AZ

Regionlarda qazlaşdırma prosesinin zəif olmasının SƏBƏBİ - "Bu sahəyə investisiya ayrılarsa..."

Milli Məclisin plenar iclasında deputatların səsləndirdiyi fikirlərin əksəriyyəti rayonların qaz problemi ilə əlaqədardır. Onlar bildiriblər ki, Cəlilabad, Saatlı, Zaqatala, Qusar və bir sıra rayonlarda sakinlər təbii qazdan istifadə edə bilmir. Hətta bəzən bir kəndə qaz çəkilir, qonşu kənd isə qazsız qalır. 

Bəs regionlarda qazlaşdırma prosesinin zəif olmasının səbəbi nədir?

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Redaktor.az-a açıqlamasında bildirib ki, "Azəriqaz" İB regionların qazlaşdırılması prosesini öz resursları hesabına həyata keçirir:

"Artıq 2021-ci ildən qazlaşdırma üçün dövlət büdcəsindən vəsait ayrılmır. Qazlaşdırma prosesi konkret olaraq "Azəriqaz"ın öz daxili imkanları hesabına həyata keçirilir. Buna görə də mərhələlik prinsipi ilə icra olunur. Birliyin maliyyə imkanlarından asılı olaraq sözügedən kəndlərin qazlaşdırılmasına növbəti mərhələlərdə baxılacaq. Ümumilikdə Azərbaycanda qazlaşdırma səviyyəsi 96 faizin üzərindədir".

 

Mətbuat katibi həmçinin Cəlilabadda 118 kənddən 63-də qaz olmadığı probleminə də aydınlıq gətirib ki, Cəlilabadda müəyyən kəndlər ev sayının azlığına, coğrafi şəraitin çətinliyinə və mənbədən çox uzaq olduqlarına görə bu proses üçün səmərəsiz hesab olunur. 

Bəs rayonların qazla təmin olunması istiqamətində dövlət hansı işləri görməlidir? 

Məsələ ilə bağlı millət vəkili Azər Badamov Redaktor.az-a danışıb. O bildirib ki, qaz tikintisi işlərinin "Azəriqaz" İB-nin öz daxili imkanları hesabına həyata keçirməsi işlərin yavaş aparılmasına gətirib çıxarır:

"Milli Məclidə 2025-ci ilin müzakirələri zamanı deputatlar yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı məsələni gündəmə gətirdilər.. Biz məsələni qaldırdıq ki, dövlət büdcəsi hesabına bu sahəyə investisiya ayrılarsa, ölkədə qaz tikintisi işləri sürətlənər və seçicilərimizi narahat edən bu problem də birdəfəlik kökündən həll olunar".

Azər

Deputat qeyd edib ki, son illər regionlarımızın sosial iqtisadi inkişafı ilə bağlı icra olunmuş 4 Dövlət Proqramı sayəsində kompleks işlər görülüb, böyük sosial infrastruktur layihələri icra olunub:

"Biz qürurla qeyd edərək deyə bilirik ki, respublikanın elə bir yaşayış məntəqəsi yoxdur ki, ölkəmizdə həyata keçirilən inkişaf proqramlarından kənarda qalsın və hər hansı bir iş görülməsin. Yollar, məktəblər, tibb müəsələri və s. yenidən qurulub və bu proses davam etməkdədir. Qısa bir zaman kəsiyində dövlət başçımızın rəhbərliyi altında yeni bir Azərbaycan tikilmişdir. Təbii ki, bu işlərə dövlət büdcəsindən 100 milyardlarla manat vəsait sərf olunmuşdur.

Qazlaşdırma ilə bağlı da çoxlu işlər görülüb. Amma bu məsələ sürətlənərsə, insanların bu müstəvidəki narahatlığına son qoyulmuş olar. Hesab edirəm ki, qarşıdan gələn ildə qazlaşma ilə bağlı da mühüm addımlar atılacaq və bu gün qaldırdığımız kəndlərin qazlaşması məsələsi öz həllini tapacaq".

Sevinc İBRAHİMZADƏ

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "regionların sosial-iqtisadi inkişafının təşviqi" mövzusunda dərc olunub.

2
Seçilən
6
redaktor.az

1Mənbələr