Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Bank olmayan kredit təşkilatlarının fəaliyyətinin prudensial tənzimlənməsi Qaydası”nı təsdiq edib. AMB sədri Taleh Kazımovun imzaladığı yeni qərarda bildirilir ki, BOKT-lar üçün nizamnamə kapitalı tələbi 3 dəfədən çox artırılıb. Belə ki, kapital tələbi kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün 300 min manatdan 1 milyon manata, qeyri-kommersiya hüquqi şəxsi formasında yaradılan BOKT-lar üçün isə 30 min manatdan 100 min manata çatdırılıb. AMB-nin Hüquq Departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.
Məlumat üçün qeyd edək ki, Bank olmayan kredit təşkilatı (BOKT) - xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərdə tutulmuş digər fəaliyyət növlərini həyata keçirən ixtisaslaşmış kredit təşkilatıdır. BOKT-lar öz vəsaiti və ya cəlb edilən vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olan şəxsdir.
BOKT-ların banklardan əsas üstünlüyü burada kreditin daha əlçatan olmasıdır. Belə ki, BOKT-lardan kredit almaq üçün əksər hallarda tək şəxsiyyət vəsiqəsi kifayət edir. BOKT-lar kredit verən zaman rəsmi iş yeri və gəlir kimi tələblər irəli sürmürlər. Bu səbəbdən son dönəmlər BOKT-ların kredit bazarında mövqeyinin gücləndiyi müşahidə edilir.
Kredit portfeli hələlik banklardan qat-qat aşağı olsa da, BOKT-lar getdikcə maliyyə sektorundakı boşluqları doldurmaqdadırlar. Xatırladaq ki, 2024-cü ilin sentyabrın sonuna BOKT-ların ümumi kredit portfeli 745 milyon manat təşkil edir. Müqayisə üçün bildirək ki, həmin tarixə bankların ümumi kredit portfeli 26,7 milyard manatdır və bu BOKT-ların kreditlərindən 35 dəfə artıqdır. Bununla yanaşı, BOKT-ların kreditləri daha sürətlə artır. Belə ki, son bir ildə qeyri-bank təşkilatlarının kreditlərində 196 milyon manat və ya 36% artım baş verib. 2024-cü ilin oktyabrın 1-nə olan məlumata əsasən, Azərbaycanda 57 BOKT var. BOKT-ların 1-i dövlətə məxsusdur, 56-sı isə özəl təşkilatlardır. BOKT-ların hazırda 230,4 milyon manat dəyərində nizamnamə kapitalı var. Cəmi kapital isə 462,2 milyon manat təşkil edir.