AZ

Xaricdə birinə 40 min manatdan çox pul verdiyimiz heykəli özümüzünkülər düzəldə bilmir?..

Image

Aydın Xan Əbilov: “Özümüzünkülərin sənət nümunələrinin satılmadığı bir halda belə bahalı sənət nümunələrinə dövlətin pulunu xərcləmək bir qədər məntiqli sayılmır”

Yerli medianın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, bu ilin ilk 3 rübü ərzində Azərbaycana xarici ölkələrdən 45 ədəd heykəl gətirilib. Xaricdən gətirilən heykəllərin bir ədədinin orta gömrük dəyəri 25 min 440 dollar (43 min 248 manat) olub.

Müqayisə üçün qeyd olunur ki, ötən ilin eyni dövründə xaricdən Azərbaycana builkindən 3 dəfə az – 15 heykəl gətirilib və heykəlin bir ədədinin orta gömrük dəyəri 28 min 788 dollar (48 min 940 manat) olub.

Bildirilir ki, bu il Azərbaycana ən çox İspaniyadan heykəl gətirilib. İspaniyadan ümumi dəyəri 52,5 min dollar olan 30 heykəl idxal edilib.

Azərbaycana ən bahalı heykəllər ABŞ-dən gətirilib. Bu ilin ilk 9 ayında ABŞ-dən bir ədədinin orta gömrük dəyəri 154 min dollar (262 min manat) olan 6 ədəd heykəl idxal edilib.

Təqdim olunan rəqəmlər diqqətimizi çəkdiyindən bu məsələyə toxunmaq istədik.

Azərbaycanda kifayət qədər heykəltəraşlar, memarlar var ki, onların yaratdığı heykəllər, abidələr nəinki ölkəmizdə, eləcə də Cənubi Qafqazda, dünyanın özündə də məşhurdur. Ölkəmizdə saysız yüksək təhsilli, istedadlı, peşəkar heykəltəraş var ki, onlar əlaqədar qurumlardan sifarişlər gözləyirlər. Olmazmı ki, xaricdən  heykəllər gətirməkdənsə yerli heykəltəraşlara sifarişlər verilsin, şəhərin bəzədilməsi üçün lazım olan heykəlləri onlar düzəltsinlər? Bir ətək pul töküb xaricdən heykəllər alıb başqa ölkələrin büdcəsini doldurmaqdansa, bu pulu ölkəmizin daxilindəki sənətkarla yönəldək, onlar da milli ruhumuza uyğun, milli çalarlarla zəngin abidələr, heykəllər düzəldib şəhərimizin gözəlləşməsində iştirak etsinlər. Çox təəssüf ki, bizdə son illər müxtəlif ağac və bitki növlərinin xaricdən gətirilmə ənənəsi artıq digər istiqamətlərə də sirayət edir. Dövlətin pulunu xaricə axıtmaq özü yaxşı tendensiya deyil. Biz elə etməliyik ki, xaricdən bizim sənətkarlara müraciətlər olsun. Bir də ki, Bakıya gələn qonaqlar üçün öz heykəltaraşlarımızın, memarlarımızın ərsəyə gətirdiyi abidələr, heykəllər daha maraqlı olar. Onsuz da onlar xaricdən gətirilən o heykəlləri, o obrazları ABŞ-da, Avropa ölkələrində görüblər, biz onlara Azərbaycan sənətkarının sənət əsərlərini göstərməliyik. Bu da məqsədəuyğun olar. Eyni zamanda da heykəllər daha münasib qiymətə başa gələ bilər, həm dövlətin büdcəsinə yük düşməz, həm də yerli sənətkarların sosial rifah halı yüksələr, hiss edərlər ki, ölkəmizdə onların yaradıcılığına böyük ehtiyac var. Bu onlara stimul da verər. 

