Dünyanın tanınmış avtomobil istehsalçılarından olan “Nissan” şirkətinin vəziyyəti getdikcə ağırlaşır.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, dilerlər avtomobilləri zərərlə satırlar, istehsal azalır və şirkətin gəliri sıfıra yaxınlaşır.
Gəlirin azalması səbəbindən şirkət bu yaxınlarda minlərlə işçisini işdən çıxarıb və “Mitsubishi”dəki payının üçdə birini satıb. Lakin bu tədbirlər də fayda vermədiyindən şirkətin vəziyyəti ağırlaşır.
Hətta analitiklər proqnozlaşdırır ki, şirkət əsaslı dönüş yarada bilməsə, “Nissan”ın gələcəyi qaranlıq olacaq. “Financial Times”a müsahibə verən və adını açıqlamayan “Nissan”ın iki meneceri şirkətin "sağ qalmaq” üçün 12-14 ay vaxtının qaldığını bildirib. Onlar həm Yaponiya, həm də ABŞ-dən vəsait əldə etməyin zəruriliyini vurğulayaraq, qarşılaşdıqları çətinliklərdən danışıblar.
Məlumata görə, “Nissan” fransız avtomobil istehsalçısı “Renault”dakı payının bir hissəsini əvəz etmək üçün böyük banklardan yeni uzunmüddətli kredit cəlb etmək istəyir. “Nissan” həmçinin uzun müddətdir rəqibi olan “Honda”nın səhmlərin əksəriyyətini ələ keçirməsi ehtimalını istisna etməyib və qeyd edib ki, bütün seçimlər müzakirə mərhələsindədir.
ABŞ və Yaponiyada zəif satışlar səbəbindən “Nissan” bu yaxınlarda 9000-dən çox iş yerini ixtisar edib və istehsalı təxminən 20% azalıb. Şirkətin əməliyyat mənfəəti üçüncü rübdə 85% azalaraq 60,1 milyon dollar xalis zərərlə nəticələnib. “Nissan” yenidən strukturlaşdırma səyləri çərçivəsində iş yerlərinin və istehsalın azaldılması hesabına 3 milyard dollar qənaət etməyi gözləyir.
Vasif