Nəticədə, seçim prosesini uğurla keçdim və tədbirin könüllülərindən birinə çevrildim. COP29 ölkəmiz üçün yalnız miqyasına görə deyil, eyni zamanda kəsb etdiyi məna baxımından da olduqca mühüm tədbir idi. Bu, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə töhfə verməkdə nə qədər əhəmiyyətli rol oynadığını nümayiş etdirmək üçün böyük bir fürsət sayılırdı. Belə bir əlamətdar tədbirin bir parçası olmaq mənim üçün həm böyük məsuliyyət, həm də qürur mənbəyi idi. Əgər öz bilik və bacarığımla ölkəmə hansısa formada kiçik bir töhfə verə bilmişəmsə, bu, mənim üçün çox böyük əhəmiyyət daşıyır.

– Bu iki həftə ərzində nələrə şahid oldunuz? COP29 Sizin həyatınızda, dünyagörüşünüzdə, biliyinizdə, marağınızda müsbətə doğru nəyi dəyişdi?

– Bu iki həftə ərzində müxtəlif ölkələrdən olan insanlarla iqlim dəyişiklikləri barədə fikir mübadiləsi apardım. Yeni təcrübələr qazandım və xarici dil biliklərimi tətbiq etmək fürsəti əldə etdim. İş saatlarım bitdikdən sonra belə, xaricdən gələn qonaqlara kömək etməyə davam etdim və yeni əlaqələr, dostluqlar qurmağa çalışdım. Azərbaycanı layiqli şəkildə təmsil etmək üçün rəhbərlik, işçi heyəti və könüllülər bir ailə kimi birlikdə çalışdı. Başda Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev və COP29 Prezidenti Muxtar Babayev olmaqla, bütün komanda bu mühüm tədbirin uğurla başa çatması üçün yorulmadan əmək sərf etdi. Ölkəmizi ən yüksək səviyyədə təqdim etmək üçün göstərilən bu səylər mənim üçün böyük ilham mənbəyi oldu.

– COP29 tədbirində iştirak edən üç minə yaxın könüllü arasında günün könüllüsü seçilən azsaylı gənclərdən biri də Siz olmusunuz. Bu barədə bir qədər ətraflı məlumat verə bilərsinizmi?

– Bu seçimlər rəhbərlər tərəfindən həyata keçirilirdi. Aktiv və işində məsuliyyətli olan şəxslər xüsusi olaraq fərqləndirilirdi. Sözün düzü, əvvəldən belə bir seçimin olacağını, yaxud onlar arasında özümün də yer alacağımı təsəvvür etməmişdim. Bu, mənim gözlədiyim bir şey deyildi, əsl sürpriz oldu. Seçilən könüllülər və əməkdaşlar günə özəl seçilirdi. Bacardığım qədər mənə verilən tapşırıqları yerinə yetirməyə çalışırdım. Mən bunu özümə vəzifə bilirdim, məcburiyyətdən deyil, həvəslə edirdim. Görünür ki, o zaman diqqəti cəlb edə bilmişəm və günün könüllüsü seçilmişəm. İki həftə ərzində seçilən könüllülər növbəli şəkildə qəzetdə – günlük nəşrdə paylaşılırdı. Minlərlə könüllü arasından seçilmək mənim üçün böyük qürur və məsuliyyətdir. Ayrıca olaraq, bu, mənim üçün xüsusi önəm daşıyır. Çünki “Media Operation Team”da “Trolley service”dən, yəni öz komandamdan seçilən tək könüllü mən olmuşam.

– İlk dəfə könüllü kimi məhz COP29-da iştirak etdirdiniz, yoxsa bundan əvvəl də bu sahədə fəaliyyətiniz olub?

– Azərbaycan Beynəlxalq Bankının Təcrübə Proqramına qoşulmuşam və hal-hazırda oradakı fəaliyyətim davam edir. Lakin könüllü kimi ilk fəaliyyətim COP29-da başlayıb.

– Sizcə, COP29 dünya, o cümlədən ölkəmiz üçün nə ilə yadda qaldı?

– COP29 dünya, o cümlədən Azərbaycan üçün bir çox uğurlu qərarlarla yadda qaldı və qalacaq. Azərbaycan iqlim dəyişikliyinə qarşı mübarizədəki fəallığını və qlobal səviyyədəki gücünü dünyaya nümayiş etdirdi. COP29-dan əvvəl, Azərbaycan gəncləri iqlim dəyişikliyi ilə mübarizəyə müxtəlif təşəbbüslərlə qoşulub, ölkəmizdə ətraf mühitin qorunmasına yönəlik bir sıra layihələr həyata keçiriblər. Bunlar arasında ağacəkmə aksiyaları, dəniz sahillərindən tullantıların toplanması, ekologiyanın qorunması kimi müxtəlif ekoloji fəaliyyətlər mövcuddur. Azərbaycanın yenilikçi ideyaları bu sahədə daha da irəliləməyə və qlobal ekoloji problemləri həll etməyə yönəlib. Məsələn, Azərbaycanın bərpa olunan enerji sahəsindəki təşəbbüsləri, “yaşıl enerji” layihələri və ekoloji təmiz texnologiyaların inkişafı ilə əlaqəli ideyaları dünya səviyyəsində tanınmağa başlanıb. Bu, ölkəmizin iqlim dəyişikliyinə qarşı mübarizədəki ciddi yanaşmasını göstərir və gələcəkdə daha çox təqdir ediləcək. Mən də ekoloji aksiyalarda iştirak etmişəm. Bu təşəbbüslər Azərbaycan gənclərinin ekoloji məsələlərə nə qədər həssas yanaşdığını nümayiş etdirir. Bu fəaliyyətlər yalnız Azərbaycanın deyil, həm də qlobal iqlim dəyişikliyinə qarşı göstərilən ortaq səylərin bir parçası olmaq baxımından da böyük önəm daşıyır.

– Gələcəklə bağlı planlarınız, hədəfləriniz nədən ibarətdir?

– Ulu öndərimiz Heydər Əliyev vaxtilə qeyd edib ki, gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Onun bu kəlamını öz yolumu aydınladan işıq kimi görürəm. İlk hədəfim ADA Universitetində ali təhsilimi uğurla tamamlayıb, magistr təhsilimə davam etmək, tək bir sahədə deyil, çox yönlü inkişaf etməkdir. Atdığım hər addımda, ölkəmə az da olsa töhfə vermək istəyirəm. Azərbaycan Respublikasının gənc vətəndaşı olaraq, daim yeniliyə can atıb, ölkəmin bayrağını ucalarda dalğalandırmaq ən böyük arzumdur. Bu məqsədimə çatmaq üçün əlimdən gələni edəcəyəm. Ölkəmin beynəlxalq səviyyədə daha çox tanınmasına töhfə verəcəyəm.

Seçilən
104
3
musavat.com

4Mənbələr