AZ

Türkiyənin turizm cənnəti: Koroglunun yurd yeri olan Bolu -FOTOLAR

Türkiyənin bütün bölgələri cənnəti xatırladır. Hər bölgəsinin özünəməxsus gözəlliyi var. Bu bölgələrdən bir də tarixi bir şəhər olan Boludur. Bolu haqqında  haqqında tarixi mənbələrdə müxtəlif məlumatlar var. Şəhərin tarixi haqqında tarixçilər müxtəlif fikirdədirlər. Yunan tarixçiləri şəhərin miladdan öncə inşa edildiyini bildirir.

image-2222

2022-ci il siyahıya alınmasına görə  vilayətin ümumi əhalisi 344 079 nəfərdir.  Bolu Şəhər mərkəzində isə 191.100 nəfər yaşayır.

Vilayətin mərkəzi qəzasından başqa 8 rayon, 4 şəhər və 511 kənd var.

Bolu şərqdə Çankırı, şimal-şərqdə Karabük, şimalda Zonquldak və Qara dəniz, qərbdə Düzce və cənubda Ankara ilə əhatə olunub.

Ərazisinin böyük hissəsi dağlarla əhatə olunan, çayların çoxluğu ilə seçilən, təbii və süni gölləri, şəfalı su ehtiyatları, zəngin mineral bulaqları ilə tanınan Bolu Türkiyənin füsunkar şəhərlərindən biridir. Özündə qədim Roma və yunan mədəniyyətlərinin izlərini saxlayan Bolu şəhəri həm də türk dünyası üçün ortaq əhəmiyyət daşıyan dastan qəhrəmanı Koroğlunun ədalət uğrunda mübarizə apardığı yerlərdən biri kimi tanınır. Şəhərin mərkəzində ucaldılan Koroğlu heykəli, ətrafda dastan qəhrəmanının şərəfinə adlandırılan otel və restoranlar, vilayətin ərazisində yerləşən Koroğlu dağı da boluluların ortaq irsimizə göstərdiyi böyük marağın göstəricisidir.

Bolu şəhərinin yaranma tarixi dəqiq bilinmir, amma tarixi mənbələr şəhərin eramızdan əvvəl, təqribən 2000-ci ildə Het dövlətinin tərkibində olmasından xəbər verir. Şəhərin sonradan Vifiniya dövlətinin tərkibində olduğu da  vurğulanır. Tarixçi Strabon Vifiniya şəhərini Yunanıstanla əlaqələndirir. Bolunun Roma hökmranlığı illlərində isə imperator Klavdinin şərəfinə Klavdiopolis adlandırıldığı məlumdur. Osmanlı dövlətinin Bolu üzərində hakimiyyəti 1320-ci illərə təsadüf edir. Osman Qazi dövründə (1299-1324) Konur Alp tərəfindən Osmanlı torpaqlarına qatılmışdı. Cümhuriyyət dövrünə qədər müstəqil mərkəz olaraq idarə olunan Bolunun 1923-cü ildə vilayət halına gətirildiyi bildirilir. Bolunun Osmanlı sultanı İldırım Bəyazidin ölümü ilə başlayan şahzadələr müharibəsinə də dəfələrlə səhnə olduğu məlumdur.

Bolu adının da haradan alındığı hələ də tam olaraq bilinmir. Ancaq Bolu adının Osmanlı dövründə Klavdiopolis adı əvəzinə istifadə edilməsi ehtimalı daha yüksəkdir. Vilayətin keçmiş valisi Camal Bardakçı “Bolu” adının beş min illik ata-baba yadigarı olduğunu, bu regionda o vaxtlar Bolu adında qəbilənin yaşadığını irəli sürmüşdü. Bolu ilə daha bir maraqlı məqam onun xristianlığın yayılmasında mərkəz şəhər olması barədə faktların olması ilə bağlıdır. Roma imperiyası ikiyə bölündüyü zaman isə Bolu Şərqi Romanın, yəni Bizansın payına düşmüşdü. Bir sözlə, Boluda bir çox sivilizasiyanın izi var, belə müxtəliflik də şəhəri zənginləşdirir, turist axınına təkan verir.

