AZ

Baş prokuror Qətərdə

Noyabrın 26–27-sində Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ikinci yüksək səviyyəli görüşündə iştirak üçün Qətər Dövlətinə işgüzar səfər edib.

Yüksək səviyyəli iclasda çıxış edən Kamran Əliyevin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli prioritetlərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış ardıcıl islahatlar, hüquqi və institusional tədbirlər barədə xarici həmkarlarına məlumat verib, İslam ölkələri ilə əməkdaşlığa ayrılan xüsusi diqqətin çoxsaylı nümunələrindən biri kimi Məkkə Konvensiyasının qəbul edilməsi təşəbbüsünün ilkin mərhələdən etibarən Azərbaycan tərəfindən dəstəkləndiyini vurğulayıb.

Çıxışında habelə, ölkəmizin prokurorluq orqanlarının qlobal və regional anti-korrupsiya təşəbbüslərində fəal iştirakına dair məsələlərə də yer verən Kamran Əliyev cari ildə ölkəmizdə keçirilmiş dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri kimi COP29, həmin tədbir çərçivəsində Azərbaycan Prokurorluğunun xarici tərəfdaşlarla birgə təşkil etdiyi yüksək səviyyəli plenar sessiya, həmçinin Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransı və ümumi yığıncağın uğurlarına töhfə vermiş İslam ölkələrinin nümayəndə heyətlərinə bir daha təşəkkürünü ifadə edib.

Mütərəqqi beynəlxalq təşəbbüslərə daim açıq olmaqla bu sahədə etibarlı platforma rolu oynayan ölkəmizdə aktual mövzu üzrə keçiriləcək tədbirlərə də toxunan Baş prokuror Kamran Əliyev BMT-nin “GlobE” Antikorrupsiya Şəbəkəsinin altıncı plenar sessiyasının 2025-ci ilin may ayında Bakıda keçiriləcəyini qeyd etməklə həmkarlarını həmin tədbirə dəvət edib, İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının üçüncü yüksək səviyyəli görüşünə 2026-cı ildə ev sahibliyinə ölkəmizin namizədliyinə göstərilən dəstəyə görə həmkarlarına minnətdarlığını bildirib.

Tədbirdə ölkəmiz İƏT-ə Üzv Dövlətlərin antikorrupsiya qurum rəhbərlərinin Bürosunun sədr müavini seçilib.

Səfər çərçivəsində Baş prokuror Qətər dövlətinin İnzibati Nəzarət və Şəffaflıq Təşkilatının sədri Hamad Ben Nasser Al Misnad, Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə üzrə Qurumunun (Nazaha) Prezidenti Mazin bin İbrahim Əl Kahmus, Pakistanın ədliyyə naziri Azam Nazir Tarar, İraq Federal Dürüstlük Komitəsinin sədri Məhəmməd Əli Əl-Lami və İƏT-in Baş katibi Hüseyn İbrahim Taha ilə də görüşüb.

Tədbirlərdə ölkəmizin Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev iştirak edib.

XQ

Seçilən
11
9
xalqqazeti.az

10Mənbələr