AZ

"Azərbaycanın sosial siyasəti: Həssas qruplara qayğı və gələcək perspektivlər" - Cəsarət Hüseynzadə

"Hədəf" verilişinin son buraxılışında 2025-ci il üçün dövlət büdcəsinin prioritetləri və sosial siyasət məsələləri geniş müzakirə olundu. Verilişdə iştirak edən  “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə büdcə siyasətindəki dəyişikliklərə dair öz fikirlərini və bəzi deputatların populist çıxışları ilə bağlı  tənqidlərini bildirib.

 

Sosial siyasətin nəticələri və gələcək perspektivlər

Cəsarət Hüseynzadə çıxışında Azərbaycanın sosial siyasətində əldə olunan uğurları və gələcək hədəfləri ətraflı təhlil edib. O, bildirib ki, son beş ildə dörd genişmiqyaslı sosial islahat paketi həyata keçirilib və 2025-ci ilin yanvarında beşinci sosial paketin təqdim olunması gözlənilir. Bu tədbirlər, xüsusilə həssas qrupların rifahını artırmaq məqsədini daşıyır. 

Hüseynzadə qeyd edib ki, maliyyə artımı müəyyən dərəcədə inflyasiya ilə əlaqədar olsa da, sosial paketlər yeni artımları ehtiva edir. Pensiyalar, minimum əməkhaqqı və müavinətlərin artımı ilə bağlı əhalinin həssas qrupları üçün əlavə dəstək tədbirləri planlaşdırılır. Onun sözlərinə görə, beynəlxalq təcrübədə sosial ödənişlərin artımı adətən 10-20 faiz arasında dəyişir. Lakin Azərbaycanda bu artımlar iki-üç dəfə yüksək göstəricilərlə müşahidə olunur ki, bu da dövlətin həssas qruplara xüsusi qayğı göstərdiyini bir daha təsdiq edir.

Postmüharibə dövründə həssas qruplara dəstək

Hüseynzadə, xüsusilə postmüharibə dövründə həyata keçirilən sosial dəstək tədbirlərinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, 2018-ci ildən başlayaraq 15 minə yaxın şəhid ailəsi və müharibə iştirakçısı mənzillə təmin edilib. Bu mənzillərin yarısından çoxu məhz son dörd ildə postmüharibə dövründə verilib. Hüseynzadə vurğulayıb ki, bu siyasət davamlı olacaq və ehtiyacı olan bütün ailələr mənzil təminatı ilə əhatə olunacaq.

Dövlət siyasətinin əsas prinsipləri

Cəsarət Hüseynzadə Prezident İlham Əliyevin sosial siyasətinin əsas prinsipini bir daha diqqətə çatdırıb: "Azərbaycan sosial siyasətində vətəndaşın rifahı prioritetdir." O, xüsusilə şəhid ailələri, müharibə iştirakçıları və digər həssas qruplara yönəlik proqramların dövlətin bu istiqamətdə apardığı siyasətin effektivliyini göstərdiyini bildirib. 

Rəqəmlərin arxasında dayanan yük və planlar

Hüseynzadə qeyd edib ki, bu rəqəmlər yalnız maliyyə və dövlət xidmətlərinin deyil, həm də dövlətin sosial öhdəliklərinin göstəricisidir. O vurğulayıb ki, bu proseslər həm davamlı, həm də planlı şəkildə həyata keçirilir. Dövlətin məqsədi bütün ehtiyacı olan ailələri son nəfərinə qədər dəstəkləməkdir.

QHT.az həmin çıxışı təqdim edir

 

Seçilən
11
qht.az

1Mənbələr