AZ

"Volkswagen" Çindəki zavodunu satışa çıxarır

Almaniyanın "Volkswagen" avtomobil konserni və Çinin "SAIC Motor" şirkəti Sincan-Uyğur Muxtar Rayonundakı birgə müəssisəyə məxsus zavodu satışa çıxarıb.

Valyuta.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, Urumçidə yerləşən bu zavodda 175 nəfər çalışır. Zavodda avtomobil istehsalı həyata keçirilmir, yalnız yığılmış avtomobillərin keyfiyyətinin yekun yoxlanışı aparılır və onlar regiondakı dilerlərə göndərilir.

Zavodla yanaşı, Turfan və Antində yerləşən sınaq poliqonlarını da Şanxayın "Lingang Economic Development Group" şirkətinin "SMVIC" adlı törəmə müəssisəsi alacaq.

Eyni zamanda, "Volkswagen" və "SAIC Motor" birgə müəssisə üzrə razılaşmanı 2040-cı ilədək uzadıb. Tərəfdaşlar 2030-cu ilə qədər səkkizi elektrikli avtomobil olmaqla 18 yeni model təqdim edəcəklərinə söz veriblər. Alman şirkəti obyektin iqtisadi səbəblərə görə satıldığını açıqlayıb.

Bundan əvvəl "Volkswagen" Sincandakı zavodunda məcburi əməkdən istifadə ittihamlarına görə qalmaqalla gündəmdə olub. Şirkətin uyğurları sınaq yollarından birini tikməyə məcbur etdiyi iddia edilib. Fevral ayında ABŞ-ın gömrük xidmətləri "Volkswagen" tərəfindən istehsal olunan "Porsche", "Bentley" və "Audi" markalı minlərlə avtomobili məcburi əməyin tətbiqi ilə hazırlanmış ehtiyat hissələrinin istifadəsi şübhəsinə görə saxlayıb. Pekin isə dəfələrlə Çindəki uyğur etnik azlıqlarının təqib olunması ilə bağlı ittihamları rədd edib.

Bu il ərzində "Volkswagen"in səhmləri 28% dəyər itirib. Alman avtomobil istehsalçısı Almaniyadakı zavodların bağlanmasının zəruriliyini və on minlərlə iş yerinin ixtisarını elan edib.

Rəhim

Seçilən
18
valyuta.az

1Mənbələr