AZ

Gürcüstanda nələr baş verir?

Parlamentin ilk iclası legitim keçirilib

Gürcüstanın yeni seçilmiş parlamentinin ilk iclası olub. İclasda yalnız hakim “Gürcü arzusu”nun deputatları iştirak ediblər. 4 müxalifət partiyası isə ali qanunvericilik orqanının binası qarşısında etiraz aksiyası keçirib. Onlar meydana çadırlar, yataq çantaları gətiriblər. Etriazçılar iddia ediblər ki, seçki kampaniyası və səsvermə zamanı ciddi saxtakarlıq olub və bu, “Gürcü arzusu”nun xeyrinə nəticəyə ciddi təsir edib. Onların fikrincə, parlamentin tanınması isə Konstitusiyanın və parlament qaydalarının kəskin pozulmasıdır.

Parlamentin ilk iclası müxalifət qüvvələrinin boykot etməsinə baxmayaraq, açılıb. Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsak Novruzov qonşu ölkədə ictimai-siyasi durumla bağlı XQ-yə müsahibəsi zamanı əvvəlcə bunları dedi:

– Parlamentə daxil olan 4 müxalifət lideri oktyabrın 26-da keçirilən seçkilərdə total saxtakarlıq olduğunu iddia edərək 11-ci çağırış qanunverici orqanda işləməkdən imtina etdilər. Onlar nəticələrin ləğvini, bu məsələ ilə bağlı beynəlxalq araşdırma aparılmasını, sonra isə yeni seçkilərin keçirilməsini tələb etdilər. Bu səbəbdən də yeni parlamentin iclasının keçirilməsinə qarşı idilər. Müxalifətə dəstək vermək üçün Avropadan 7 dövlətin nümayəndələri– parlament üzvləri, komitə sədrləri də gəlmişdilər. Amma niyyətlərinə nail ola bilmədilər. Parlamentin ilk iclası sakit keçdi.

Etirazçılar parlamentin qarşısında toplaşsalar da, girişi bağlaya bilmədilər. “Gürcü arzusu”nun deputatları çox rahatlıqla iclas salonuna daxil oldular. Əslində, iqtidar partiyası küçədə də qələbə qazandı. Parlament iclası bu qələbəni möhkəmləndirdi.

– Qərbyönlü müxalifət partiyaları “seçkilərin nəticələri saxtalaşdırılıb”, - deyə etiraz edirlər. Dövlət başçısı isə bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət edib. Belə bir şəraitdə iclasın keçirilməsi nə dərəcədə qanuni idi?

– Gürcüstan Konstitusiyasına görə, prezident yeni parlamentin ilk iclasını çağırmalı və açmalı idi. Amma o bundan imtina etdi. Noyabrın 19-da Konstitusiya Məhkəməsinə müraciət edərək parlament seçkilərində total saxtakarlıq olduğunu bildirdi və yeni seçkinin keçirilməsinin vacibliyini vurğuladı. Müxalifət Konstitusiya Məhkəməsinin iddia ilə bağlı qərar qəbul etməsinədək parlamentin tam səlahiyyətli olmadığını bildirdi. Bu iddialar absurddur.

Yenə də deyirəm, Gürcüstanın 11-ci çağırış parlamenti ölkə Konstitusiyasının 38-ci maddəsinə uyğun olaraq tam legitim şəkildə iclas keçirib. Bu maddədə açıq şəkildə qeyd olunur ki, Mərkəzi Seçki Komissiyasının yekun protokolu elan edildikdən sonra parlament 10 gün ərzində toplana bilər. Bütün iddialar Konstitusiyadan yüksək ola bilməz. Qanun parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edən və yeni parlamentdə işləmək niyyətində olmadığını iddia edən şəxslərin mandatlarını tanıya bilər.

“Gürcü arzusu” koalisiyası parlamentdə səs çoxluğuna malikdir. 150 mandatdan 89-u ona iclası keçirməyə, nazirləri təyin etməyə və qanunlar qəbul etməyə imkan verir. İclasda iştirak edənlər yeni seçilən 150 deputatın hamısının səlahiyyətlərini tanıdılar. Və parlamentin ilk iclasında sədr və onun müavinlərini seçdilər. Şalva Papuaşvili ikinci dəfədir ki, parlamentin sədri seçildi.

