AZ

Minimum istehlak səbəti yenidən hesablanacaq- 270 manat reallığa uyğun gəlmir...

Image

Azərbaycanda adambaşına düşən istehlak səbətinin dəyərinin yenidən hesablanması son günlərdə yenidən gündəmə gətirilib. Artıq Milli Məclisin komitələrinin birgə iclasında bildirilib ki, ölkədə gələn il minimum istehlak səbətinin tərkibinə yenidən baxıla bilər. 

Sonuncu dəfə istehlak səbətində dəyişiklik 10 il əvvəl edilib. Ancaq keçən bu 10 il ərzində ölkədə inflyasiya artıb, yaşayış minimumunun məbləği da dəyişib. Üstəlik, bəzi ekspertlərin fikrincə, Azərbaycanda tətbiq olunan minimum istehlak səbətində ciddi dəyişikliklər olunmalıdır. Bəzi mal və məhsullar əlavə edilməlidir.

Məlumat üçün bildirək ki, yaşayış minimumu istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilən toplusudur. Bu səbəbdən də istehlak məhsullarının (ərzaq və qeyri-ərzaq malları) və xidmətlərin qiymətindəki artımlar minimum istehlak səbətinin dəyərini də artırır. Hazırda ölkədə Nazirlər Kabinetinin 2014-cü il iyunun 6-da verdiyi qərar ilə təsdiq edilmiş minimum istehlak səbətinin tərkibi qüvvədədir. Halbuki, qanunvericiliyə görə, bir sıra nazirliklər və dövlət komitələri QHT-lər ilə birlikdə minimum istehlak səbətinin tərkibini üç ildə bir dəfə yenidən müəyyənləşdirərək təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir. Məlumat üçün qeyd edək ki, minimum istehlak səbətinə daxil olan qidalar “uşaqlar”, “əməkqabiliyyətli əhali” və “pensiyaçılar” olmaqla üç kateqoriyaya görə müəyyənləşdirilib. Minimum istehlak səbətinə görə, əməkqabiliyyətli bir nəfər üçün ildə ət və ət məhsullarının norması 32.9 kiloqramdır. Bu, ayda 2.75 kilo, gündə isə 90 qram edir. Səbətdə 97.2 kq tərəvəz və bostan məhsulları göstərilir ki, bu, gündəlik 265 qram deməkdir. Səbətindəki kərə yağının illik miqdarı 7 kilodur, gündəlik isə 19 qramdır. Minimum istehlak səbətində illik 150 yumurta qeyd olunub ki, bu da gündə heç yarım yumurta etmir. Halbuki, Ümumdünya Səhiyyə Təşkilatının standartlara görə, yumurtanın gündəlik norması 1.5 ədəd, meyvə və tərəvəzlərin norması isə 400 qramdır. Minimum istehlak səbətinə görə, üç il altı ay ərzində altı cüt ayaqqabı norma sayılır. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manatdır. 2014-cü ildə 125 manat olub. Bunlar fonunda İqtisadiyyat Nazirliyindən “Turan”a bildirilib ki, minimum istehlak səbətinin tərkibinə baxılması məsələsi daima nəzarətdə saxlanılır. Vurğulanıb ki, məsələ ilə bağlı İşçi Qrup da fəaliyyət göstərir: “İşçi Qrupun ən sonuncu görüşü 2021-ci ildə baş tutub. Görüşdə Dövlət Statistika Komitəsindən, eləcə də digər qurumlardan təqdim olunmuş məlumatlara əsasən səbətin tərkibinə baxılıb və onu dəyişmədən saxlanılması qərarına gəlinib. 2025-ci ildə mövcud iqtisadi vəziyyətə uyğun minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq”. Respublikaçı Alternativ Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə “Azadlıq” radiosuna bildirib ki, minimum istehlak səbətinin tərkibi çoxdan dəyişdirilməli idi: “Azərbaycanda hesablama qaydaları və səbətinin tərkibi ilə bağlı ciddi suallar var”.

İqtisadçıya görə, bir çox ölkələrdə gündəlik tələbat malları ilə bağlı ayrıca hesablamalar aparılır: “Azərbaycanda minimum istehlak səbətinə yüzlərlə məhsul adları, xidmətlər daxildir, amma effektiv deyil. Faktiki olaraq orta statistik Azərbaycan vətəndaşı gündəlik həyatında 30 adda ərzaq məhsulları istifadə edir. Onların qiymətləri daha çox qalxır. Amma onların qiymətinin daha çox artması ümumi səbət hesablamalarında faizi aşağı çəkir”. N.Cəfərlinin sözlərinə görə, normaların yüksəldilməsi baş versə, Azərbaycanda faktiki minimum istehsal səbətinin dəyəri artacaq: “Dəyəri artacaqsa, deməli, yoxsulluq səviyyəsi yüksələcək. Bu da hökumətin siyasətinə, onun ritorikasına uyğun deyil. Onlar müxtəlif formalarda rəqəmlərdə düzəlişlər edərək ölkədə uzun illərdir yoxsulluq səviyyəsini 5 faiz göstərirlər. Amma bu, belə olmur. Ola bilməz ki, ölkədə 10-15 il ərzində yoxsulluğun faiz nisbəti dəyişməsin. Doğru-dürüst hesablamalar aparılsa, Azərbaycanda yoxsulluq səviyyəsinin daha çox olduğu məlum olacaq”. Hazırda Azərbaycanda yaşayış minimumunun indiki səviyyəsi ilə real bazar qiymətləri arasında təzad yaranıb. Bu səbəbdən minimum istehlak səbətində dəyişikliklər olması labüd sayılır. Araşdırmalar onu da göstərir ki, səbətə daxil olan bəzi məhsullar üzrə müəyyən ölkələrdən öndə, digər məhsullar üzrə geridəyik. Yəni, minimum istehlak səbətimiz müəyyən istiqamətlər üzrə beynəlxalq qəbul edilmiş standartlardan, dərəcələrdən aşağıdır. Burada, sözsüz ki, inflyasiyanın təsirləri də nəzərə alınmalıdır. Reallıqla müqayisədə fərqlər var və əlbəttə ki, bu fərqlər aradan qaldırılmalıdır. Eyni zamanda “xidmətlər” bölməsinə müasir dövrün tələblərindən irəli gələn əlavə xidmətlər daxil edilməlidir. Situasiya tam təhlil edilərək digər əlavələr olunmalı və mövcud göstəricilərdə müəyyən kəmiyyət dəyişikliyi edilməlidir.

Tahir TAĞIYEV





Seçilən
21
1
baki-xeber.com

2Mənbələr