AZ

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş olub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK könüllüləri ilə görüş keçirilib.

Konfederasiya sədri Sahib Məmmədov dövlətimizin gənclər siyasətindən söz açaraq vurğulayıb ki, gənc nəslə daim qayğı ilə yanaşan Ümummilli Liderimiz Heydər Əliyev onların hərtərəfli inkişafı, bacarıqlarının reallaşdırılması, gənclər siyasətinin institutlaşdırılması, həmçinin sosial və iqtisadi problemlərinin həlli istiqamətdə tarixi addımlar atıb.

Gənclərin potensialının dəyərləndirilməsi, vətənpərvər və savadlı kadr kimi formalaşması, onların ictimai-siyasi həyatda rolunun artırılması sahəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işləri vurğulayan Konfederasiya sədri Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun sağlam və bilikli gənclərin yetişməsi üçün həyata keçirdiyi proqramlardan danışıb.

Bildirilib ki, könüllü fəaliyyət, digərlərinə yardımçı olmaq, ümumi işə töhfə vermək Azərbaycan gənclərinin nəcibliyinin göstəricisidir. Eləcə də könüllülük gənclərin fərdi inkişafına və sosial məsuliyyət hissinin yüksəlməsinə kömək edir. Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlərdə könüllülərin iştirakının ölkəmizdə könüllük hərəkatının inkişafına təkan verdiyini deyən Sahib Məmmədov dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı sərəncamla 2020-ci ilin “Könüllülər İli” elan edilməsinin bu sahəyə göstərilən diqqət və qayğının nümunəsi olduğunu qeyd edib.

Vurğulanıb ki, COP29-a qatılan könüllülər, o cümlədən AHİK könüllüləri də vəzifələrinin öhdəsindən layiqincə gəldilər, nümunəvi davranışları, yüksək mədəniyyətləri və işgüzarlıqları ilə diqqət çəkdilər.

Görüşdə həmçinin diqqətə çatdırılıb ki, “AHİK Könüllüləri” proqramı onların təcrübə qazanmalarında və sosiallaşmalarında əhəmiyyətli rol oynayır və gələcək karyeralarında dəstək olacaqdır.

Tədbirdə çıxış edən könüllülər təhsil aldıqları AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyasında təhsilin keyfiyyəti, onların hərtərəfli yetişmələri üçün görülən işlərdən söz açıblar. Könüllülər iştirakçısı olduqları “AHİK Könüllüləri” proqramı çərçivəsində keçdikləri təcrübə, qatıldıqları tədbirlər, o cümlədən COP29-a gələn xarici qonaqların yerləşməsi və iş şəraitinin təmin olunması istiqamətində könüllülük fəaliyyəti barədə danışıblar. Qeyd edilib ki, həmkarlar ittifaqları sistemində könüllülük fəaliyyəti bu təsisatın funksiyalarını, iş prinsipini, əmək hüquqlarının qorunması istiqamətində görülən işləri öyrənməyə, eləcə də gənclərin fərdi inkişafına, komandada işləmək bacarığının formalaşmasına şərait yaradır.

Konfederasiya sədri Sahib Məmmədov gənclərə azərbaycançılıq, dövlətçilik prinsipləri əsasında, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda yetişmələrini, dövlətimizin onların hərtərəfli inkişafı, potensiallarının üzə çıxarılması, ictimai-siyasi həyatda rollarının artırılması üçün yaratdığı imkanlardan faydalanmağı tövsiyə edib.

Tədbirin yekununda könüllü gənclərə sertifikatlar və hədiyyələr təqdim olunub.

Seçilən
6
16
veteninfo.az

10Mənbələr