AZ

Tüksüz və sallaqqulaq pişiklərin sonu?

Hollandiya “Sfenks” (tüksüz) və “Skottiş fold” (sallaqqulaq) pişiklərə sahib olmağı qadağan edəcək. Bununla bağlı qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Qeyd edək ki, bu pişik cinslərinin artırılması Avropanın əksər ölkələrində qadağan edilib.

“Skottiş fold”un qeyri-adi xarici görünüşünün səbəbi genetik mutasiyadır. Qulaqların əyri formasına görə məsul olan gen skelet anomaliyalarına səbəb olur. Osteoxondroplaziya inkişaf riski yaranır. Bu xəstəlikdən əziyyət çəkən bala pişikdə sümük və qığırdaq böyüməsi pozulur. Xəstə heyvanda şiddətli ağrılar başlayır.

Məlumata görə, Sfenks cinsindən olan pişiklər isə xəstəliklərə daha çox meyillidirlər. Bədənlərində tük olmayan bu pişiklər dəri problemindən əziyyət çəkirlər. Həm isti, həm də soyuq havalarda özlərini pis hiss edirlər. Bığsız olduqları üçün ətraf mühitə reaksiyaları daha zəifdir.

Azərbaycanda isə belə heyvanlara, əsasən də, “Skottiş fold”a böyük həvəslə sahiblənirlər. Hazırda mutasiyalı sayılan bu heyvanların evlərdə, zoomağazalarda, eləcə də xüsusi yerlərdə artırılmasına heç bir qadağa yoxdur. Onlar bu gün bazarda, təxminən, 200-500 manata satılır.

“Canlı Aləmin Mühafizəsi Alyans” İctimai Birliyinin sədr əvəzi Arzu Gülmalıyeva satış məqsədilə həmin cins heyvanların artırılması ilə bağlı fikirlərini qəzetimizlə bölüşdü:

– İnsanları maarifləndirməyə çalışırıq. Onları başa salmaq istəyirik ki, mutasiyalı heyvanların artırılması cinayətdir. Çox istərdik ki, ölkəmizdə bununla bağlı sərt qanunlar qəbul edilsin. Ümumiyyətlə, satış məqsədilə ev heyvanlarının artırılması qadağan olunmalıdır. Yaxud satış məqsədilə cins it, pişik və digər heyvanların ölkəmizə gətirilməsinə imkan verilməməlidir. Bütün bunlar qanunlarla tənzimlənməlidir.

Heyvansevərlrin müraciəti əsasında IDEA Heyvanlara Qayğı Mərkəzi itləri qısırlaşdırır. Məsələn, son 2 il ərzində Sumqayıtda 500-dən çox it qısırlaşdırmışıq. Amma yenə də gündən-günə çoxalır. Hər gün zəhərləyir, güllələyir, maşınla vurub öldürürlər. Küçələrdə insanların gözü qarşısında heyvanların şiddətə məruz qalması həm ürəkağrıdıcı, həm də utancverici haldır.

Azərbaycanda heyvanlarla rəhmsiz rəftar edilməsinə görə cərimələr çox aşağıdır. İtaliyada heyvanlara qarşı qəddar rəftar edən şəxsləri illərcə həbs cəzası və 10 min avroyadək cərimə gözləyir. Bizdə dəfələrlə heyvanlarla rəhmsiz rəftar edilməsi ilə bağlı faktlar aşkar edilib, ictimailəşdirilib. Videoçəkilişlər aparılıb. Hazırda heyvanlara qarşı amansız rəftara görə cərimələr çox aşağıdır.

Düzdür, son illər Azərbaycanda heyvanlara diqqət və qayğı xeyli artıb. Bunu heyvansevərlər də etiraf edirlər. Onları qorumaq bizim borcumuzdur. Xəstə heyvanları artırmaq isə təbiətin qanunlarına daban-dabana ziddir. Gəlir məqsədilə bununla məşğul olanlara qarşı qanunlar sərtləşdirilməlidir. Heyvanları qorumaq təbiətimizi, dünyamızı və həyatımızı qorumaq deməkdir.

Leyla QURBANOVA
XQ

Seçilən
12
50
xalqqazeti.az

10Mənbələr