“Bu heykəllər dövlət sifarişi ilə alınırsa...”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net-Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, əslində bir tərəfdən bu cür faktların çoxalması normal haldır. “Çünki Azərbaycan dünyanın aparıcı ölkələrindən, beyin mərkəzlərindən birinə çevrilib. İqtisadi vəziyyətimiz yüksəldikcə necə ki, maşınlar, zinyət əşyaları, texnika alırıq, eləcə də sənət əsərləri gətirik. Xaricdən sənət əsərlərinin alınıb gətirilməsi həm xarici, həm də daxili bazarda normal qarşılanmalıdır. Nədənsə ölkədə yüzminlərlə dəyəri olan avtomobil alınanda bu qədər səs-küy olmur, amma hansısa sənət əsəri, heykəl alınıb ölkəyə gətiriləndə qiymətinin nə qədər olmasından aslı olmayaraq insanlar sosial şəbəkələrdə hay-küy yaradırlar. Əslində bir sənət əsəri orijinaldırsa, tək nüsxədə hazırlanıbsa onun qiymətinin baha olması təbiidir. Çünki dünyada qəbul olunmuş normalar var ki, sənət əsərlərinin, mədəniyyət nümunələrin və digər əl işlərinin qiyməti baha olmalıdır. Bunlar müxtəlif ölkələrdə hazırlanıb. Baxın, Moskva. Paris, İstanbul, eləcə də başqa şəhərlərdə antikvar və çağdaş incəsənətin dəyərli nümunələrini satan mərkəzlər var ki, bu sənət nümunələrin qiyməti milyonlar, bəzən də milyardlarla ölçülür. Son illər Azərbaycanda da türk sənət nümunələri ilə yanaşı gömrük dəyəri 50 minə yaxın olan və xaricdən gətirilən heykəllərlə bağlı faktlar mövcuddur. Bu işdən başı çıxan da, çıxmayan da sosial şəbəkələrdə bu  barədə danışırlar. Onlardan soruşmaq lazımdır ki, siz sənətşünassınız, həmin abidələrin dəyərini bilirsiz? Bu heykəllər dövlət sifarişi ilə alınırsa buna göstərilən ictimai maraq anlaşılandır. Bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılmalı idi”.

A.X.Əbilov qeyd etdi ki, Bakıda gedən tikint-quruculuq işlərinə uyğun olan heykəlləri ola bilsin Bakıda tapa bilmirlər, internet üzərindən araşdırma aparmaqla və sifariş veribv o heykəlləri xaricdən gətirə bilərlər. “Bizim bu qədər heykəltəraşımız, memarımız, sənət adamlarımız, yaradıcı gənclərimiz var və özümüzünkülərin sənət nümunələrinin  satılmadığı bir halda belə bahalı sənət nümunələrinə dövlətin pulunu xərcləmək bir qədər məntiqli sayılmır. Amma sənət adamlarımızın yaratdıqları əsərlər haqqında birmənalı fikir yoxdur. Çünki son illər bizim sənətkarların yaratdığı və Bakının mərkəzi yerlərində qoyulan heykəllər çox tənqid olunur. Elə Koroğlunun, Tağıyevin və başqalarının  heykəlləri ilə bağlı tənqidlər, müzakirələr, söz- söhbətlər çox olub. Bəlkə də dövlət orqanları, bu heykəlləri sifariş edən qurumlar, şəxslər sanki bundan bezib və yorulublar. Bu sahədə yeni söz-söhbət olmasın deyə bu addımı atırlar. Məmurlar, xeyriyyəçilər Azərbaycan xalqının psixologiyasını yaxşı bilir. Bilirlər ki, biz yerli malı, yerli insanların yaratmış olduğu əsərləri, sənət nümunələrini zamanında dəyərləndirə bilmirik. Əksər vaxtlarda onlar ya kölgədə qalır, ya unudulur, ya da xüsusi səs-küyə səbəb olur. Amma xaricdən nə alınırsa  obrazlı desək, sanki onlara büt kimi tapınırıq. Xaricdən alınan şeylərə daha şox dəyər veririk. Ona görə də belə hadisələr zamanı da məmurlar, varlı təbəqə heykəl və heykəlcikləri xaricdən almağa üstünlük verirlər. Zaman gələcək ki, Azərbaycanın özünün də sənət bazarı, kreativ mədəniyyəti və biznesi çox inkişaf edəcək, biz də öz sənət əsərlərimizi xarici bazarlara çıxara biləcəyik”.

A.X.Əbilov hesab edir ki, zaman gələcək, Azərbaycan sənətkarlarının da əsərləri pul cəlb edəcək və yüksək qiymətə satılacaq, hələlik buna zaman lazımdır. 

İradə SARIYEVA 





Seçilən
23
baki-xeber.com

1Mənbələr