Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Samirə Eyvazova Modern.az-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Samirə xanım, uzun illərdir hüquq sahəsində çalışırsınız. Bəs, hakim olmaq istəyiniz necə yarandı?
- Əslində hakim olmaq istəyi ilə hüquq sahəsini seçmişəm və iş həyatımın ən böyük məqsədi hakim olmaq, bu sahədə uğur qazanmaq olub. Mənim üçün hakimlik hüquqşünas peşəsinin zirvəsidir. Bu peşəyə uzun yol qət edərək gəlmişəm, belə ki, hakim olmaq üçün özümü hərtərfəli yetişdirməli olduğumun fərqində olmuşam və bu gün peşə fəaliyyətimdə ən böyük məqsədimə çatmanın sevincini yaşayıram.
- Sizcə hakimliyin digər peşələrdən üstün cəhətləri hansılardır?
- Mənim üçün insanlığa xidmət edən, vicdan və keyfiyyətlə icra edilən bütün peşələr yaxşıdır. Bu baxımdan hansısa peşənin üstün və ya zəif olması ilə bağlı fikir söyləmək çətindir. Lakin ədalət mühakiməsini həyata keçirən peşə kimi hakimliyi daha məsuliyyətli peşə hesab edirəm. Məhkəmələr hər bir dövlətin əsas özəyi, hakimiyyətin qollarından biridir. Qədim Roma filosofu Siseronun sözləri ilə desək “Hakim danışan qanundur”.
- Siz həm də pedaqoji fəaliyyətlə məşğulsunuz, hakimlərin iş yükünün çox olduğunu nəzərə alsaq, bu sizin üçün çətin olmur ki?
- Konfutsinin sözləri ilə desəm, “heç vaxt işləmək istəmirsənsə sevdiyin işlə məşğul ol”. Hazırda mənim əsas işim hakimlikdir, lakin pedaqoji fəaliyyətlə də məşğulam. Hakim seçilməmişdən əvvəl bir neçə ali təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olur, dərs deyirdim, lakin əsas iş yerində iş yükünün çoxluğunu nəzərə alaraq hazırda yalnız Bakı Dövlət Universiteti və “SABAH” qruplarında pedaqoji fəaliyyətimi davam etdirirəm. Pedaqoji fəaliyyətdən, tələbələrlə işləməkdən, onlarla biliyimi, təcrübəmi bölüşməkdən böyük zövq alıram. Ümumiyyətlə cəmiyyətin ağıllı, düşünən beyinləri ilə təmasda olmaq, onlara dərs demək, bəzən onlardan öyrənmək, fərqli mövqelər eşitmək özü də insanın inkşafına təkan verir. Özümü şanslı hesab edirəm, çünki eyni zamanda iki sevdiyim işlə məşğul ola bilirəm.
- Hakimliklə bağlı təcrübənizin pedaqoji fəaliyyətinizə hansı qatqıları olur?
- Hakim seçildikdən sonra tələbələrlə təkcə nəzəri deyil, təcrübi biliklərimi də bölüşə bilirəm. Düşünürəm ki, belə olan halda tədris olunan fənn də daha keyfiyyətli olur. Hər hansı məsələni kazuslar üzərindən izah etmək, müqayisəli analiz aparmaq tələbələrin də tədrisə marağını artırır. Tələbələrin ünvanladığı sualları təkcə doktorinal, nəzəri, xarici ölkə hüquq ədəbiyyatı kontekstində deyil, eyni zamanda milli məhkəməmizin formalaşdırdığı təcrübə kontekstində də izah etməyimə böyük qatqısı olur. Qeyd edilənlərlə yanaşı, tələbələrlə daha çox praktik biliklərimi, Ali Məhkəmənin formalaşdırdığı vahid məhkəmə təcrübəsini bölüşdükcə, onların da hakimlik peşəsinə maraqlarının artdığını görmək çox xoş olur.
- Son illərdə hakim korpusu gəncləşir, yeni hakimlər təyin olunur. Sizin tələbələriniz arasında bu peşəyə münasibət necədir? Hakimliyə maraq varmı?
- Deyə bilərəm ki, tələbələr arasında hakim olmaq istəyənlər kifayət qədər çoxdur. Lakin onların əksəriyyəti hakim olmaq üçün özlərini yetişdirməlidirlər. Onların gənc yaşda belə dünyagörüşlü olmaları, hakimlik peşəsinin məsuliyyətini dərk etməkləri məni çox sevindirir.
- Azərbaycanda rəhbər vəzifələrdə təmsil olunan kifayət qədər xanımlar var. Xanım hakimlərin sayı son zamanlar artmaqdadır. Sizcə bunun səbəbi nədir? Ümumiyyətlə, xanım hüquqşünasların hakim peşəsinə marağın artmasının səbəbi nədir?
