Gələn ilin əvvəllərində Azərbaycan-Albaniya Parlamentlərarası İşçi Qrupunun Albaniyaya səfəri gözlənilir.
Bunu Modern.az-a açıqlamasında İşçi Qrupunun sədri Elman Nəsirov bildirib.
“Dekabr ayının əvvəlində Albaniyanın ölkəmizə təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri ilə işçi qrupunun rəhbəri kimi görüşüm olacaq. Bizim qarşılıqlı səfərlərimiz olub. İstisna deyil ki, gələn ilin əvvəllərində də işçi qrupunun Albaniyaya səfəri baş tutsun. Cənab Prezident İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun parlament müstəvisində inkişaf etdirilməsi Azərbaycanın əsas hədəfidir. Xüsusilə də, parlamentin sədri hörmətli Sahibə xanım Qafarova parlament diplomatiyasının keyfiyyətcə yeni mərhələyə daxil olmasında çox ciddi səylər göstərir. Nəticələr də göz qabağındadır. Azərbaycanın parlament diplomatiyası sözün həqiqi mənasında özünün yeni inkişaf mərhələsini yaşayır. Bu, cənab Prezidentin xarici siyasi kursunun uğurlarını tamamlayır",-parlamentari deyib.