– Deməli, vəziyyət iqtidarın xeyrinədir. Müxalifət bundan sonra nəyə nail ola bilər?

– Müxalifət parlamentin iclasında iştirak etmək əvəzinə, sadəcə hay-küy yaradır. Hələ də Zurabişvilinin rəhbərlik etdiyi qərbyönlü partiyaların üzvləri (yeni çağırışda onlardan 61 nəfər var) küçələrdə qışqırmaqda davam edirlər. Seçkilərdən ötən bir ay ərzində onlar seçki saxtakarlığı ilə bağlı heç bir ciddi sübut təqdim edə bilməyiblər. Üstəlik, istintaqla əməkdaşlıqdan imtina ediblər.

Ümumiyyətlə, müxalifətin vahid rəyi, konsolidasiyası yoxdur. Eləcə də aydın fəaliyyət planı. Sadəcə danışmağı sevirlər. Düşünürəm ki, zaman-zaman aksiyalar olacaq. Amma bunlar böyük miqyaslı deyil, lokal xarakter daşıyacaq. Parlamentin ilk iclası zamanı müxalifətin etiraz fəallığının pik nöqtəsinə çatacağı gözlənilirdi. Ancaq gördüyünüz kimi, sıraları seyrək idi və iclasın keçirilməsinə mane ola bilmədilər. Zaman keçdikdə bu etiraz aksiyaları da sönəcək.

Əgər müxalifət deputatları mandatlarından imtina etmək istəyirlərsə, bu onların hüququdur. Onların deputatlıq statusundan məhrum edilib-edilməməsi məsələsinə (müraciətləri əsasında) parlament qərar verəcək.

– Bəs növbəti prezident seçkisi əvvəlkilərdən nə ilə fərqlənəcək və kim prezident seçilə bilər?

– Konstitusiyaya görə, Gürcüstanda prezident seçkiləri oktyabr ayında keçirilir, lakin seçkilərin tarixi parlament seçkiləri ilə eyni vaxta təsadüf edərsə, yeni seçilmiş parlamentin ilk iclasından sonra 45 gün ərzində prezident seçkiləri keçirilir. Oktyabrın 26-da parlament seçkiləri baş tutub, ilk iclas noyabrın 25-də olub. Konstitusiyaya uyğun olaraq yeni prezidentin seçilmə tarixi də məlumdur. Dövlət başçısını dekabrın 14-də 300 nəfərlik seçki kollegiyası seçəcək. Onu da deyim ki, yeni prezidentin səlahiyyət müddəti 5 ildir. Yaş məhdudiyyətinə gəlincə, yalnız yaşı 40-dan az omyan və ölkədə azı 15 il yaşayan Gürcüstan vətəndaşı prezident seçilə bilər.

– Salome Zurabişvili Gürcüstanın birbaşa seçilmiş sonuncu prezidentidir. Onun yenidən prezident seçilmək şansı varmı?

– Bəli, Salome Zurabişvili Gürcüstanın birbaşa seçilmiş sonuncu prezidentidir. O, 2018-ci il noyabrın 28-də “Gürcü arzusu” partiyasının dəstəyi ilə Gürcüstanın 5-ci prezidenti seçilib və dekabrın 16-da inauqurasiya mərasimi baş tutub.

Yuxarıda qeyd etdiyim kimi, yeni prezident artıq birbaşa yox, 300 seçki kollegiyası tərəfindən seçiləcək və namizəd isə ölkə vətəndaşı olmalıdır. Zurabişvili Fransa vətəndaşıdır. Bu şərtlər altında Zurabişvilinin ikinci dəfə prezident seçilmək şansı yoxdur. Bu gün isə o, radikal müxalifət düşərgəsinə keçərək onu seçmiş insanlara qarşı çıxır.

Hazırda “Gürcü arzusu” dövlət başçısı vəzifəsinə öz namizədini təqdim etməyə hazırlaşır. Hakim partiya bunu yaxın vaxtlarda açıqlayacaq. İnanıram ki, gələcək prezident ilk növbədə vətənpərvər, vicdanlı olacaq və vətəninə xidmət edəcək.

Müsahibəni apardı:
Pünhan ƏFƏNDİYEV
XQ

Seçilən
24
22
xalqqazeti.az

10Mənbələr