AZ

İspaniya hökuməti Valensiyaya daha 2,3 milyard avro yardım AYIRDI

İspaniyanın Baş naziri Pedro Sançes çərşənbə günü müasir ölkə tarixində ən ölümcül daşqınların təsirinə məruz qalan Valensiya bölgəsinin bərpasına dəstək üçün əlavə 2,3 milyard avro məbləğində yardım ayrılacağını elan edib.

Yenicag.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Hökumətin indiyə qədər ümumilikdə 16,6 milyard avro yardım vəd etdiyini vurğulayan Sançes parlamentə lazım gəldikcə, bu dəstəyi davam etdirəcəyini bildirib.

Pedro Sançes ekstremal hava şəraitinin iqlim dəyişikliyi ilə əlaqəli olduğunu və hökumətinin bu məsələyə münasibətini müdafiə etdiyini də qeyd edib.

Eyni zamanda, mərkəzi hökumət Valensiya bölgəsindəki regional administrasiyanı – əsas müxalifət Xalq Partiyasından olan Karles Meysonun rəhbərlik etdiyi idarəni dövlət meteorologiya xidməti və hidroqrafiya mütəxəssislərinin xəbərdarlıqlarına vaxtında reaksiya verməməkdə ittiham edib. Bu xəbərdarlıqlar əsasında vətəndaşların evdə qalmalarına dair çağırışlar edilmişdi.

İspaniyada təbii fəlakətlərin idarə edilməsi regionların məsuliyyətinə aid olsa da, yaranmış vəziyyət solçu azlıq hökuməti ilə mühafizəkar müxalifət arasında qarşılıqlı ittihamlara yol açıb.

“İqlim dəyişikliyi öldürür. İqlim fövqəladə vəziyyətindən daha təhlükəli olan bir şey var: o da hərəkətsizlik və ya hərəkət vasitəsilə iqlim dəyişikliyinin təsirlərini inkar edən hökumətlərdir,” – deyə Sançes parlamentdə çıxışı zamanı bildirib və Karles Meysonu tənqid edib.

Mütəxəssislər ekstremal hava hadisələrinin tezliyinin iqlim dəyişikliyi ilə artdığını bildirirlər. Meteoroloqlar Aralıq dənizinin istiləşməsinin suyun buxarlanmasını artıraraq yağışların intensivləşməsində mühüm rol oynadığını vurğulayırlar.

Təkcə Valensiyada 200-dən çox insanın həyatını itirməsinə səbəb olan daşqınlar Avropanın bu əsrdə üzləşdiyi ən dəhşətli təbii fəlakətlərdən biri kimi qiymətləndirilir. Bölgə mərkəzi hökumətdən ümumilikdə 31 milyard avro yardım tələb edib. Keçən ayValensiyada baş verən ölümcül daşqınlardan sonra bölgədə böyük etiraz aksiyaları keçirilib. Aksiyalar zamanı məktəblərin təhsil üçün yararsız vəziyyətdə olması və regional hökumət rəhbəri Karles Meysonun istefası tələbi gündəmə gətirilib.

Rafi Müslümov

Seçilən
10
yenicag.az

1Mənbələr