Bunu "Olaylar"a açıqlamasında deputat Ülviyyə Ağayeva deyib.
Deputat bildirib ki, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilir: "Bu, Azərbaycanın planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq əldə etdiyi tarixi nəticədir. Tədbir zamanı ölkəmiz "Yaşıl dünya naminə həmrəylik" şüarı ilə bitərəf vasitəçi kimi çıxış edərək inkişaf etməkdə olan ölkələrin, ən az inkişaf etmiş dövlətlərin, xüsusilə kiçik ada dövlətlərinin iqlim dəyişmələrinin ağır yükünü daşıdığını nəzərə alaraq bir sıra əhəmiyyətli addımlar atdı. Buna nümunə olaraq COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan etdiyini vurğulamaq istərdik. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Razılaşmada az inkişaf etmiş ölkələri və inkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə xüsusi diqqət yetirilirməsi təqdirə layiqdir. Müzakirələrin ilkin olaraq 200 milyard dollar rəqəmi ətrafında getməsinə baxmayaraq, Azərbaycanın uğurlu rəhbərliyi ilə 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə hər il 300 milyard ABŞ dolları məbləğində yardım göstərilməsi haqda yekun qərar qəbul olundu. Bu ortaq qərara nail olmaq asan olmasa da, Azərbaycan COP29-a sədrlik edən ölkə kimi yüksək peşəkarlıq və fədakarlıq göstərərək, dünya diplomatiya tarixinə öz adını yazdırdı.
Konfransda tarixə düşən nailiyyətlərimiz bununla məhdudlaşmadı. Eyni zamanda vurğulamaq istərdim ki, Bakı Olimpiya Stadionunda təşkil olunan tədbir sıfır karbon emissiyası ilə tarixə düşüb. Konfransda Azərbaycanın "ağıllı şəhər və kənd" konsepsiyaları geniş müzakirə edilib və beynəlxalq diqqət qazanıb. Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bərpasında innovativ yanaşmaları ön plana çəkib. Azərbaycanın sosial siyasətinin humanistliyini nümayiş etdirən daha bir addım isə əlilliyi olan könüllülərin prosesdə fəal iştirakıdır. Konfransda işarət dili tərcüməçiləri, taktil xəritələr və əlil arabası istifadəçiləri üçün xüsusi nəqliyyat xidmətləri təmin edilib.
Nəticə olaraq iki həftəlik müddət ərzində mühüm irəliləyişlər əldə edilib. Azərbaycanın Avropa, Orta Asiya və Yaxın Şərqlə birgə enerji layihələri vasitəsilə strateji tərəfdaşlıq qurması konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirildi. "Yaşıl enerji" sahəsində birgə istehsal üçün beynəlxalq tərəfdaşlarla 5 əməkdaşlıq müqaviləsi imzalandı. Azərbaycanın beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində qazandığı zəngin təcrübəni COP29 tədbiri zamanı bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyildir ki, yüksəksəviyyəli rəsmi nümayəndələr COP29 çərçivəsində keçirilən plenar iclaslarda, eləcə də digər tədbir və görüşlərdə, müsahibələrdə Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, qonaqpərvərliyini və peşəkarlığını təqdir ediblər".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31