AZ

Kəndlərimiz niyə yulğunluğa çevrilir?

Bugünlərdə yolum doğulduğum kəndə düşdü. Gördüm bütün kəndi-kəsəyi yulğun basıb. Hətta, çəpərlərin dibində, yolların qırağında o qədər qalın yulğunlar bitib ki, insanlar qaranlıqda gedəndə qorxurlar, qara basır adamı. Maraqlandım ki, bu kənd niyə belə olub, niyə bu yulğunları qırıb, küçələri təmizləmirlər? Dedilər o yulğunların bircəciyinə toxunsan, yarım saatdan sonra ekologiyanın nümayəndəsi papkası ilə yanında hazır olacaq və hər yulğuna görə neçə min manat cərimə yazacaq. Ona görə də heç kəs qorxusundan yulğuna toxunmur. Yulğun da alaq otu kimi o qədər həyasızdır ki, kəndi tamam alıb altına. Camaat danışır ki, sakinlər boş torpaqlardan həyətyanı sahə, yaxud, əkin üçün sahə götürmək istəyəndə oranı yulğundan  təmizləmək üçün ekologiya idarəsinə verilən (min manatlarla ölçülən) rüşvət torpağın alınmasına və əkilməsinə çəkilən xərcdən qat-qat yüksək olur. Ona görə də imkanı olan da əkin-biçinlə, iş qurmaqla məşğul olmur. Nəticədə kənddə işsizlik, aclıq, səfalət hökm sürür, yulğunluğa çevrilir... Yeri gəlmişkən, uşaq olanda eşitmişdik ki, biri digərini qarğıyanda "Yurdun yulğunluq olsun" deyərdi.  İndi nəinki bizim kənd, Azərbaycanın bütün kəndləri yulğunluq olub. Görəsən bu kəndləri belə kütləvi şəkildə kim qarğıdı? Allahmı qarğıdı? Onu da qeyd edim ki, Quranı Kərimdə zalımlardan, yolazmışlardan bəhs edərkən Rəbbim buyurur: "Biz onların yurdlarını xaraba qoyub, yerində yulğun bitirərik". Quranın bu ayəsini öz kəndimizdə əyani şəkildə görəndə çox pis oldum. Bir zamanlar mərd , xeyirxah kişilərin yaşadığı bu kəndin belə  acınacaqlı halına , səfalət basmasına lap ürəyim ağrıdı. İstədim öz həyətimizin ətrafında biraz təmizlik işləri aparam, başqaları da mənə baxıb kəndi səfalətdən azad etsinlər. Lakin, hansı troktoristə dedimsə, dedilər üz vurma, biz bu işi görsək,  bizə elə bir cərimə yazarlar ki, heç evimizi də sarsaq qurtula bilmərik. Kor-peşman Bakıya qayıtdım. Kənddən çıxarkən bir daha ürək ağrısı ilə geriyə baxdım və bu sözləri dedim: kəndlərimizi bu vəziyyətə salanların yurdu yulğunluq olsun! Paşa Yaqub,Gender.Az

Seçilən
31
1
gender.az

2Mənbələr