AZ

"ABŞ İsrailə 680 milyon dollar məbləğində silah tədarük edəcək" - "Financial Times"

 
"Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinə bundan sonra da dönmədən dəstək verəcək..."
 
İsrail ilə "Hizbullah" arasında atəşkəslə bağlı saziş əldə ediləndən sonra ABŞ İsrailə silah tədarükünə "sakit embarqo"nu ləğv edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, prezident Co Bayden artıq ilkin olaraq yəhudi dövlətinə 680 milyon dollar məbləğində müxtəlif silah satışını təsdiqləyib.
 
Bu tədarük ABŞ-ın bu ilin avqustunda İsrailə 20 milyard dollar məbləğində iri silah yardım paketinin təsdiq etməsi nəticəsində mümkün olub. Bu paketə o cümlədən qırıcılar da daxil edilib.
 
ABŞ Dövlət Departamentinin nümayəndəsi bu tədarükü təsdiq etməkdən imtina edib, lakin vurğulayıb ki, ABŞ İsrailin təhlükəsizliyinə bundan sonra da dönmədən dəstək verəcək. Bu zaman o, mülki əhalinin müdafiə edilməsinin zəruriliyini qeyd edib.
 
İsrailə silah tədarükü barədə məlumat İsrail ilə "Hizbullah" arasında atəşkəs sazişinin qüvvəyə minməsindən bir sutkadan az müddətdən sonra üzə çıxıb.
 
Bundan öncə ABŞ qeyri-rəsmi şəkildə İsrailə xəbərdarlıq edib ki, döyüş əməliyyatlarının davam etdiyi Qəzza bölgəsində insan haqlarına riayət edilməməsi bundan sonra da İsrailə silah tədarükünü təhlükə altına qoyacaq.
 
Amerikalı məmurlar atəşkəslə silah sövdələşməsi arasında əlaqəni inkar edir. Lakin sazişə əlavə edilən məktubda İsrailə ABŞ tərəfindən dəstək şərtləşdirilir. İsrail baş naziri Binyamin Netanyahu atəşkəs sazişinin səbəblərindən birinin silah ehtiyatı yaratmağın zəruri olduğunu deyib.
 
"Silah və döyüş sursatları tədarükündə lənğimələr olduğu sirr deyil. Bu lənğimlər tezliklə aradan qaldırılacaq. Biz əsgərlərimizin təhlükəsizliyini təmin edən və missiyamızın icra edilməsi üçün gücümüzü artıran müasir silahlar əldə edəcəyik", - o, deyib.
 
Sövdələşmə çərçivəsində İsrail hərbi avadanlıq, hərbi texnika üçün əvvəllər embarqo səbəbindən mümkün olmayan mühüm ehtiyat hissələri, artilleriya mərmiləri, tanklar və idarəedilən bombalar əldə edəcək.
 
Həmçinin marşrutların təmizlənməsi və düşmənin istehkam qurğularının dağıdılması üçün onlarla D9 mühəndis maşınlarının tədarükü planlaşdırılıb.
 
"Reuters" agentliyinin məlumatına görə, yardım paketi bir neçə ay ərzində işlənib hazırlanıb və ilk dəfə olaraq sentyabr ayında Konqresə təqdim edilib.
 
İsrail və Amerika mənbələri "sakit embarqo"nun götürülməsi və yeni silah tədarükünün Bayden administrasiyasının İsrail ilə bağlı siyasətində xeyli dəyişiklik demək olduğunu vurğulayıb.
Seçilən
26
moderator.az

1Mənbələr