AZ

Dubayda dünyanın ilk üzən “ağıllı” polis məntəqəsi açılacaq

Dubay Polis Departamenti dünyada və Yaxın Şərqdə ilk üzən “ağıllı” polis məntəqəsinin (SPS) 2026-cı ilin sonuna qədər istifadəyə veriləcəyini açıqlayıb.

FED.az xəbər verir ki, 2 milyard AED dəyərində olan layihənin təqdimatını BƏƏ-nin vitse-prezidenti və Baş naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Maktum edib. Bu təşəbbüs asayişi və təhlükəsizliyi gücləndirmək, xüsusi polis təlimlərinə sərmayə qoymaq məqsədini daşıyır. Dubay Polis Departamentinin nümayəndəsi Faysal Al Tamimi üzən SPS-nin yaxta və qayıq sahiblərinin ehtiyaclarına cavab verən dizaynla dənizdə dünyasəviyyəli, qabaqcıl xidmətlər təklif etmək məqsədilə 2026-cı ilin sonuna qədər hazır olacağını bildirib. Onun sözlərinə görə, bu, cəmiyyətin xoşbəxtliyini, həmçinin “Dubay - dünyanın ən ağıllı və xoşbəxt şəhəri" təşəbbüsü ilə uyğun gələn polis xidmətlərinə sürətli və asan çıxışı təmin edəcək.

SPS cinayət və yol hərəkəti haqqında hesabatların verilməsi də daxil olmaqla 27 əsas xidmət və altı dildə mövcud olan 33 əlavə xidmətdən ibarət paket təqdim edəcək. Xidmətlərə itirilmiş əşyaların qaytarılması, sertifikatlar və icazələr üçün sorğuların idarə edilməsi daxildir. Polis əməkdaşı əlavə edib ki, SPS sutka ərzində insan müdaxiləsi olmadan işləyəcək. Məntəqə, həmçinin ənənəvi xidmət mərkəzlərində ziyarətçilərin sayını azaldacaq, prosesləri və əməliyyatları təkmilləşdirmək üçün süni intellekt (AI) və robot texnikasından istifadə edəcək. Polkovnik Al Tamimi bildirib ki, üzən SPS müasir dizaynlı qayıqların və yaxtaların xüsusiyyətlərini nəzərə alacaq, gəliş, minmə və enmə prosesini daha da asanlaşdıracaq.

Dubay Polis Departamenti bildirib ki, bu tip “ağıllı” polis məntəqələri hər yerdə icma üzvlərinə yüksəksəviyyəli və tam avtomatlaşdırılmış xidmətlər təqdim etmək məqsədi ilə yaradılacaq. Bununla yanaşı, quru ərazilərdə - hava limanları və vağzallarda da polis məntəqələri süni intellektin ən son nailiyyətlərini tətbiq etməklə fəaliyyət göstərəcək. (Azərtac)

Seçilən
27
3
fed.az

4Mənbələr