AZ

Yəhudilərlə ərəblər atəşkəs imzaladı - Yaxın Şərqdə qan dayanacaqmı...

Politoloq: "HƏMAS "Hizbullah" kimi İsrailin atəşkəs təklifinə "ayıq başla" "hə" deməsə..."

HƏMAS hərəkatının rəsmisi İsraillə Qəzza zolağında atəşkəs əldə etməyə hazır olduqlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, hərəkat rəsmisi İsrail və “Hizbullah” arasında Livanda əldə olunan atəşkəsdən məmnun olduğunu bildirib.

“Biz Misir, Qətər və Türkiyədəki vasitəçilərə HƏMAS-ın atəşkəs razılaşmasına və məhbusların mübadiləsi ilə bağlı ciddi razılaşmaya hazır olduğumuzu bildirmişik”, - HƏMAS rəsmisi AFP-yə belə deyib.

Amma Livan cəbhəsindən xoş xəbərlər gəlməkdədir. Belə ki, İsraillə "Hizbullah" arasında atəşkəs əldə olunub. 

İsraillə Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs barədə razılaşma qüvvəyə minib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Əl-Cəzirə” telekanalı yayıb. 

Sənəd BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin dəstəyi ilə Livan ordusunun cənub sərhədi boyunca yerləşən ərazilərə mərhələli şəkildə nəzarətini nəzərdə tutur. İsrail isə öz növbəsində iki ay ərzində öz hərbçilərini Livanın cənubundan çıxaracaq. 

Xatırladaq ki, noyabrın 26-da axşam saatlarında İsrailin hərbi-siyasi kabinetinin baş nazir Benyamin Netanyahu tərəfindən təşkil edilən “Hizbullah”la atəşkəs planını təsdiq etdiyi məlum olub. ABŞ prezidenti Co Bayden razılığın Vaşinqtonun təşəbbüsü ilə əldə olunduğunu açıqlayıb. 

Onu da bildirək ki, İsrail cari ilin sentyabrın sonunda Livanda “Hizbullah”ın infrastrukturunun məhv edilməsi ilə bağlı hərbi əməliyyata başlamışdı.

“Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayır”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.

Bildirilib ki, Azərbaycan atəşkəslə bağlı bu razılaşmanın hərbi əməliyyatlara son qoyacağına ümid edir.

Bu atəşkəs uzunmüddətli, yoxsa ömrü qısa olacaq? 

