AZ

Azərbaycanda problemli kreditlər niyə artır? - AÇIQLAMA

Azərbaycanda problemli kreditlərin məbləği 9 % artıb. Bununla bağlı Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Qeyd olunur ki, bu il noyabrın 1-nə vaxtı keçmiş kreditlərin məbləği 479,8 milyon manat, mumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib.

Bəs görəsən, problemli kreditlərin artmasının qarşısını necə almaq olar?

Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirov fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, problemli kreditlərin həcminin artması daha çox istehlak kreditləri ilə bağlıdır:

"2015-ci illə müqayisədə son iki il ərzində problemli kreditlərin həcmində kifayət qədər azalma qeydə alınıb. Bu istiqamətdə aparılan ciddi tənzimlənmə və nəzarət mexanizmlər sayəsində effektiv nəticə əldə olunub. Təəssüf ki, son dövrlər problemli kreditlərin həcmində yenidən artım müşahidə olunur. İstehlak kreditlərinin həcminin biznes və ipoteka kreditləri ilə müqayisədə kəskin artması problemli kreditlərin həcminin də artmasına səbəb olub".

E.Əmirovun fikrincə, dünya praktikasında problemli kreditlərin qarşısını almaq üçün konkret bir mexanizm tətbiq olunmur. Sadəcə olaraq, istehlak kreditlərinin verilməsi şərtləri yenidən müzakirə mövzusu olmalıdır.

Eldəniz Əmirov: İstehlak kreditlərinin verilməsi şərtlərinə yenidən baxılmalıdır

Müsahibimiz qeyd edib ki, mövcud problemli kreditlərin həcminin artmaması üçün istehlak kreditlərinin verilməsi şərtlərinə yenidən baxılmalıdır. Ekspert hesab edir ki, istehlak kreditlərinin şərtlərinin bir qədər sərtləşdirilməsinə ehtiyac var:

“Çünki əksər vətəndaşlar götürdükləri istehlak kreditlərinin ödənməməsi fonunda yarana biləcək riskləri nəzərə almırlar. Nəticədə bu tip kreditlər sonradan problemli kreditlərə çevrilir. Ona görə də müraciətçilərin ödəmək imkanları ciddi təhlil edilməli və daha doğru qərarlar verilməlidir".

Gülşən Şərif

Seçilən
16
bakivaxti.az

1Mənbələr