“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 5-ci turunda “Feyenoord”la oyunu şərh edib.
Arena.az xatırladır ki, “şəhərlilər” evdə 3:0 hesabı ilə üstünlüyə sahib olduqları oyunda qələbəni əldən verərək, 3:3 hesablı heç-heçə il barışmalı olublar:
“Hesab 3:0 olanda hər şey qaydasında idi, amma sonra qeyri-sabitliyimiz öz təsirini göstərdi. Qolun birini, sonra ikincisini buraxdıq. Çətin oldu. Son vaxtlar çox uduzuruq, fəsadlar yaşayırıq və bu gün təbii ki, qələbə gərək idi. Komanda yaxşı səviyyə nümayiş etdirdi, amma nəsə baş verən kimi çətinlik çəkdik. Bunun psixoloji olub-olmadığını isə bilmirəm.
Əvəzləmələr? Yenidənqurma başlayanda oyun təhlükə altında deyildi. “Feyenoord”un hücuma keçdiyini hiss etmirdim… Natan Akenin çoxsaylı zədələri vardı və ona 90 dəqiqə əsəb yaşatmaq istəmirdim. İlkay Gündoğan əlimizdə olan yeganə dayaq yarımmüdafiəçisidir, ona görə də bu dəyişikliyi etdim! Fil Foden çox dəqiqə oynadı və mən onu erkən buraxdım ki, Kevin De Bröyne azacıq nəbzi tuta bilsin. Amma…”
Qvardiola azarkeşlərin onu və komandanı fitə basmasına münasibətini də açıqlayıb:
“Əlbəttə, onlar məyusdurlar, biz bunu başa düşürük. İnsanlar keçmiş uğurlarını xatırlamaq üçün stadiona gəlmirlər. Onlar bizim qələbəmizi görmək və yaxşı oyun göstərdiyimizə şahidlik etmək istəyirlər. Onlar həmişə bizi dəstəkləyirlər və indi hiss etdiklərini ifadə etməkdə tamamilə haqlıdırlar”, – BBC “Pep”dən sitat gətirir.
Maraqlıdır ki, Xosep Qvardiola məşqçilik karyerası ərzində ilk dəfə olaraq, 3:0 hesabı ilə öndə olduğu oyunda qələbə qazana bilməyib. Üstəlik, “şəhərlilər” Çempionlar Liqasında oyunun 75-ci dəqiqəsinə qədər 3:0 hesabı ilə öndə olub yekunda qələbə üzünə həsrət qalmış ilk komanda olaraq antirekord müəyyənləşdiriblər. “Mançester Siti” tarixində ikinci dəfə 3:0 hesablı üstünlüyünü əldən verərək, heç-heçə ilə barışıb. Buna qədər “şəhərlilər” 1989-cu ilin may ayında İngiltərə İkinci Divizionunda “Bornmut”la oyunda (3:3) müvafiq halla üzləşmişdilər. Eyni zamanda “Mançester Siti”nin qələbəsiz oyunlar silsiləsi 6 oyuna çatıb – 5 ardıcıl məğlubiyyət və 1 heç-heçə.
5 turdan sonra “Mançester Siti” ÇL-in Liqa mərhələsinin yarış cədvəlində 8 xalla 15-ci pillədə qərarlaşıb.