Hələ ötən ay Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan bildirmişdi ki, yaxın gələcəkdə Azərbaycan və Ermənistan bir və ya iki qalan bənd üzrə razılığa gələ biləcəklər və tam razılaşdırılmış sülh müqaviləsinə malik olacaqlar. Göründüyü kimi Ermənistan hakimiyyəti bir yandan sülhdən danışır, digər yandan isə Fransa və digər havadarlarının təhriki ilə sürətlə silahlanır. Ölkədə yenidən revanşizm əhval-ruhiyyəsi baş qaldırır, yeni müharibəyə hazırlıq gedir. Burada baş nazir Paşinyanın “danılmaz” rolunu vurğulamaq yerinə düşər. Paşinyanın Ermənistanda reytinqi getdikcə aşağı düşür və bunun qarşısını almaq üçün onun yeniliyə ehtiyacı var. Ermənistan hakimiyyəti bu yeniliyi hərbi əməliyyatlarda və Azərbaycan üzərində kiçik də olsa, qələbə qazanmaqda görür.
Digər tərəfdən Ermənistanın arxasında duran Fransa, həmçinin Avropa İttifaqı aydın görür ki, Ukrayna cəbhəsində istədiklərinə nail ola bilmirlər, Rusiyanın diqqətini başqa səmtə yönəltmək və onun sərhədlərinə yaxın yeni münaqişə ocağı yaratmaqla qüvvəsini bölməyə çalışırlar.
Paşinyan hakimiyyəti gözəl anlayır ki, Ermənistanın yeni müharibə avantürası Qərbin növbəti planıdır. Burada onun maraqları Qərbin maraqları ilə üst-üstə düşür. Əks halda Ermənistan ABŞ-dən, Fransadan, Hindistandan və Yunanıstandan silah, raket komplekslərinin alışını sürətləndirməzdi. Avropa İttifaqının müşahidə missiyasının sərhəddə Azərbaycan ordusu ilə bağlı kəşfiyyat məlumatlarını toplayaraq Ermənistana ötürməsi də diqqətdən yayınmır.
Qərbin təhriki və dəstəyi ilə Ermənistanın silahlanması Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, kövrək sülh prosesinin pozulmasına və yeni müharibənin başlanmasına aparır.
Politoloq Tofiq Abbasov Musavat.com-a açıqlamasında bildirib ki, Paşinyanın və onun ölkəsinin sülhdən yayınması ilk növbədə bu, onlara kənardan verilmiş bir tapşırıqdır. Qərb Paşinyan hakimiyyətinin zəifliyindən istifadə edərək, istənilən layihəni Ermənistan üzərindən həyata keçirməyə hazırdır.
“Qərb Azərbaycandan əllərini üzüb. Bilir ki, ölkəmiz onların heç bir oyununa gəlməyəcək. Buna görə də onlar regiona Ermənistan üzərindən daxil olmaq istəyirlər. Qərbin Ukrayna siyasəti tamamı ilə iflasa uğradı. Braziliyada baş tutan G20 və “Böyük yeddilər” (G7) qrupunun görüşündə bəlli oldu ki, Qərb söz müharibəsində pərgarlıq göstərir, əməli fəaliyyətə gəldikdə isə diplomatiyası heç bir nəticə əldə edə bilmir. İki ilə yaxındır ki, Rusiyanı küncə sıxışdırmaq istəyir, ancaq bacarmır. Sizə bir faktı da açıqlayım ki, Putinin Qərb cəmiyyətində reytinqi xeyli artıb. Qərbin orta statistik seçicisi anlayır ki, qlobal cənubda oyunbazlıq edirlər, başqa xalqlara təzyiqlər göstərirlər. Rusiya isə belə əməllərin fonunda seçicilərin gözündə bəraət qazanır. Çünki görürlər ki, 50 dövlət birləşib Ukraynaya kömək edir ki, Rusiyanın potensialını tükətsin. Qərb çoxsaylı standartların tərəfdarı rolunda çıxış edir. Belə olan halda cəmiyyət başa düşür ki, bu ölkələr təzyiq göstərirsə, Rusiyada əks-təzyiq göstərəcək. Qərb tək Rusiyanı yox, həm də Azərbaycana təzyiq göstərmək istəyir. Bununla da bölgədə vəziyyəti gərginləşdirmək istəyir. Cənubi Qafqazda müharibənin meydana gəlməsi Qərbin planının bir hissəsidir. Bununla da bölgəyə öz kontingentlərini yerləşdirmək istəyirlər.
Avropa İttifaqının müşahidə missiyası sərhədə elə-belə gəlməyib. Orada keçmiş jandarmlar, hərbçilər, kəşfiyyatçılar var. Bunun arxasınca isə Qərbin hərbçilərini sərhəddə yerləşdirmək istəyirlər. Hərbi kontingenti ilə İrana, Rusiyaya, hətta Türkiyəyə təzyiq göstərməyi planlayır. Türkiyənin NATO və ABŞ ilə bəzi məsələlərdə çox ciddi anlaşılmazlıqları var. Onların bir çox istəklərinə rəsmi Ankara “bəli”, “xeyr” demir, əksinə öz bildiyini edir.
Polşa Prezidenti Anjey Duda Arazdəyəndə Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının heyəti ilə görüşür, şəkillər çəkdirir, müxtəlif pozalar verir. Bu özü-özlüyündə Azərbaycana qarşı edilmiş bir təxribatdır. Azərbaycanın XİN rəhbəri də buna sərt reaksiya verdi. Polşa güclü ölkədir. Avropa İttifaqının şərq bölümündə aparıcı subyektlərdən biridir. Rusiya ilə bağlı qarşıdurması var və Ukrayna bağlı özünün gözləntiləri var. Qərbi Ukraynanın ərazilərini ələ keçirmək istəyir. Onun çox aqressiv planları var. Bu aqressiyanı bizim bölgəyə transfer etmək istəyirlər. Rəsmi Varşava Bakı ilə təhrikçi mövqeyə keçib. Biz isə bunu nəzərə alırıq, müəyyən məsələlərə təsirini göstərəcək. Bir sözlə, bu qurumlar sözün əsil mənasında Ermənistanı palanlayırlar. Ermənistan unu gözəl anlayır, lakin başqa çıxış yolu yoxdur”.
Şahanə Rəhimli
Musavat.com