Sona

Keçmiş deputat, siyasi təhlilçi Sona Əliyeva düşünür ki, İsraillə HƏMAS arasındakı atəşkəs indiki zaman kəsiyində mümkün olmayacaq: “Səbəbi sadədir, çünki ortada "İran düyünü" var. Məsələ ondadır ki, İran indiki mərhələdə Qəzza zolağı və Livan sektorunda İsrailin müharibəni sonlandırmağını istəmirdi. HƏMAS isə Tehran hökumətinin proksi qüvvəsidir. Yəni maliyyəsindən silah tədarükünə qədər bütün vasitələrin əsas təchizatçısı molla rejimidir. İran dövləti başa düşür ki, əgər Qəzza zolağında savaş bitərsə, o zaman Tel-Əviv yaranmış taym-autdan istifadə edərək bütün diqqətini İran sərhədlərinin daxilinə yönəldəcək. Bu da o deməkdir ki, koalisiya qüvvələri - yəni ABŞ və İsraili dəstəkləyən güclər “İrandakı rejimi dəyişmək üçün hərəkətə” keçəcək. Tehran isə hələlik ABŞ və İsraillə Yaxın Şərqin darvazaları ağzında - Livan və Qəzzada döyüşməyi düşünür. Bir sözlə, molla rejimi müharibəni İran sərhədlərinin daxilinə çəkmək istəmir. Elə İran diplomatiyası da buna çalışır. Görünən odur ki, indiki mərhələdə İsrail bu və ya digər yollarla HƏMAS və "Hizbullah"la atəşkəsə ən qısa zamanda nail olmaqla döyüşlərin hərarət istiqamətini dəyişməkdə israrlıdır. Artıq "Hizbullah"la atəşkəs əldə edib. Bu məqamda ABŞ-ın “vasitəçi” qiyafəsində katalizatorluq etməsi əbəs deyil. Çünki Tramp administrasiyasının hakimiyyətə gəlməsinə iki aydan da az zaman qalır. Bayden hökuməti İranla savaşı başladaraq geri çəkilmək niyyətindədir. Yəni Bayden-Harris cütlüyü ən böyük rəqibləri Trampa ağır strateji savaşı miras qoyaraq səhnədən çəkilmək istəyir. Eyni zamanda bu, ABŞ dərin dövlətinin maraqlarına da uyğundur. İranla bağlı uzun illər öncədən hazırlanmış ssenari artıq masadadır. Onun gerçəkləşməsinin vaxtı çoxdan çatıb. Üstəlik, İsrail və ABŞ-ı tələsdirən başqa bir səbəb var. Söhbət İranın ən qısa zamanda nüvə silahına sahib olma təhlükəsindən gedir. Düşünürəm ki, bu ilin dekabrının sonu, yanvarın ilk günlərində İranın daxilinə qarşı koalisiya qüvvələri hərəkətə keçə bilər. İranın yenidən dünyəvi dövlətə keçidi məsələsi də artıq masadadır. Bu baxımdan İsrail bütün güc və imkanlarını səfərbər edərək HƏMAS-la da sülh masasına oturmaqda niyyətlidir. Hətta qısamüddətli - təxminən 3-4 aylıq atəşkəsin elan edilməsi də əsas mövzulardandır. İran məsələsini həll etdikdən sonra Livan və Fələstin təhlükəsi də İsrail dövləti üçün tam şəkildə aradan qalxacaq. Əgər HƏMAS "Hizbullah" kimi, İsrailin atəşkəs təklifinə “ayıq başla” “hə” deməsə, o zaman bu qruplaşmaya qarşı İsrail tərəfindən bihuşedici zərbələr endiriləcək ki, bu da terrorçular üçün daha ölümcül olacaq. Yəni 3-4 günlük bir zaman kəsiyini əhatə edəcək bu tədbirlər HƏMAS və İsrail təhlükəsinin “onurğa fəqərələrini” sıradan çıxaracaq. Belə olan halda, İranın üzərinə yerimək və bütün diqqətləri Azərbaycanın cənubundakı dövlətə yönəltmək bir xeyli asanlaşacaq. Atəşkəs İran üçün indi “intihar”a bərabərdir. Ona görə də İranın xarici güc qanadı əlində olan bütün imkanları Qəzza zolağına və Livana yönəltməyə çalışacaq. Hətta bu istiqamətdə Bəşər Əsəd hakimiyyətinin imkanlarından da istifadə olunması istisna deyil".

Əli

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov atəşkəsin əldə olunmasının hər şeyin bitməsi anlamına gəlmədiyini söylədi: “İsrail-HƏMAS müharibəsindən sonra bölgədə gərginliyin daha geniş areala yayılması və artması gözlənilən idi. Bu müharibəyə Livan da cəlb olunmuşdu, Yəməndəki husilər fəal şəkildə hücumlar təşkil edirdilər. Artıq İsrail-"Hizbullah" razılığı əldə olunub. Amma İsrail İraqa və Suriyaya raket zərbələri endirməyə davam edir, İranla müharibə təhlükəsi yaranıb, Türkiyə əlaqələri kəsib. Bütün bu mənzərə bölgədə mövcud durumun nə qədər kritik olduğunu və hər an müharibə alovunun yayıla bilmə ehtimalının reallaşa biləcəyini göstərir. ABŞ və qərbli müttəfiqlərinin, həmçinin atəşkəs və sülh çağırışlarına baxmayaraq qarşı duran tərəflər arasında buna nail olunmayıb. Razılaşmada diqqət çəkən məqamlardan biri İranın kənarlaşdırılmasıdır. Bildiyiniz kimi, "Hizbullah" İranın proksisi sayılır və Livanın cənub ərazilərində hökmranlıq edir. İranın razılaşmaya reaksiyası hələ məlum olmasa da, İsrail müxalifəti bunu məğlubiyyət hesab edir. Atəşkəsin əldə olunması müharibənin dayandırılması anlamına gəlmir. Münasibətlər o qədər həssasdır ki, hər an hərbi əməliyyatlar bərpa oluna bilər. Düşünmürəm ki, İsrail qarşısına qoyduğu təhlükəsizlik planlarından imtina edərək HƏMAS və "Hizbullah"ı tam bitirməmiş müharibəni dayandırsın”. 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Seçilən
21
musavat.com

1Mənbələr