AZ

Bakı konfransı iqlim həmrəyliyinə yeni nəfəs verdi

COP29-un Azərbaycanda keçiriləcəyi ilə bağlı yekdil qərar imzalandığı ilk günlərdən konfrans başa çatana kimi Fransa, ABŞ, Niderland, Norveç, Almaniya və digər ölkələrın respublikamıza qarşı qarayaxma, təzyiq kampaniyaları ara vermədi. Bütün bunlara baxmayaraq sammit uğurlu sonluqla yekunlaşdı. Bir sözlə, nüfuzlu bir tədbiri siyasi şouya çevirmək istəyənlərin, suyu bulandırmağa cəhd göstərənlərin bütün cəhdləri nəticəsiz qaldı.

Siyasi və iqtisadi məsələlər üzrə şərhçi, Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifovun sözlərinə görə, dünyada ən mötəbər tədbirlərindən hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi qərarının qəbulundan ötən müddət ərzində bu sammitin ölkəmizdə keçirilməsini istəməyən güclər bütün imkanlarını bir araya gətirərək belə bir toplantının respublikamızda keçirilməsini boykot etməyə çalışdılar. Lakin alınmadı. Qərbin bu sıradan olan ədalətsizliklərinə bir qayda olaraq öz əməli işi ilə cavab verən Azərbaycan növbəti dəfə bu basqılara qətiyyətlə sinə gərdi.

Ermənistan hərbi birləşmələri tərəfindən torpaqlarımızın 30 il işğal altında saxlandığı zaman kəsiyində Qərbin bu problemin çözülməsi istiqamətində sərgilədiyi ikili standartları nə Azərbaycan hakimiyyəti, nə də Azərbaycan xalqı unutmayacaq. Bu dövrdə nə ABŞ, nə də Avropa Birliyi torpaqlarımızın işğaldan azad edilməsi yolunda heç bir əməli addım atmadı. Yeganə edə bildikləri ATƏT-in Minsk Qrupunun 30 il ərzində bölgəyə mənasız səfərlərini təşkil etmək oldu. Dünyanın istənilən ölkəsinə BMT Təhlükəsizlik Şurasının razılığı olmadan, min bir bəhanə tapıb hərbi müdaxilə edənlər, 30 il ərzində işğal olunmuş torpaqlarımızdan erməni hərbi birləşmələrinin qeyd-şərtsiz çıxarılmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını gerçəkləşdirəcək bir addım belə atmaq istəmədilər.

Problemin həllində Qərbin belə yanaşmasını görən Azərbaycan hökuməti sonda öz ordusu ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını reallaşdırdı. Məhz ölkəmizin bu addımından sonra Qərbin ona qarşı basqıları daha da artdı. Qərb Fransa kimi işğalçı və dünyada siyasi əxlaqa sığmayan əməlləri ilə tanınan bir ölkənin əli ilə Azərbaycana təzyiqləri artırmaqda davam etdi. Azərbaycanın bir milyon qaçqın və köçkününü, Qarabağda daşın daş üstündə saxlanmadığını görməzdən gələn bu dövlətlər indi də qəsbkardan təmizlənən torpaqlardan öz istəyi ilə gedən erməniləri ora qaytarmağın yollarını axtarırlar. Bu, əslində, erməni sevgisi deyil! Bu, sadəcə, bölgəyə girmək üçün seçdikləri yoldur! Ancaq ağılsız bir seçimdir.

F.Yusifov bildirir ki, Azərbaycan bu gün Qərbin siyasi dairələrinin bütün basqılarına baxmayaraq öz siyasi iradəsini dünyaya nümayiş etdirir. Azərbaycan kiminsə vassalı olacaq bir dövlət deyil! Qərbin böyük gücü hesab edilən Fransa kimi dövlətlərin həzm edə bilmədikləri bax, budur. Onlar özlərindən kiçik ölkələrin müstəqil siyasət yürütməsini həzm edə bilmirlər. Bu səbəbdən də əllərinə düşən istənilən fürsətdən Azərbaycana qarşı basqı edirlər.

Beləliklə, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan, ölkəmizə şər-böhtan atmaqdan belə çəkinməyən həmin ölkələrin diqtəsi ilə aparılan qarayaxma kampaniyaları uğursuzluqla nəticələndi. Konfrans iştirakçılarında Azərbaycanda mövcud xalq-iqtidar birliyi haqqında aydın təsəvvür yarandı. Dövlətimizin başçısının iqlim konfransında dərin məzmunlu çıxışları, müxtəlif ölkə rəhbərləri və digər ali qonaqlarla səmimi görüşlərindəki söhbətləri Prezident İlham Əliyevin sülhpərvər siyasət yürütdüyünü, yerləşdiyimiz coğrafiyada əmin-amanlığın tərəfdarı olduğunu bir daha dünyaya nümayiş etdirdi.

 

Seçilən
23
xalqqazeti.az

1Mənbələr