Bir neçə gün əvvəl paytaxtın Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsində kişi iş yerində pomidor-yumurta yedikdən sonra ölüb.
Bu barədə Ölkə.Az-a ölən şəxsin yaxınları məlumat verib.
Belə ki, 48 yaşlı T.K-nin (şərti ad) yemək yedikdən sonra halı qəfil pisləşib.
Reanimasiyaya yerləşdirilən şəxsin beyninə qan sızdığı məlum olub.
T.K bir gün sonra xəstəxanada vəfat edib.
Məlum olduğu kimi, pomidor təzyiqi olan xəstələrə tövsiyə olunan qidalar arasındadır. Yüksək təzyiqi olanların yumurta yeməsində də bir problem yoxdur.
Lakin mütəxəssislər bildirir ki, yağlı və duzlu yeməklər təzyiqi qaldıra bilər.
Məsələ ilə bağlı Ölkə.Az-a danışan tibb üzrə ekspert, professor Adil Qeybulla deyib ki, qansızmalar bir çox hallarda yüksək təzyiq nəticəsində baş verir.
“Belə anlaşılır ki, həmin situasiyada təxirəsalınmaz vəziyyət yaranıb. Bu da çox güman ki, arterial təzyiqin qalxması ilə bağlı olur. Çünki beyinə qansızmalar fonunda çox vaxt insultun, infarktın əsasında bu yüksək qan təzyiqi dayanır.
Xəstələrin bəziləri əhəmiyyət vermirlər, dərman atmırlar. Yalnız təzyiq onu narahat etdikdə endirmək üçün dərmanlar atırlar. Bütün bunların hamısı bu cür fəsadlara gətirib çıxarır. Mən düşünürəm ki bunun səbəbi daha çox həyat tərzinə bağlıdır. Əlbəttə, ölən şəxs autopsi (meyityarma) olunmalı, ölüm səbəbi dəqiqləşdirilməlidir. Bir də görürsünüz ki, xəstə yüksək xolesterini olur, siqaret çəkir və s. Bütün bunlar yüksək təzyiqi şərtləndirir. Bəzən də görürsən ki, yağlı yeməklərdən sonra da təzyiq bir az da yüksəlir və kritik vəziyyət yaranır.
Ölüm səbəbi otopsi ilə müəyyənləşdirilsə, daha dəqiq söz demək olar".
Billurə Yunus