AZ

PREZİDENT KƏRİMİNİ VƏZİFƏSİNDƏN AZAD ETDİ - Yerinə Dadaş-zadə təyin olundu + DOSYE

Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, Siyavuş Kərimi 1954-cü il noyabrın 9-da Bakıda dünyaya gəlib.

 1961–69-cu illərdə Bakıda 159 sayılı tam orta məktəbdə təhsil alıb. 1969–72-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tar sinfini bitirib, ustad musiqiçi Əhsən Dadaşovun tələbəsi olub. 1972–77-ci illərdə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. 1979-cu ildən başlayaraq Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının orkestrində solist musiqiçilərdən biri, "Azkonsert", "Aşıqlar" qrupunun, "Cəngi" estrada-folklor ansamblının, Azərbaycan Televiziyası və Radiosunun estrada-simfonik orkestrinin üzvü, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının Rafiq Babayev adına musiqi studiyasında bədii rəhbər vəzifələrində çalışıb. Bu illərdə birgə çalışdığı Xalq Artisti Rafiq Babayevlə yaxın dost olub və onun musiqisindən təsirlənib.

S. Kərimi çağdaş musiqi tariximizin beynəlxalq miqyaslı bir çox layihələrinin müəllifi kimi tanınır. 1997-ci ildə Azərbaycan-Norveç, 2002-ci ildə Azərbaycan-Cənubi Amerika musiqi layihələri onun rəhbərliyi altında uğurla gerçəkləşib. S. Kərimi "Sarı gəlin", "Sonuncu döyüş", "Əlvida, cənub şəhəri", "Girov" və s. geniş ekranlı bədii, 9 seriyalı "Heydər Əliyev" televiziya filmlərinin, 2 animasiya filminin və 10 teatr tamaşasının musiqi müəllifidir. 2003-cü ildə Akedemik Milli Dram Teatrının səhnəsində qoyulan "Hamlet" tamaşasına yazdığı musiqiyə görə "Qızıl Dərviş" mükafatına layiq görülüb. S. Kərimi "Saz məktəbi" dərsliyinin həmmüəllifi, iki cilddən ibarət "Azərbaycan xalq mahnıları" məcmuəsinin tərtibçisidir.

Siyavuş Kərimi 2014-cü ildə musiqi təhsili sahəsində səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə, 31 dekabr 2020-ci ildə isə Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.

2024-cü ilin noyabr ayında Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.[

27 noyabr 2024-cü ildə Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.

 

Kamilə Hüseyn qızı Dadaş-zadə

Qeyd edək ki, Kamilə Dadaş-zadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Musiqi Tarixi və Nəzəriyyəsi Kafedrasının müdiri olub.

K.Dadaş-zadə 2000-ci ildə “Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair” mövzusunda dissertasiya müdafiə edib. 40-a yaxın elmi məqalələrin, monoqrafiyanın, o cümlədən, “Dastanın işarə sistemi” monoqrafiyası, “Musiqi tarixi” dərsliyinin, çoxlu sayda proqram və metodiki tövsiyələrin müəllifidir.

O, 2003-cü ildə Avropa İncəsənət Universitetləri Liqası tərəfindən İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq müsabiqədə “Xalq musiqisinin tədqiqi və tədrisində müasir elmi nəzəriyyələrin tətbiqi” adlı məruzə ilə çıxış edıb. Amerika etnomusiqişünası, YUNESKO-nun xalq musiqisi üzrə eksperti Stiven Blumun Universitetə dəvət olunması da K.Dadaş-zadənin təşəbbüsü ilə həyata keçirilib.

O, həmçinin Avropa Şurasının STAGE layihəsi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Azərbaycan mədəniyyət siyasəti” məruzəsinin ekspertlərindən və məcmuənin müəlliflərindən biridir. Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

 

Seçilən
18
hurriyyet.az

1Mənbələr