AZ

Qadınlar təbii doğuşdan qaçır, qeysəriyyə əməliyyatı tələb edirlər - ARAŞDIRMA

Həkim ananın və uşağın vəziyyətini dəyərləndirir, hər ikisi üçün ən yaxşı variant hansıdırsa, o seçilir. Amma ən yaxşısı təbii doğuşdur...”

EDnews xəbər verir ki, bunu APA-ya cərrah, mama-gineokoloq Suqra Məmmədova deyib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə ümumi doğuş sayı 139 423, 2020-ci ildə 124 836, 2021-ci ildə 110 740, 2022-ci ildə 121 011, 2023-cü ildə isə 111 751 olub. Eyni dövrün müvafiq 5 ilində hər yüz doğuşa düşən qeysəriyyə əməliyyatlarının sayı isə 2019-cu ildə 37.8, 2020-ci ildə 40.0, 2021-ci ildə 42.2, 2022-ci ildə 44.0, 2023-cü ildə 59.6 olub.

Statistika da göstərir ki, son beş il ərzində qeysəriyyə əməliyyatlarının sayı artan xətti üzrə davam edib. Həkimlərin təbii doğuşa üstünlük verilməsi ilə bağlı çağırışlarına baxmayaraq, qeysəriyyə əməliyyatlarının sayında artım tempi diqqət çəkir. Bunun yalnız zərurətdən deyil, fərqli səbəblərə görə seçilməsi, üstünlükləri ilə yanaşı, ana və uşaq sağlamlığına mənfi təsirləri müzakirə predmeti olaraq qalır.

Suqra Məmmədovanın sözlərinə görə, dölün ana bətnindən hansı yolla çıxmasının bir önəmi yoxdur, əsas məsələ uşağın ana bətnindən sağ-salamat doğulmasıdır: “Doğuş kanalı anatomik olaraq elə yaradılıb ki, uşaq bu kanalla yavaş-yavaş irəliləyir, burularaq oradan çıxanda başın sümükləri kanala toxunur. Bu zaman uşaq hiss edir ki, yol gedir, yeni bir dünyaya çıxır. Yəni təbii doğuş zamanı o buna yavaş-yavaş hazırlaşır. Eyni zamanda, sıxılmaya görə onun ağciyərləri də yaxşı açılır, ağciyərlərdəki maye boşalır”.

Qeysəriyyə əməliyyatının seçilməsinə toxunan həkim deyir ki, bunun üçün birbaşa göstəriş sayılan bir sıra səbəblər var:

“Bunlar cift gəlişi, qanama, ciftin vaxtından əvvəl tam və ya hissəvi ayrılması, dölün köndələn vəziyyəti, sağrı gəlişi və s. Həmçinin ananın bəzi somatik xəstəlikləri, ürək qüsurları, yüksək təzyiq, şəkərli diabet kimi hallar da birbaşa qeysəriyyə əməliyyatına göstərişdir. Eyni zamanda, nisbi göstəriş hesab edilən bəzi hallar da var. Məsələn, üçüncü, ikinci dərəcəli dar çanaq problemi, uşağın çəkisinin artıq olması və s. Bir neçə nisbi göstəriş cəm halda varsa, bu zaman yenə də qeysəriyyə əməliyyatı seçilir”.

Seçilən
17
ednews.net

1Mənbələr