AZ

“Qarabağ” ardıcıl ikinci qələbə axtarışında - YENİLƏNİR

Noyabrın 28-də, yəni cümə axşamı “Qarabağ”ın növbəti avrokubok matçına şahidlik edəcəyik.

“Köhlən atlar” Avropa Liqasının 5-ci turu çərçivəsində Fransa “Lion”unu qəbul edəcək. Düzdü, matçın keçiriləcəyi stadionda anşlaq olacağı gözlənilir. Lakin tribunalarda yer ala bilməyəcək azarkeşlər də oyunu “CBC Sport”un efirindən izləmək imkanına malikdi.

Avropa Liqası
əsas mərhələ, 5-ci tur
Qarabağ – Lion

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21.45.

“Qarabağ” artıq 8 matçdan dördünü geridə qoyub. Təəssüf ki, ilk üç matçda məğlub olan komandanın turnir cədvəlindəki yeri ürəkaçan deyil, yəni ilk “24-lük”dən kənardayıq. Durumu toparlamaq, başqa sözlə, azı pley-off mərhələsinə vəsiqə qazanmaq üçün son dörd qarşılaşmada maksimum nəticə qazanmaq mütləqdi. Çünki təhlükə gözləniləndən daha böyük ola bilər. Bu öz yerində. Onsuz da “Bude/Qlimt”i məğlub edən komanda gələcəyə doğru inamlı addım atıb. Bəs “Lion”la matçda qələbə qazanmaq mümkündümü?

Əlbəttə! Birincisi Qurban Qurbanov əvvəlki oyunlara nisbətən heyətlə bağlı daha geniş seçim imkanına malikdi. O başqa məsələ ki, Bədavi Hüseynov və Amin Ramazanov zədəlidi. Cəzalı isə yoxdu. Şahruddin Məhəmmədəliyevin adı “Səbail”lə matçın iştirak ərizəsində yer aldı. Hər halda, baş məşqçiinin ona şans verəcəyi gözlənilmir. Bu matçda azarkeş dəstəyi də “Qarabağ”dan yanadı. Son məlumata görə, satışa çıxarılan biletlərin 17500-ü sahibini tapıb. Oyun gününə qədər hamısının satılacağı gözlənilir. “Lion” tərəfdarları üçün isə 448 yer ayrılıb. 30 min civarında azərbaycanlının dəstəyi hara, maksimum 448 fransalı hara?!

İndi rəqibi bir qədər yaxından tanıyaq. “Lion” Fransanın 7 qat çempionu, ölkə kubokunun 5 qat, Superkubokunun 8 qat qalibidi, həmçinin 2001-ci ildə Fransa Liqa kubokunu, 1997-ci ildə isə İntertoto kubokunu qazanıb. “Şirlər”in həm də zəngin avrokubok təcrübəsi var. Onlar 17 dəfə Çempionlar Liqasında iştirak edib, 2009/10 və 2019/20 mövsümlərində yarımfinala qədər irəliləyib. Məşhur statistika portalı “Transfermarkt”ın məlumatına görə, klubun dəyəri 240,30 milyon avrodu. Heyətdə 29 futbolçu var ki, onların 11-i milli komandalarda çıxış edir, 18-i legionerdi. Baş məşqçi Pyer Saj ötən ilin noyabrından bu vəzifədədi.

Təbii ki, “Lion” ciddi və çətin rəqibdi. Avropa Liqasının əsas mərhələsinin ilk 4 turunda “Olimpiakos” (2:0), “Reyncers” (4:1), “Beşiktaş” (0:1) və “Hoffenhaym” (2:2) ilə qarşılaşıb. Göründüyü kimi, fransalılar son iki matçda uğursuzluq yaşayıb. Odu ki, Bakıda növbəti xal və ya xallarını qazanmaq üçün əllərindən gələni edəcəklər. “Qarabağ” isə buna göz yumacaq durumda deyil. “Köhlən atlar”ın xala ehtiyacı daha çoxdu, nəyin bahasına olur-olsun, qələbə qazanmaq lazımdı.
Maraq üçün deyək ki, bu, ağdamlıların fransızlarla ilk görüşü deyil. “Köhlən atlar” 1999-cu ildə “İntertoto” kubokunda “Monpelye”ylə qarşılaşıb və hər iki matçda darmadağın edilib – 0:3, 0:6. Avropa Liqasının 2014/15 mövsümündə isə “Sent-Etyen”lə eyni qrupda mübarizə aparıb – 0:0, 1:1. Elə bu turnirin 2015/16 mövsümündə də rəqiblərdən biri Fransa klubu olub. Söhbət qrup mərhələsində qarşılaşdığımız “Monako”dan gedir – 1:1, 0:1. “Marsel” isə Konfrans Liqasının 2021/22 mövsümünün pley-offunda “Qarabağ”a imkan verməyib – 0:3, 1:3. Avropa Liqasının 2022/23 mövsümündə də fransalı rəqiblərlə qarşılaşma baş tutub. Bu dəfə “Nant”la eyni qrupda top qovan “köhlən atlar” uğurlu çıxış edib – 3:0, 1:2.

KƏNAN BAHADIR

Seçilən
9
football-plus.az

1Mənbələr