AZ

İsrail ordusu Livanın cənubundakı 10 əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq etdi

Atəşkəsin ikinci günündə İsrail ordusu livanlılara Livanın cənubundakı 10 qəsəbə və kəndə yaxınlaşmamaq barədə xəbərdarlıq edib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun sözçüsü Aviçay Adraee sosial media hesabında paylaşım edib.
 
Adraee öz açıqlamasında, Livanın cənubundakı Şeba, Əl-Habariye, Mercaiyun, Ernun, Yahmer, əl-Kantara, Shakra, Beraşit, Yatir və əl-Mənsuri kəndlərinə və ətraflarına yaxınlaşmamağa çağırıb.

İsrail Ordusunun sözçüsü Livan xalqına xitab edərək:
 
\"Əlavə xəbərdarlığa qədər bu xəttin cənubundan evlərinizə qayıtmağınız qadağandır. Bu xəttin cənubundan hərəkət edən hər kəs özünü təhlükəyə atmış olar\"-, deyib.
 
İsrail ordusunun Livana hücumlarını gücləndirməsi və cənubdan quru hücumlarına başlaması ilə ölkədə əksəriyyəti cənub bölgələrindən olan 1,9 milyon insan didərgin düşüb.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail ordusunun 2023-cü il oktyabrın 8-dən 27 noyabr tarixinədək həyata keçirdiyi hücumlarda 960-ı qadın və uşaq, 222-si tibb işçisi olmaqla 3 min 823 nəfər ölüb, 15 min 859 nəfər yaralanıb. 
 
Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşması dünən yerli vaxtla saat 04:00-da (Azərbaycan vaxtı ilə 06:00) qüvvəyə minib.
 
Oksana
Seçilən
3
azxeber.com

1Mənbələr