Yamyaşıl şəhər olan Bolu Ankara ilə İstanbul arasında yerləşdiyi üçün hər iki şəhərdən təsirlənmiş özəlliklərə malikdir. Yerləşdiyi coğrafi ərazi ilə əlaqədar dəniz iqlimi ilə iç Anadolu iqlimi arasında keçid zonası sayılır. Boluda yay və qış mövsümləri arasında istilik baxımından da çox fərq müşahidə edilmir. Amma Boluda illik yağmurun miqdarı çoxdur. Şəhərdə olduğumuz müddətdə gün ərzində havanın anidən dəyişməsinin, yəni günəşli hava şəraitinin yağmurlu havaya dəyişməsinin şahidi olduq. Belə bol yağışlı şəraitin də olması Bolunu yaşıllığa qərq edir. Qışı sərt keçən Boluda yay aylarında orta temperatur 20 dərəcə səviyyəsində qalır. Bu özəllikləri Bolunu yay mövsümündə yandırıcı istilərdən təngə gəlmiş insanların sığınacağına çevirir.

Bu gün Bolunun bütün ərazisi qoruq zonasıdır və Koroğlu milli parkının tərkibinə daxildir. Şəhərdən 20 kilomert uzaqda məşhur Qartalqaya kurortu yerləşir. Şəhər istər tarixi, istərsə təbiət gözəlliyi planında da böyük maraq doğurur. Burada müxtəlif dövrlərə aid nadir memarlıq nümunələrinə rast gəlmək mümkündür.

Boludan bir qədər aralıda yerləşən antik Göynük qəsəbəsində Şeyx Akşəmsəddin türbəsini nümunə göstərmək olar. 1389-cu ildə Şam şəhərində anadan olmuş Akşəmsəddin çoxşaxəli alim, təbib və “Şəmsiyyə-Bayramiyyə” adlı dini təriqətin banisi olması ilə bərabər, həm də Osmanlı sultanı Fateh Sultan Mehmetin müəllimi kimi tarixə düşmüşdür. Mehmet Emin Özmen adlı müasir araşdırmaçı onu İstanbulun mənəvi fatehi adlandırır və əsl adının da Məhəmməd ibn Həmzə olduğunu bildirir. Alimin fikrincə, saç-saqqalının ağ olmasına və ya ağ rəngdə geyinməsinə görə onu Akşeyx və ya Akşəmsəddin çağırırmışlar. Mehmet Emin Özmen Ağşəmsəddinin Azərbaycan fəlsəfəsində özünəməxsus iz qoymuş Şihabəddin Ömər Sührəvərdinin nəslindən olduğunu da yazır.

Şeyx İstanbulun fəthində Osmanlı sultanına kömək etməsilə də tanınır. Alimin uşaqları, tələbələri və müridləri ilə birlikdə fəth ordusuna qatıldıqları da bildirilir. Akşəmsəddinin İstanbulun fəthindən sonra sultanın israrına baxmayaraq, İstanbulda qalmaq istəmədiyi, Bolunun Göynük qəsəbəsinə çəkildiyi və 1459-ci ildə 70 yaşında vəfat etdiyi məlumdur. Bu gün alimin türbəsi böyük maraq doğuran ziyarətgahlardan biridir. Akşəmsəddin ilə bağlı maraqlı bir fakt da onun iki əsr öncə mikrob barədə dedikləridir. Məlumdur ki, mikrobları ilk dəfə 1676-cı ildə holland alimi Antoni van Levenquk kəşf etmişdi. Halbuki Akşəmsəddin “Maddetül-Hayat” adlı əsərində mikroblar haqqında belə yazmışdı: “Xəstəliklərin insanlarda bir-bir ortaya çıxdığını güman etmək səhvdir. Xəstəlik insandan insana yoluxma vasitəsilə keçir. Bu yoluxma, gözlə görülməyəcək qədər kiçik, lakin canlı toxumlar vasitəsilə olur”.

