AZ

Astma xəstəliyi ilə bağlı yanlış təsəvvürlər

Xroniki ağciyər xəstəliyi olaraq astma bütün dünyada milyonlarla insana təsir edir.

Türkiyədə keçən ilki rəqəmlərə görə, 1,5 milyondan çoxu uşaq olmaqla 5 milyona yaxın astma xəstəsi var. Ölkədə yüksək siqaret çəkmə nisbətlərinin bu rəqəmlərin artmasına təkan verdiyi düşünülür və ekspertlər mənfi nəticələrlə bağlı tez-tez xalqa xəbərdarlıq edirlər.

Nəfəs darlığı, xırıltı və döş qəfəsində təzyiq hissindən quru öskürəyə qədər - astmanın simptomları çox şiddətli və ya bəzən cüzi ola bilər. Vəziyyət tənəffüs yollarının iltihabına və daralmasına səbəb olur, nəfəs almanı çətinləşdirir, bu da təbii olaraq həyat keyfiyyətinin ciddi şəkildə azalmasına səbəb olur.

Ankara Memorial Xəstəxanasının döş qəfəsi xəstəlikləri və yetkinlərdə allergiya üzrə mütəxəssisi Adile Berna Dursun bildirib ki, astmanın ciddiyə alınmaması və ya erkən müdaxilə edilməməsi xəstəliyin müalicəsinə və nəticələrinə mənfi təsir göstərir.

Astma cəmiyyətdə ümumi xəstəliklərdən biri olmasına baxmayaraq, onunla bağlı yanlış təsəvvürlər və miflər çoxdur. Bu da vəziyyətin müalicəsində gecikmələrə və ya pozulmalara səbəb olur. Gecikmələr xəstələrin işinə, məktəb performansına və sosial həyatına mənfi təsir göstərir.

Bu ilki Ümumdünya Astma Gününün mövzusu “Astma ilə bağlı yanlış təsəvvürləri üzə çıxarmaq” olduğundan Dursun xəstəliklə bağlı ən çox yayılmış 10 yanlış təsəvvürü paylaşıb:

Astma yalnız uşaqlıqda baş verir

Astma ilə bağlı inanılan ən çox yayılmış miflərdən biri onun yalnız uşaqlıqda görülməsidir. Bununla belə, astma uşaqlıq, körpəlik, yeniyetməlik, orta yaş və ya yetkinlik dövründə baş verə və təkrarlana bilən xroniki xəstəlikdir.

Astma allergiya nəticəsində yaranır

Allergiya və astma qarışıq xəstəliklər ola bilər. Allergiya bədənimizə aid olmayan maddələrə qarşı yaratdığımız immun reaksiyadır. Yalnız bəzi xəstələrdə allergiyaya astma reaksiyası var. Qeyri-allergik astma da var. Uşaqlıq astma xəstələrinin dörddə üçü allergik tipdir. Yaş irəlilədikcə allergik astmanın nisbəti yarıya qədər azalır. Digər tərəfdən, əgər fərd artıq çəkilidirsə və siqaret çəkirsə, aydın bir fərq qoyula bilməz.

Astma yoluxucudur

Astma yoluxucu bir xəstəlik deyil, mikrob olmayan iltihablı bir vəziyyətdir. Astma yalnız insanın özünə təsir edir.

Astma ətraf mühit faktorlarından qaynaqlanır

Xüsusilə böyük şəhərlərdə çirklənmənin astma xəstələrinə təsirini sübut edən bəzi araşdırmalar olsa da, bu, genetik əsası da olan bir xəstəlikdir. Ailənizdə astma xəstəsi olan birinin olması uşaqlarınızın da astma xəstəliyinə tutulma ehtimalını artırır. Valideynlərdən birində xəstəlik varsa, uşağın bu xəstəliyə tutulma ehtimalı 30-35% təşkil edir.

Astma xəstələri idman edə bilməzlər

Astma xəstələri idman edə bilərlər. Əslində, astma xəstələri idmana və aktiv olmağa təşviq edilməlidir. İdmanla məşğul olmaq həm fiziki, həm də ruhi sağlamlıq üçün lazımdır və əzələləri gücləndirir. Yalnız qış idman növləri, dərin dənizdə tullanma və paraşütlə tullanma kimi idman növləri ümumiyyətlə, astma xəstələri üçün tövsiyə edilmir.

Hamilə astmatiklər dərmanlarını dayandırmalıdırlar

Astma xəstələri hamiləlik dövründə dərmanlarını dərhal dayandırmağa meyillidirlər. Əksinə, hamiləlik dövründə astma dərmanları heç vaxt dayandırılmamalıdır. Dərmanın dayandırılması astmanın pisləşməsinə və körpənin oksigen çatışmazlığından əziyyət çəkməsinə səbəb ola biləcək tənəffüs problemlərinə yol aça bilər ki, bu da inkişafda geriləmə, vaxtından əvvəl doğuş, aşağı çəki və ağciyərlərin inkişaf etməməsi kimi anomaliyalara səbəb olur. Hamiləlik dövründə təhlükəsiz istifadə edilə bilən astma dərmanları var. Bu dövrdə gələcək analar astma ilə bağlı təqiblər edən həkimləri ilə əlaqə saxlamalıdırlar.

Astma xəstələri təbii yolla doğuş edə bilmirlər

Astma xəstəsi olan gələcək anaların mütləq keysəriyyə ilə doğum etmələri lazım deyil. Astma xəstəsi olan hamilə qadınlar təbii doğuş edə bilərlər. Doğuş növü xəstə və iştirak edən həkimdən asılıdır.

Kortizon ehtiva edən astma dərmanının yan təsirləri var

Camaat arasında kortizon qorxusu var. Çox vaxt astmanın müalicəsi bir inqalyasiyalı sprey ilə başlayır. Cihaz dərmanı çox kiçik dozalarda tətbiq etməyə kömək edir və əksəriyyətində kortizon var. Dərmanlarından düzgün və təyin olunmuş tezlikdə istifadə edənlərdə çəki artımı, katarakta və iştahın artması kimi tez-tez əlaqəli yan təsirlər müşahidə edilmir. Ancaq inqalyatorun düzgün istifadə edilməməsi yan təsirlərə səbəb ola bilər.

Astma dərmanları asılılıq yaradır

Bu, xroniki bir xəstəlik olduğundan, astma xəstələrinin davamlı müalicə alması lazımdır, lakin bu, onlarda asılılığa çevrilmir.

Nubar Süleymanova, “İki sahil”

Seçilən
42
ikisahil.az

1Mənbələr