AZ

Avropa Parlamenti Gürcüstan əleyhinə növbəti qətnamə qəbul etdi

Avropa Parlamentində (AP) Gürcüstana qarşı növbəti qətnamə qəbul edilib.

Teleqraf.com xəbər verir ki, AP-nin 444 deputatı sənədi dəstəkləyib, 72-si əleyhinə səs verib, 82-si isə bitərəf qalıb.

Qətnamədə Avropa Komissiyasına Gürcüstanla vizasız rejimə yenidən baxmaq, Avropa İttifaqının (Aİ) Gürcüstanla bağlı siyasətini hərtərəfli nəzərdən keçirmək çağırışları edilib.

AP Aİ-ni Gürcüstan hökuməti və parlamenti ilə rəsmi əlaqələri kəskin şəkildə məhdudlaşdırmağa çağırıb, Macarıstanın Baş naziri Viktor Orbanın parlament seçkilərindən sonra Gürcüstana səfərini bir daha pisləyib.

Sənəddə həmçinin Rusiyanın Gürcüstandakı demokratik proseslərə sistematik müdaxiləsi qəti şəkildə pislənilib, sabiq prezident Mixeil Saakaşvilinin dərhal azadlığa buraxılması ilə bağlı təkrar çağırış edilib.

Qətnamədə hakim komandanın liderləri — Bidzina İvanişvili, İrakli Kobaxidze, Kaxa Kaladze, Şalva Papuaşvili, İrakli Qaribaşviliyə fərdi sanksiyaların tətbiqi də tələb olunub.

AP hesab edir ki, oktyabrın 26-da Gürcüstanda keçirilmiş parlament seçkilərinin nəticələri beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməməli və bir il ərzində təkrar seçkilər keçirilməlidir.
Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze AP-nin ölkə əleyhinə qəbul etdiyi bütün qətnamələri dəyərsiz kağız parçası adlandırıb.


Müəllif: Cəmilə Babayeva
Seçilən
17
teleqraf.com

1Mənbələr