AZ

Millinin baş məşqçisi: “Onları başa saldıq ki, son deyil” – MÜSAHİBƏ

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin baş məşqçisi Siyasət Əsgərovun İdman.biz-ə müsahibəsi

- Rusiya ilə yoxlama matçı üçün Soçi şəhərinə yollanmısız. Hazırlıqlar necə keçir, futbolçuların fiziki durumu necədir?
- Dünən burada məşqlərə başlamışıq. Hər şey qaydasındadır. Mənfi cəhət odur ki, Rusiyada oynayan futbolçularımız çempionat bitdiyi üçün fərdi hazırlaşıblar. Bu da onların ritmindən çıxmasına səbəb ola bilər. Amma çalışacağıq ki, matçda bu hal yaşanmasın.

- Millinin heyətində Nazlıcan Parlakın adına rast gəlmədik. O, hansı səbəbdən komandadan kənar qalıb?
- Təəssüflər olsun ki, Nazlıcan zədə alıb. Ona görə hazırlığa dəvət olunmadı. Hər zaman demişəm ki, ən böyük problemlərimizdən biri zədələrdir. Bəzi aparıcı oyunçularımız zədələndikdə bizə təsir edir. Nazlıcan da onlardandır. Düşünürəm ki, tez bir zamanda özünə gələcək.

- Noyabrın 28-də və dekabrın 2-də Rusiya millisi ilə qarşılaşacaqsız. Nə üçün rəqib məhz onlar seçildi?
- Bu rəqib keyfiyyətli futbolçulara malikdir. Burda liqanın səviyyəsi də çox yaxşıdır. Yoldaşlıq görüşü üçün təklif gələndə bizim üçün xoş oldu. Belə rəqiblərlə oyun bizə yaxşı mənada çox faydalıdır. Əsasən də təcrübə baxımından. Gələn ilin fevralında Millətlər Liqasında mübarizəmiz başlayır. Ondan öncə belə rəqiblə oynamaq bizə hansı formada olduğumuzu görmək üçün vacibdir.

- Millətlər Liqasında söz düşmüşkən, B liqasında qala bilməməyimizin səbəbləri nə oldu?
- B liqasında yüksələndə məqsədimiz orda qalmaq idi. Yarışda pley-offa da vəsiqə qazandıq. Bu, qadın futbolumuz üçün ilk idi. Son illərə baxdıqda qadın futbolu yaxşı yol qət edib. Təəssüflər olsun ki, pley-offda uduzduq və B liqasında qala bilmədik. Düşünürəm ki, bunu yenidən edə bilərik. Bu dəfə təcrübəmiz az idi. Yenidən qayıtsaq, daha fərqli olacaq.

- C liqasında qayıtmaq futbolçuların psixoloji durumuna necə təsir edib?
- Qızlar hər şeyi başa düşür. İlk vaxtlarda üzülürdülər. Onları başa saldıq ki, son deyil. Biz bunu yenidən bacara bilərik. Hətta gələcəkdə B liqasının daimi iştirakçısı da ola bilərik. Artıq psixoloji durum düzəlib. Millətlər Liqasına maksimum hazırlaşıb, B liqasında qayıtmağa çalışacağıq.

Emin Ağa
İdman.biz

Seçilən
31
1
idman.biz

2Mənbələr