Qeyd etdiyimiz kimi, Bolu şəfalı su ehtiyatları baxımından da zəngindir, mineral bulaqları ilə məşhurdur. Aşkar edilmiş mineral suları da turizm potensialını artırır. Bolu şəhəri termal və mineral sularının çoxluğu baxımından Türkiyənin digər regionlarına münasibətdə ilk sıradakı yerini mühafizə edir. Doğrusu, Bolu mineral bulaqlarının tarixi haqqında dəqiq məlumat yoxdur. Ancaq mineral bulaqlardan qədim dövrlərdə də istifadə edildiyi məlumdur. Josef Pitton de Turnefor, Uilyam ­Martin Lik və Uilyam Hamilton kimi məşhur səyyahların Bolunun mineral bulaqları barədə oxuculara məlumat verdikləri bildirilir. Məşhur səyyah Evliya Çələbi isə “Səyahətnamə” adlı əsərində Bolu mineral bulaqları haqqında belə bir arayış vermişdi: “Bolu şəhərinin cənub qurtaracağında… kicik qədim isti bulaq var. Allah Təalanın yaratdığı dünyaca məşhur isti sudur. Son dərəcə istidir, qotur xəstəliyinə faydalıdır. İçənin mədəsini yaxşılaşdırır, bədənini pambıq kimi edir. Şəfa gücü görülmüş bir isti bulaqdır. Şəhərin böyüyü- kiçiyi, araba- araba bu isti bulağa gəlib xəstəliklərindən xilas olurlar”.

Bəzi tarixçilər mineral bulaqlardan Səlcuqlar dövründə də istifadə edildiyini yazırlar. Boluda şəfalı suların romalılardan bəri istifadə olunduğu ehtimal edilsə də, romalıların burada olan yeddi ayrı mənbə üzərində inşa etdikləri yeddi hamamın qalıqları günümüzə qədər gəlib çatmamışdır. Şəhərdə “Bolu Termal” adlanan otel ərazisində də termal hamam fəaliyyət göstərir. Maraqlıdır ki, Bizans dövründən qalma tarixi hamamlar üzərində qurulan sanatoriyadan həm otel müştəriləri, həm də bolulular yararlanırlar. 15 lirə qarşılığında hamamdan istifadə edən şəhər sakinləri belə möcüzəvi suyun bərəkətindən gen-bol faydalanırlar. Bolu mineral bulaqları revmatizm, nevralgiya, nevrit, polinevrit, mədə-bağırsaq, qaraciyər və qadın xəstəlikləri üçün faydalıdır. Bundan başqa, Boluda yerləşən Gölcük təbiət parkı və digər təbii gözəlliklər isə müalicə-sağlamlıq turizmi baxımından da diqqət çəkir. Xüsusilə də Gölcük gölünün flora və faunası, eləcə də gölün ətrafında yerləşən yeganə ev insanlarda gözəl atmosfer oyadır. Koroğludan sonra Bolunun simvoluna çevrilən Gölcük gölünün ətrafında yerləşən həmin evin Meşə Nazirliyinin qonaq evi olduğunu bildirirlər.

Qeyd etdiyimiz kimi tarixi abidələrlə dolu olan bu şəhəri mühafizə olunan muzey adlandırmaq olar. Məhz bu səbəbdən Bolu turistlərin ən çox sevdiyi məkanlarlardan biridir. Türkiyə turizminin ən gözələmili şəhərlərindən biri olan Bolunun tarixini öyrənmək, gəzmək üçün çox zamana ehtiyac. Bolu həm də türkdilli xalqların ortaq şəhəridir. Bütün türkdilli xalqlar Boludan olduğu deyilən dastanlarda adı keçən və Cəlairlər hərakatının rəhbəri Koroğlunu öz qəhrəmanı hesab edir. Bir sözlə yolunuz Boluya düşsə tarixlə üz-üzə həmsöhbət olmaq imkanınız olacaq. Çünki indi sizə haqqında yazacağımız bu abidələr bir ölkənin tarixini özündə əks etdirən abidələrdir.

