AZ

Minaların törətdiyi təhlükə

"Böyük Qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışını, bu ərazilərdə iqtisadi və sosial həyatın canlanmasını dəstəkləyən humanitar minatəmizləmə fəaliyyəti sayəsində Zəngilan, Füzuli, Laçın, Şuşa, Xocalı və Cəbrayıl rayonlarında 8600-dən çox məcburi köçkündən ibarət ümumilikdə 2263 ailə məskunlaşıb. Bu gün Azərbaycanın üzləşdiyi mina problemi diqqətdədir. İşğaldan azad edilmiş ərazilərdə basdırılan təxminən 1.5 milyona yaxın minanın ətraf mühitə dağıdıcı təsirləri hər kəsə bəllidir. Bu təhlükəli qurğuların partlaması nəticəsində onların tərkibində olan ağır metallar və digər toksinlər torpağa və havaya mənfi təsir göstərir. Bu kimyəvi çirklənmə uzunmüddətli ekoloji zərərlərə səbəb olur. Minalardan təmizləmə təkcə təhlükəsizlik məsələsi deyil, eyni zamanda iqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün əsas şərtdir.

MİNALARIN TƏMİZLƏNMƏSİ MALİYYƏ VƏ VAXT İTKİSİDİR

Təbii ki, qısa bir zaman məsafəsində işğaldan azad olunan bütün ərazilərin tam abadlaşması bir qədər çətindir. Bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi də əsas məsələlər sırasındadır. Bildiyimiz kimi, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. İlk olaraq Ağdamda, daha sonra isə Füzuli və Zəngilanda basdırılmış minaların xəritələrinin Ermənistandan alınması on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilası deməkdir. Minaların təmizlənməsi maliyyə itkisi ilə yanaşı, vaxt itkisinə də səbəb olur.

Azərbaycanın mina problemi 1988-ci ildə Qarabağ bölgəsi ilə bağlı Ermənistan ilə münaqişənin yaranmasına gedib çıxır. Bu bölgə dəfələrlə əldən-ələ keçmiş və silahlı qüvvələr tərəfindən minalanmışdır. Buna görə də təhlükənin olduğu yerlər dəqiq bilinmir.1994-cü ildə tərəflər arasında atəşkəs barədə razılıq əldə olundu. Hökumət bir milyon didərgin insanı yerləşdirməyə çalışanda ucsuz-bucaqsız minalı torpaq problemi özünü göstərdi. 1998-ci ildə Azərbaycan Prezidenti insanların təhlükəsizliyi və yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə ərazilərin minalardan təmizlənməsinə nəzarət edən təşkilatın ANAMA-nın yaradılması ilə bağlı Fərman imzalamışdır. Hökumət təşkilatı yaradarkən BMT-nin İnkişaf Proqramının dəstəyindən bəhrələnmişdir.

Ermənistanın basdırdığı minalar mülki əhalinin təhlükəsizliyi, sağlamlığı və həyatı üçün ciddi təhlükə törədir və ya azad edilmiş ərazilərdə sosial-iqtisadi inkişafa mane olur.

2020-Cİ İLDƏN 2023-CÜ İLƏ QƏDƏR UZUNLUĞU 500 KİLOMETRƏDƏK OLAN YENİ MİNALANMIŞ ZONALAR YARADILIB

"Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib", - deyə Azərbaycan Prezidenti çıxışlarının birində bildirmişdir. Müharibənin başa çatmasından btən müddət ərizində yüzlərlə vətəndaşımız mina qurbanı olmuşdur. Dövlət başçısının bildirdiyi kimi, mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir: "2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılmış, yenidən Azərbaycanın ərazisinə minalar basdırılmışdır. Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür."

Göründüyü kimi, Azərbaycan Ermənistan tərəfindən ərazilərimizin 30 ilə yaxın davam edən hərbi işğalı zamanı, habelə hazırkı postmünaqişə dövründə mina təhdidindən əziyyət çəkən, çoxsaylı mina qurbanları verib. Ermənistan tərəfindən hətta postmünaqişə dövründə belə davam etdirilən mina təhdidi bölgədə aparılan bərpa və yenidənqurma işlərini, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini ləngitməklə yanaşı, vətəndaşlarımızın həyat və sağlamlıqları üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır.

56 646 ƏDƏD PARTLAMAMIŞ HƏRBİ SURSAT AŞKARLANIB

Müharibədən sonrakı dövr ərzində 106 938.1 hektar ərazinin mina və partlayıcı sursatlardan təmizlənməsi təmin edilib. Statistik rəqəmlərə əsaslanaraq deyə bilərik ki, ekoloji qiymətləndirmə və elmi tədqiqatlar üçün nəzərdə tutulmuş 12 514.7 hektar, həmçinin enerji layihələri üçün nəzərdə tutulmuş 6 261.4 hektar, kənd təsərrüfatı üçün 53 078.4 hektar, meliorasiya və su təsərrüfatı fəaliyyətləri üçün 3 421 hektar, nəqliyyat infrastrukturu üçün 5 759 hektar, yenidənqurma və yaşayış infrastrukturun inkişafı üçün 20 118 hektar, digər məqsədlər üçün 5 784.8 hektar ərazi partlayıcı sursatlardan təmizlənib.

Təmizlənmiş 106 938.1 hektar ərazidən ümumilikdə 105 488 ədəd olmaqla, 30 539 piyada əleyhinə mina, 18 303 tank əleyhinə mina, 56 646 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bu gün əlbəttə ki, azad edilən ərazilərdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Seçilən
8
sesqazeti.az

1Mənbələr