- Yaş, cinsiyyət məsələlərindən əvvəl hər bir hakim şəxsiyyət kimi formalaşmış insan olmalıdır. Kimliyindən asılı olmayaraq, hər bir hakim bizim cəmiyyətin yetişdirdiyi bir fərddir. Nə qədər qanunlar çərçivəsində fəaliyyət göstərsək də, yetişdiyimiz mühitin, təmasda olduğumuz insanlardan öyrəndiklərimizin, cəmiyyətin təsiri altında formalaşmış ədalət hissinin qərarlara təsiri olur. Ümumiyyətlə, qadınların rəhbər vəzifələrdə irəli çəkilməsi, hakim seçilməsi demokratik cəmiyyətlərə xas labüd tendensiyadır. CEPEJ, Beynəlxalq Hakimlər Assosiasiyası və digər nüfuzlu beynəlxalq təşkilatların üzv dövlətlərə tövsiyyələri sırasında ilk növbədə məhz hakim korpusunda qadın hakimlərin sayının kişi hakimlərə nisbətdə bərabər səviyyəyə çatdırlması durur. Təsadüfi deyil ki, hər il üzv dövlətlərdən bu sahədə real nəticələrin əldə olunmasına dair bağlı hesabatlar qəbul edilir. Bildiyiniz kimi, Azərbaycan cəmiyyəti hər zaman özünün tolerantlığı, demokratik dəyərlərə hörmət edilməsi ilə seçilir. Azərbaycan qadının cəmiyyətin müxtəlif sahələrində qazandığı uğurlar, ərsəyə gətirdiyi işlər peşə seçimində qadın kişi ayrımının əhəmiyyətli olmadığını göstərir.
Xanım hüquqşünasların hakim peşəsinə marağının artmasına gəldikdə, demək olar ki, dünyada gedən proseslər və ən əsası dövlətimizdə uğurlu peşə fəaliyyəti ilə məşğul olan xanımlar cəmiyyətimizdə mövcud olan “kişi işi”, “qadın işi” ilə bağlı stereotiplərin aradan qalxmasına təkan verdi. Bu, bütün sahələrdə, xüsusi ilə hüquq ixtisasi üzrə təhsil alan tələbələr arasında xanım tələbələrin sayının artması, hətta bəzi qruplarda daha çox olması ilə müşahidə edilir. Bu da öz növbəsində əksər hüquqşünasın arzusu olan hakimlik peşəsinə yiyələnmək üçün müraciət edənlər sırasında qadınların çox olması ilə nəticələnir
Mənim fikrimcə, istənilən iş vicdanla görülürsə, onun qadın və ya kişi tərəfindən yerinə yetirilməsi o qədər də əhəmiyyət kəsb etmir. Azərbaycan qadınının və Azərbaycan kişisinin hər zaman çiyin-çiyinə, ümumi məqsədlər, hədəflər üçün birlikdə fəaliyyət göstərməsi, sonunda möhtəşəm nəticələrin əldə olunmasına gətirib çıxarır.
- Son illərdə ölkəmizdə məhkəmə-hüquq islahatları dərinləşib. Siz bu islahatları necə qiymətləndirirsiniz? Görülən işlər sizin fəaliyyətinizin səmərəliliyinə necə təsir edir?
- Məhkəmə sistemi insanın ədalət axtarışında olduğu qurumdur. İnsanlar özlərini məhkəmə sisteminə daha yaxın hiss etməklə yanaşı, məhkəmə araşdırmasının gedişinin hərtərəfli, çətin, qayda-qanuna uyğun aparılmasının əhəmiyyətini dərk etməlidirlər. Məhkəmənin dövlətimizin adından qərar qəbul etdiyini xatırlamalı və buna uyğun hərəkət və ya hərəkətsizlik nümayiş etdirməlidirlər.
Məhkəmə-hüquq sahəsində aparılan islahatlar məhkəmə sisteminin nüfuzunun artmasına böyük təkan verib. Hakimliyə namizədlərin 3 mərhələləri seçim prosesinə keçməsi, həm hakim olmaq istəyən hüquqşünasların sayının artmasına, həm də iş yükü çox olan məhkəmələrə yeni hakimlərin tez bir zamanda təyin olunması ilə nəticələnir. Eyni zamanda elektron məhkəmə sistemi mütəmadi olaraq yenilənir və qanunvericilikdə edilən dəyişikliklər günün tələbinə uyğun olaraq təkmilləşdirilir. Hesab edirəm ki, hakimlər üçün xarici dil, ixtisasartırma kurslarının təşkili, yuxarı instansiya məhkəmələrini hakimləri tərəfindən mütəmadi formalaşan məhkəmə təcrübəsi ilə bağlı iclasların keçirilməsi səmərəli iş mühitinin formalaşmasına şərait yaradır.
Bundan başqa, Ali Məhkəmənin təşəbbüsü ilə məhkəmə-hüquq sistemində könüllülərin iştirakçılığın artırılması, hüquq sahəsində təhsil alan gənclərin peşəkar inkişafına nail olmaq, dövlət tərəfindən həyata keçirilən gənclər siyasətinə, o cümlədən bir il əvvəl həm də vətəndaşların hüquqi maarifləndirilməsi istiqamətində görülən işlərə dəstək verən bir qrup gənc hüquqşünaslar tərəfindən “Femida Könüllüləri” Təşkilatı təsis edilib. Femida könüllüləri vasitəsilə tələbə və məhkəmə korpusu arasında əlaqələr daha da güclənib. Bütün görülən işlər fikrimcə, məhkəmə sisteminə öz töhfəsini verməkdədir.