Bolunun Büyükcami rayonunda yerləşən məscid tarixi Yıldırım Bəyazit məscidi  1382-ci ildə Yıldırım Bayezit tərəfindən inşa edilib. Lakin  dəhşətli yanğından sonra tamamilə xarabazara çevrilən məscidin yerində  1899-cu ildə  indiki məscid tikilib. Qoşa minarəli və tək günbəzli məscidin daxili bəzəyi olduqca maraqlıdır.

image-87046-yildirim-beyazit-camii

Böyükcami rayonunda yerləşən digər məscid isə  1499-cu ildə Dəmirtaş Paşanın oğlu tərəfindən tikilən məsciddir. Mehmet Paşa  tərəfindən tikilən bu məscid öz arnametrləri ilə turistlərin ən sevdiyi məkandır. Dördbucaqlı planlı məscidin mehrab hissəsi var.  Kəsmə daşdan tikilmiş məsciddin taxta bayır qapısı kündekari sənətkarlığının gözəl nümunələrindən biridir.

image-88685-bolu-sarachane-camii-fazil-karaduman

Bolu şəhərinin tam mərkəzində daha bir məscid isə 1750-ci ildə Silahtar Mustafa Ağa tərəfindən tikilən məsciddir. Dördbucaqlı planlı, dam örtüyü taxtadan olan məscidin şərq və cənub divarlarında uclu tağlı fəvvarələr var.

Bolunun   Mudurnu rayonunda olan tarixi Yıldırım Bayezid Hamamı öz gözəlliyi ilə hər kəsi valeh edir.
Mudurnu rayonunda yerləşən hamam eyniadlı məscidin yanındadır. Memarı Ömər bin İbrahim olan hamam eyni dövrdə tikilmiş hamamların ən gözəllərindən biridir. 1382-ci ildə tikilmişdir. Hamam tac qapısı və günbəz keçidləri ilə diqqəti çəkir.

image-87577-mudurnu-yildirim-beyazit-hamami

Bolunun daha bir gözəlliyi isə şəhərin  mühafizə zonası elan edilən Göynük köhnə türk evləridir. Burada tapılan evlər 20-ci əsrin əvvəllərinə aiddir. Evlərin damları, ümumiyyətlə, dam örtüyü tiplidir və yerli kirəmitlə örtülmüşdür. Bəzi evlərin salonlarında müxtəlif motivlərlə bəzədilmiş tavanlar var. Evlər ümumiyyətlə bir və ya iki mərtəbəli olaraq birinci mərtəbəlidir və daxili pilləkənləri var. Evlərin qarşısında “həyat” deyilən həyətlər də var. “Göynük rayonu 2017-ci ildə “Citta Slow” elan edilib.”. Daha bir maraqlı məqam isə Boluda olduğu evlər kimi Şəkidə də evlər bu tipdədir. Digər bir maraqlı məqam isə Şəkidə Göynük kəndinin olmasıdır.

image-86683-goynuk

Türkiyə öz gözəlliyi ilə dünya turizminə boy göstərir. Hər şəhəri, hər kəndi bir gözəllik və tarix olan Türkiyəni həm də mədəniyyət beşiyi adlandırmaq olar. Bir sözlə yolunuz Türkiyəyə düşsə mütləq Boluya səfər edin və bu gözəlliklərlə tanış olun.

Qoşqar Salmanlı

Seçilən
28
1
veteninfo.az

2Mənbələr